Məzmuna keç

Araxna

Vikimənbə saytından
Araxna
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Dünya xalqlarının mifləri və əfsanələri. Bakı, 2004

Araxna öz sənəti ilə bütün Lidiyada şöhrət qazanmışdı. Tmola yamaclarından və Pantola sahillərindən tez-tez pərilər yığışıb gəlir, onun işinin tamaşasına dururdular. Araxna saplardan dumana oxşar, hava kimi şəffaf parça toxudu. Toxuculuq işində işıqlı dünyada tayı-bərabərinin olmadığından fəxr edirdi.

Günlərin bir günü Araxna səsləndi:

- Mənimlə yarışmağa qoy Afina - Palladanın özü gəlsin! Məni yenə bilməz, onunla yarışmaqdan qorxmuram.

Budu, Afina çallaşmış, donqar, əsasına söykənən qarı cildində gəlib Araxnanın qarşısında dayandı və dedi:

- Araxna, qocalıq özüylə təkcə yamanlığı aparmır, illər həm də təcrübəni aparır. Məsləhətimə qulaq as: peşənlə ancaq adamları ötməyə çalış. İlahəni yarışa çağırma. Dikbaşlığına görə, acizanə şəkildə ondan üzr istə. İlahə dua eləyənlərin günahından keçir.

Araxna nazik ipliyi əlindən saldı, gözləri qeyzlə parladı və qorxub çəkinmədən cavab verdi:

- Sənin dərrakən yoxdu, qarı. Qocalıq səni ağıldan məhrum eləyib. Belə öyüd-nəsihəti gəlinlərinə və qızlarına ver, mənimlə işin olmasın. Mən özüm-özümə məsləhət verməyi bacararam. Afina niyə gəlmir, niyə mənimlə yarışmaq istəmir?

İlahə həqiqi görkəmini alıb:

- Mən burdayam, Araxna! - dedi.

Pərilər və lidiyalı arvad lar Zevsin sevimli qızının qarşısında baş əydilər və şəninə təriflər yağdırdılar. Təkcə Araxna dinmirdi. Şəfəq - Eros işıldayan qanadlarında səmaya çıxan vaxt ala-toranlıqda üfüq al-qırmızı işıqla yanan kimi, Afinanın sifəti də kindən qıpqırmızı qızardı. Araxna dediyindən dönmürdü, Afina ilə yarışmaq istəyirdi. Hiss eləmirdi ki, onu ölüm gözləyir.

Yarış başladı. Afina örtüyündə əzəmətli Afina akropolunu toxudu və Attika üzərində ağalığı uğrunda Poseydonla apardığı mübahisənin təsvirini çəkdi. Onların mübahisəsini, atası Zevs də daxil olmaqla, on iki tanrı yoluna qoyurdu. Poseydon üçdişli silahını qaldırdı, qayaya zərbə vurdu və qısır qayadan duz bulağının ağzı açıldı. Dəbilqə geyinmiş, qalxanını əlinə almış Afina nizəsini yellədi və torpağın dərinliklərinə sancdı. Nizəsini sancdığı yerdə müqəddəs zeytun ağacı bitdi. Tanrılar Attikaya payını daha qiymətli sayaraq qələbəni Afinaya verdilər. İlahə örtüyün bir küncündə tanrıların dikbaş adamları cəzalandırmasını təsvir eləmişdi, dörd bir tərəfə isə zeytun ağacının yarpaqlarından hörülmüş çələng toxumuşdu. Araxna isə örtüyündə tanrıların həyatından səhnə çəkmişdi, bu səhnədə tanrılar zəifdilər, insani ehtirasların əsiriydilər. Səhnənin dörd bir yanina isə sarmaşıqdan toxunmuş gül çələngi toxumuşdu. Araxnanın işi kamil iş idi, gözəlliyinə görə Afinanın işindən geri qalmırdı, amma onun işində tanrılara hörmətsizlik, hətta nifrət görünürdü. Afina cin atına mindi, Araxnanın işini cırdı və onu məkiklə vurdu. Bədbəxt Araxna bu biabırçılığa dözmədi, kəndir eşdi, ilgək düzəldib özünü asdı. Afina isə Araxnanı ilgəkdən azad edib dedi:

- Yaşa, dikbaş. Amma sən əbədi olaraq asılı qalacaqsan və toxumaqla məşğul olacaqsan, sənin nəslin də bu cəzaya məruz qalacaq.

Afina sehrli otun şirəsini Araxnanın üstünə çilədi, həmin andaca onun bədəni balacalaşdı, sıx saçları başından töküldü və hörümçəyə çevrildi. O vaxtdan hörümçəK - Araxna torundan asılı qalıb və torunu hörməklə məşğuldu.