Ata, şanım-şöhrətim

Vikimənbə saytından
Ata, şanım-şöhrətim! (1994)
Müəllif: RAUF CAVAD

Ata, şanım-şöhrətim!
Varlığı, var-dövlətim!

Xəlq edib məni Atam,
Həyatı verib Anam!
Məni yaradıb varam,
Bu gün-sabah, mən yoxam!
Atam-Anam, sərvətim!

Ata, uca Vüqarım,
Sözü möhkəm İlqarım!
Yeganə Əliyarım,
O, arxa-dayaq, yarım!
Ata, taqət-qüdrətim!

Ata, tarix-kitabım,
Şan-şöhrəti, xitabım!
Ata, sual-cavabım,
Din-imanı, savabım!
O, səcdə, itaətim!

Damarda axan qanım,
Atam, Anamdır canım!
Uşaqlıqdan Heyranım,
Raufdur şah Zamanım!
O, qiblə ibadətim!