Arzular
Görünüş
Arzular Müəllif: Hacı Əliş ağa |
Şairin "Arzular" şeiri Qarabağ xatirələrindən doğulmuşdur. Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010. |
Qarabağ mahalı çox abad olsun,
Çarbudaq çinarı könlüm arzular.
Heç qəmgin olmasın, daim şad olsun,
Mənə qəmküsarı könlüm arzular.
Heç çıxmaz yadımdan yolun nişanı,
Bəzirgan, Ağdivan, bir də Kolanı.
Marağanın düzü tək dağdağanı,
Getdiyim yolları könlüm arzular.
Tanımazdım nə sultanı, nə xanı,
Dolandım bir aya cümlə-cahanı.
Tutub əldə qızıl quşu, tərlanı,
Etdiyim ovları könlüm arzular.
Adıgözəl bəy Qarabağın sərdarı,
Azad ağa camaatın rəhbəri.
Ağdamı, Bərdəni, bir də Tərtəri,
Gəzdiyim yerləri könlüm arzular.
Yandırdı canımı yarın fərağı,
Könüldən çıxmayır heç ixtiyarı.
Kabinet, ispalnı, həm zal otağı,
O zal otaqları könlüm arzular.