Arazbasar ətrafında

Vikimənbə saytından
Arazbasar ətrafında
Müəllif: Aşıq Valeh
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Bir gün sənət səfərinə çıxan Aşıq Valeh Arazbasara gedir kəndə yaxınlaşanda, bir təzə gəlin ilə, bir həddi- buluğun az ötmüş qız arx kənarında dayanıbmışlar.
Valeh bunlara yaxınlaşanda qız deyir: – Ay aşıq bizə bir söz oxu xoşumuza gəlsin. Valeh onlara diqqətlə baxır. Alır atüstü görək nə deyir:
OLUM

Ay ana bu bir cüt sonanın,
Hansına qurban mən olum?!
Süzgün baxıb, can alanın
Hansına qurban mən olum ?!

Könül bağladım bir ada,
Dərd tapdım həddən ziyada,
Hər ikisi mələkzada,
Hansına qurban mən olum?!

Cüt baxışlı, nazlı xanım,
Xoş avazlı mehribanım.
Valeh deyər, var bir canım,
Hansına qurban mən olum?!

Söz tamama yetir, qız deyir: – Ay aşıq, sən bizi bir-birimizdən ayırmadın. De görək, bizim hansımız qəşəngik?
Alır Valeh bu sözləri deyir:

VAR

Bir qız ilən bir gəlinin bəhsi var,
Gəlin deyər - bu gün meydan məndədi.
Qız da deyər - açılamamış qönçəyəm,
Fəsli-bahar, bağı-reyhan məndədi.

Gəlin deyər - ördəyim var, qazım var,
Şirin-şirin söhbətim var, sazım var,
Sallananda min qız qədər nazım var
Həya, iman, ədəb, ərkan məndədi.

Qız deyər- mən oxşamışam anama,
Ləlü - mərcan düzülübdür tanama,
Əl vursalar, tağdan qopar şamama,
Əl dəyməmiş tağı-bostan məndədi.

Gəlin deyər - gəl, qız düşmə araya,
Gər mən ölsəm, aləm batar qaraya,
Bəzənərəm, sallam səni bəlaya,
Şövq salan camalü – can məndədi.

Valeh deyər- ikinizə mən qurban,
Yolunuzda mən qoymuşam başla -can,
Eyləmyin bu qəribi bağrı qan,
Sizdən ötrü çeşmi-giryan məndədi.