Atasından şikayət

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Atasından şikayət
Müəllif: Xaqani Şirvani


Çox ağırdır xasiyyəti mənim nəccar atamın,
Onu xalis yanar oddan yaratmış pərvərdigar.

Sanki ekiz doğulmuşdur Nəmrudun Azərilə,
Ona təlim verən usta olmuş Yusifi-nəccar.

Təbiəti: kərkisi tək, mahir olmuş yonmaqda,
Xasiyyəti, mişarı tək, yaman kəsib doğrayar.

Hər gün fələk sitəmindən o eyləyir şikayət,
Gecə Zühəl ulduzuyla səhərədək çarpışar.

Mərrix əgər olsa idi sakin birinci göydə,
Dərhal ona əl uzadıb, vurardı iki mismar.

Ağırlaşıb qocalıbdır, qıçlarını tutub yel
Başı isə dazlaşaraq, huşu pərsəng aparar.

Köhnəlmişdir lıkka kimi dərisində vücudu,
Əti sanki bədənində əprimişdir aşikar.

Nə üzündə səfası var, nə başında sevdası,
Hamımızın üzərində ağır bir yükə oxşar.

Yazıq anam mənbər kimi qısılmışdır bir küncə,
Minarə tək baş qaldırıb atam edir iftixar.

Zəmanənin mən ki belə ən layiqli oğluyam,
Osa mənim hünərimi özü üçün bilir ar.

Deyir: kaş ki, bu Xaqani bir toxucu olaydı,
Olmayaydı söz mülkündə belə qabil sənətkar.

Nə etməli, atam odur bir oğulam ona mən,
Ağ olmaram, o nə qədər eyləyərsə məni zar.

Axır mənə çörək verib bəsləmişdir birtəhər,
Böyük allah, qoru onu, bəlalardan çək kənar.