Atlar dayandı
Dəllək Müəllif: Cəlil Məmmədquluzadə |
Şəhər dağın təpəsində qurulubdur. Evdə oturanda hər yana göz gəzdirib görürsən ki, dağ, daş, dərələr və çaylar--hamısı səndən aşağıdadır.
Dağların hərəsi bir rəng çalır; çünki bunların eləsi var ki, meşələrlə örtülübdür. Amma dağların əksəri lütdürlər və bu lütlüyün hüsnü meşəli dağlardan da artıqdır; bunun səbəbi budur ki, dağların hərəsi,--xah uzaqdan baxanda, xah yavıqdan baxanda,--növ-növ rəng çalır. Ələlxüsus gün dağlara düşəndə, günün şəfəqi dağların gah bu tərəfini şölələndirib o tərəfinə qara kölgə salır, gah da əksinə.
Axşam vaxtları Xansaray şəhərinin məğrib tərəfi behiştin bir guşəsini yada salır. Yevropanın Şveytsariyasını görənlər, buranı Şveytsariyaya oxşadırlar. Türkiyənin Qəmər göy yaylağını görənlər, buranı oraya oxşadırlar. Üfa şəhərinin Cin yaylaqlarını görənlər Xansarayın zöhr[1] vaxtı məğrib tərəf mənzərəsini oraya oxşadırlar. Mən də Qafqaz yolunun landşaft görünüşlərini görən bir allah bəndəsi bunu cürətlə deyirəm ki, Xansaray şəhərinin şam vaxtı məğrif tərəf seyrəngahı o qədər ki, insana ürək şadlığı verir,--az bir qeyri yerlərdə bu səadət ələ düşə bilər.
Yay zamanı, günortadan iki-üç saat keçəndən sonra gün batan səmtində açılmış "Çanaqqala" çayxanasının sağ və sol tərəfi seyr edən cavanlarla dolmağa başlayır. Bir az bundan aşağı şose yolunun ətrafı camaatla dolu olur. Bunlar yol ilə ötüb gedən arabalara, atlılara, fayton və avtomobillərə tamaşa edirlər.
Şose yolunun dolayları ən uzaqdan görsənir. Budur, dağın dalından bir fayton gəlir. Ancaq on dəqiqədən sonra haman fayton yavıqlaşıb bizim qabağımızdan keçəcәk.
Budur, uzaqdan bir avtomobil görsənir; gah dolayın döngələrində gizlənib yox olur, gah döngədən çıxıb yavıqlaşır.
Odur, atlılar dəstə-dəstə, ya tək-tək uzaqdan görsənirlər. Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəfə çapırlar; bunlar hamısı cövlan edirlər.
Amma axşam vaxtları Xansaray şəhərinin girəcәyində, "Çanaqqala" çayxanasının qabağında, görkəmli və tamaşa etməli bir şey varsa, o da aşağıdan--yuxarı şəhərə varid olan avtomobillərin, faytonların və yaxud atlıların tamaşasıdır.
Bax, bir avtomobil gəlir. Görək bu qabağımızdan necə baş yuxarı qalxacaq. Buğ və maşın icad edənin anası ölsün! Bir dəqiqədə fırıldadı və pufladı, qalxdı getdi….
Budur, aşağıdan bir neçə atlı çapa-çapa gəlir. Gərək bunların atları necə çapacaq və görək yorulub duranı olacaq, ya xeyr, çapıb keçəcәklər.
Axşam vaxtları şəhərin "Çanaqqala" adlanan səmtində yolun ətrafı, sağ və sol tərəfi əhali ilə dolu olur. Kişilər, övrətlər, uşaqlar. Və ələlxüsus övrətlər: çarşaflı övrətlər, çardaqlı övrətlər, üzüörtülü övrətlər, üzüaçıq övrətlər…. Cahıllar, ortabab, balaca qızlar, məktəb qızları və məktəb oğlanları qarışqa kimi qaynaşırlar. Buraya cəm olmaqdan məqsəd--aşağıdan başyuxarı gələn atlılar, fayton və avtomobillərə tamaşa etməkdir.
Budur, aşağıdan üçüncü dolayıdan başyuxarı iki atlı çapışır. Görək bunların hansı qabaqlayacaq? Aha! Ya allah, ya allah!… Hı, ay qoçaq kəhər at, hı!… Maşallah, maşallah!… Ədə, qoyma!… Aha! Yox, balam, qara at kəhər atı qabaqladı.
Urra! Urra! Hay-küy, qışqırıq, üşkürük, qırrrr….
Budur, iki fayton gəlir; ikisi də zınqırovlu. Bunlar axırıncı dolayını qalxandan sonra atlarını qunutladılar və o qədər yazıq heyvanların sağrısına çırpdılar ki, atlar dördayaq çapıb aradan çıxdılar və çanlarını qurtardılar; yoxsa əhyana, əgər bunların biri dayanıb dursaydı, daha oğul-uşağın və nəinki tək bircə oğul-uşağın, bəlkə yekə kişilərin və hətta arvad-uşağın, şuşalıların qabağında, onların fışqırıq və üşkürəklərinin və "ğır-ğır"larının qabağında neçə batman tər axıdacaq idilər.
Doktor Qəbzibəylə birlikdə, Xansaray yaylaqlarında mən də çox vaxtlar keçirmişəm. Bir neçə il bundan qabaq hətta onunla İlmatan dağlarına da getdik və oralarda doktorla qəribə yerlər gəzdik, qəribə sulara, növ-növ mədən sularına rast gəldik.
Amma çox vaxtlar Xansaray şəhərinin özündə qalmışıq və qaldıqda da həmişə qəsdən qonşu olmuşuq və bu qonşuluqdan mən ki, həmişə məmnun olmuşam; doktor da, zənn edirəm, narazı qalmamış olsun gərək.
Əvvələn, doktor özü çox gözəl müsahibdir. Çalan, cağıran, oynayıb-gülən, qonaq sevən və dostluqda xeyli sədaqətli. İkinci də budur ki, doktorluqda özü mahir bir həkimdir və evimizin içində nə qədər ki, azarlı ittifaq düşübdür. Qəbzibəyin dövlətindən, həkimə və dərmana xərcimiz çıxmayıbdır və azar da dəf olub gedibdir.
Və lakin axır vaxtlarda, demək olar ki, Qəbzibəyin məişətində bir böyük dəyişiklik üz verdi. Onu istəyirəm deyəm ki, bir neçə ildir ki, həkim daha yay zamanı Xansaraya gəlmir. Bir neçə ildir ki, aşağıda, aranda, yay zamanı çox isti olan "Qaraqırt" qəsəbəsində qalıb oranın isti havasına və mığmığ milçəyinə tab gətirə-gətirə Xansaray kimi gözəl bir yaylağa getmək istəmir.
Bir neçə dəfədir Xansaraya köçüb gedəndən sonra mən Qəbzibəyə xüsusi təkliflər göndərmişəm, bir neçə dəfə görüşüb əhvalpürsan olmuşam, təkid eləmişəm, yalvarıb yaxarmışam və hər dəfə ondan qəti narazılıq cavabını almışam.
Tәәccüb burasındadır ki, hələ Xansarayda doktor Qəbzibəyin öz məxsusi evi də var. Burada onun qohum əqrəbası var. Hər yay fəsli,--ki doktor burada olur,--onun yanına gələn azarlılardan onun yaylaq xərci artıqlığınca hasil olur. Demək, burada bir qənaət söhbəti də ola bilməz. Hələ demək olar ki, yay zamanı aranda, Qaraqırt qəsəbəsində həkimin bazarı o qədər də işləmir; səbəb budur ki, bütün camaat,--ki çoxları maldardır,--baş alıb yaylaqlara köçüb gedirlər.
Demək, aşağıda qalmaqla həkim Qəbzibəy özünü bütün işsizliyə də düçar qılırdı.
- * * * *
Bir neçə il bu minvalla keçdi. Doktor Qəbzibəy yay zamanı Xansaray yaylağına gəlməməkdə elə bir inad göstərdi ki, hətta onun öz yavıq qohum-əqrəbası da bu işə məəttəl qalmışdılar.
Keçən yay fəslinin qabağı mənim yolum Xansaraya düşən zaman, bir gecə Qaraqırt qəsəbəsində həkim Qəbzibəygildə qaldım və həkim Qəbzibəyə qonaq oldum.
Bu gecə burada mənim üçün xoş keçdi və buna da iki şey səbəb oldu. Biri bu idi ki, həkim bu gecə mənə ehtiram qoymaq babətindən, — necə ki, dəbdir,--beş on nəfər öz dost və aşnalarından qonaq çağırdı. Bunların içində öz yeznəsi Aslan bəy, məşhur tarzən də var idi. Həkim özü yaxşıca avazla oxuyurdu. Qardaşı Rza bəy kamança çalırdı. Beləliklə, şam yeyib qurtarınca bir də saata baxdıq ki, az qalır sübh işıqlana.
Amma, qeyrilərini demirəm, hər bir şeydən əfzəl burada mənə ruhani bir ləzzət verən həkim Qəbzibəyin bu məclisin şirin yerində bizim xahişimizə görə Xansaraya getməməyinin səbəbini nağıl eləməyi oldu.
Vaqeən hər bir şey öz qaydası ilə: yaxşıca yeyib içmək, çolpaplov, yanında hər bir xuruşu, yaxşıca Qarakənd şərabı, Qarakəndin birinciliyi qazanmış ağ konyakı, meyvəcət, bunlardan sonra musiqi və xanəndənin ruhu şadlıq gətirən və nisanı göylərə qalxızan nəğmələri.
Və lakin bunlar hamısı öz yerində hərçənd bu neməti də hər dəfə və hər gecə və hər yerdə tapmaq olmaz, amma genə tapmaq olar, hərdən bir də olmuş-olsa tapmaq olar. Amma, doğrusu, həkim Qəbzibəyin Xansaraya getməyi tövbə eləməyin rəvayətini bir də tapmaq olmaz; xüsusən ki, bu rəvayət həkimin öz dilindən eşidilmiş ola.
Əvvəl mən, sonra qonaqlar məclisin şirin yerində bənd olduq:
"Həkim, mən ölüm, doğrusunu de görüm səbəb nə oldu ki, bu bir neçə ilin müddətilə bir dəfə də Xansaray yaylağına getməyib bu qoxumuş və mirçəkli aranda qalırsan?"
Əvvəl həkim söyləmək istəmirdi; amma olmadı. O qədər ki, mən yalvardım və qonaqlar yalvardılar, yavaş-yavaş yumşaldı və qavalı yerə qoyub özünə yarım stəkan konyak və qonaqlara dolu stəkan şərab töküb başladı. Həkim Qəbzibəyin rəvayəti:
"Siz hamınız bilirsiniz və görürsünüz ki, mən atı çox xoşlayanam; amma minik atından da artıq qoşqu atını mən xeyli dost tuturam. Demək, atı yəhərin altında yox, qoşquda görməyi dəxi də artıq xoşlayıram. İndi, bax, bu saat mənim, doğrudur, bir dənə yaxşı minik atım var ki, onu çoxları arzu edərdi hər gün minib seyrə çıxsın, amma mən onu həftələr və bəlkə aylarla unuduram. Çünki meylimi həmişə qoşquya verirəm: təkərli arabaya, faytona, şarabana minmək istəyirəm, hətta avtomobili də yox, bir atlı, ya iki atlı faytonu dost tuturam və bu yolda həmişə artıq xərclər qoyuram. Artıq qazancımı yaxşı qoşqu ata verirəm və həmişə də qiymətli xam atı alıram ki, onu qoşquya öyrədim. Və bu yolda ustalaşmışam da. Atların xasiyyətini gözüm elə alıbdır ki, heç bir bədxasiyyət at fikrimə gətirə bilmərəm ki, onu iki-üç günün içində öyrədib faytona qoşa bilməyim."
Mənim fayton atlarım həmişə tərifli olublar; səbəb budur ki, mən onlara həmişə həqq-səy qoyuram. Atbazlığa həvəsim o dərəcədədir ki, mən həkimliyə, bir bərk azarlının üstünə çağırılanda da atın tumarını gərək yarımçıq qoymayam.
Və siz hamınız eşitmisiniz ki, mənim atlarımın xamut-şileyi həmişə Nijni şəhərindən xüsusi sifarişlə gələr. Və dünyada mənim zövqü səfam oradadır ki, qoşa qəmər atlarımı qoşam şarabanıma, çıxam təkcə oturam və qnutu alam əlimə, atlarımın oynaqlaşmağına, gah mənim işarəmlə yeyinlətməklərinə, gah mənim işarəmlə yavaş getməklərinə, lazım olanda çapmaqlarına və öz vaxtında durmaqlarına həzz aparam. Bu məşğələnin mənim uçün böyük ləzzəti var.
Bəli, ağama ərz olsun ki, haman il ki, o vədədən mən Xansaray şəhərinə getməyi tərgitmişəm, haman ilin yaz fəslinin əvaxirində elə yadımdadır ki, may ayının axırı idi. Həmişəki kimi genə başladıq ev-eşiyi yerbəyer etməyə və Xansaraya köçməyə hazırlaşmağa. Bəradərim Cəmillə məsləhəti bu yerə qoyduq ki, qabaqca o getsin, Xansarayındakı evimizi yığışdırsın, hazır eləsin və sonra mən də uşaqları qoyum öz faytonumuza, aparım; həmi ziyarət, həmi ticarət, həmi Qaraqırt vətənimizin yay zamanı həmişəki isti və mozalanından da üç aylığa özümü və uşaqları xilas edim, həm də mənim üçün bir bəhanə olsun ki, qoşa qəmər atlarımın "vojlarını" alım əlimə və buradan Xansaraya kimi dörd saat yolu sevgili və gözəl heyvanlarımla müsahib olum. Gah vojları azcana tərpədim, onlar qulaqlarını şişləyib qaçmaq istəsinlər, gah "şşşşş" deyim, onlar dursunlar. Gah vojları bir az çəkim, heyvanlar dayansınlar və dayananda da gözlərinin yanı ilə mənə baxsınlar və müntəzir olsunlar ki, nə vaxt genə onları sürəcәyəm. Gah yavaşca "muç" eləyim, genə götürülsünlər və sol voju çəkəndə sola çönsünlər ki, sağdan gələn arabaya yol verim və gah da sağ voju çəkim, sağ tərəfə çəkilsinlər ki, uzaqdan gələn avtomobili sol tərəfə ötürüm.
Xülasə, bir gün oldu ki, bacım Tutunu, onun səkkiz yaşındakı oğlunu da qoydum faytona, kuçerimiz Əsədi mindirdim kozluya və özüm də mindim. Qaraqırtdan günortadan iki saat sonra çıxdıq və şenlikdən bir qədər uzaqlaşandan sonra mən özüm də qalxdım mindim Əsədin yanına və qnutu onun əlindən alıb, başladım yol uzunu atlarla mazaxlaşmağa. Və o qədər mənim üçün həmin müsafirət xoş gəldi ki, öz könlümdə ərəblərə yazığım gəldi ki, binəvaların yol getmək şəraiti gör nə dərəcədə ağır imiş və bəlkə indi də ağırdı ki, bir vaxt onlar deyirmişlər: "Əssəfəri hissətün minəssəqər [2]".
[2] Səfər cəhənnəmin bir hissəsidir.
Gün daha məğrib tərəfə xeyli alçaqlanmışdı ki, başladıq Xansarayının dolaylarına başyuxarı qalxmağa və köhnə qəbristana çatıb, axırıncı döngəni dönən kimi Xansaray şəhərinin gözəl görünüşü qabağımıza açıldı və dolayı yolların sağ və sol tərəfləri qarışqa kimi camaatla dolu görsənirdi. Gördüm ki, camaat axşam vaxtı seyrəngaha çıxıb, yol ilə başı yuxarı qalxanlara tamaşa edirlər.
Bilmirəm niyə ürəyim qırtıldadı.
Mən qəzavü-qədərə o qədər də inanan deyiləm və gələcəkdən də xəbər verənləri yalançı adam hesab edirəm. Bəxtə, taleə" "səbrə", xoş saata və bunun kimi xariqüladə söhbətlərə həmişə şəkk eləmişəm. Amma bilmirəm ki, niyə mən burada Xansarayı şəhərini və oraya cəm olan əhalini uzaqdan görəndə ürəyim qırtıldadı?
Bunu lazımdır demək ki, mən,--necə ki, ərz elədim,--bir tərəfdən xansaraylıyam və hərçənd də orada anadan olmuşam (atam da və anam da ölməyibdir), ancaq ömrümün çoxu orada keçibdir. Və çün Xansaray camaatına mən indi həkimliyimdə həmişə ixlasla qulluq da eləmişəm, onunçun da onlar da mənə həmişə ehtiram göstəriblər və amma bununla bərabər, bilmirəm, niyə dolayıdan dönəndə ürəyim qırtıldadı.
Bəli, ağama ərz olsun ki, aşağı dolayıları qalxdıq və şəhər bir az yavıqlaşdı və bir avtomobil daldan bizə çatıb və bizi addadı və gurultu ilə keçdi və bir dəqiqənin içində qalxdı girdi şəhərə və gözdən itdi. Amma mən burada gördüm ki, oğul-uşaq düşdü avtomobilin dalına və başladı onun dalıyca qaçmağa.
Çanaqqala çayxanasının qabağında Quçur Əsəd vojları əlimdən aldı və mən yendim faytonun içinə. Amma mən genə də Əsədə dedim ki, deyəsən atlar bir az yorulublar: çünki sol tərəfdə qoşduğumuz at bir az xam idi və yorğun nəzərə gəlirdi.
Əsəd burada istədi faytonu yeyinlətsin və sol ata bir qnut da vurdu. Qnut ata dəyən kimi birdən heyvanlar başladılar dördayaq çapmağa. Bu əhval mənim xoşuma gəlmədi: o səbəbə ki, yolun sağ və sol tərəfinə düzülən Xansaray camaatı məni tanıyırlar və elə güman edə bilərdilər ki, həkim Qəbzibəy təşəxxüs satır və özünü və fayton və atlarını xalqa göstərmək istəyir. Bu heyndə də küçə uşaqları "Ura" çəkib, bizim faytonumuzun dalına düşdülər. Və mən bildim ki, bunlar istəyirlər faytonun dalına minələr. Hətta bir neçəsi də sağdan və soldan yanaşıb istədilər ayaq yerinə qalxalar, hələ bir-ikisi qalxdı da. Amma hər bir bədbəxtlik ki, yer üzündə baş verə bilər, onların ən böyüyü mənim üçün o oldu ki, bədbəxt qəmər atların beləcə şirin-şirin çapdığı yerdə xırp dayandılar.
Bu, əlbəttə elə bir əhəmiyyətli iş deyil ki, bundan ya böyük bədbəxtlik, ya böyük xoşbəxtlik üz verə bilə: atdır, dayanar da, sonra genə gedər də. Amma atlarımın həmin dayanmağı ona səbəb oldu ki, bu dörd ilin müddətində mən daha vətənim hesab olunan Xansaray yaylağına keçməyə həsrət qaldım və indi bu saat genə o əqidədəyəm ki, daha yer üzündə mənim üçün Xansaray şəhəri yoxdur.
Ağama ərz olsun ki, atlar dayanan kimi sağdan və soldan camaat bir hay-küy başladı ki, mən lapca məəttəl qaldım. Biri üşkürək atır, biri qah-qah çəkə-çəkə atları lağ eləyir. Hər bir şeydən yamanı bu idi ki, buradakı adamların hamısı axı məni tanıyır! Hələ uzaqdan bunu da eşidirdim ki, saqqallı kişilərin bir para insaflıları uşaqları başladılar haylayıb məzəmmət eləməyə ki, bu bizim həkimimiz Qəbzibəydir, eyibdir bu cənaba bu növ tərk-ədəblik eləmək.
Mən lap pis günə qaldım. Bilmədim kimə acığım tutsun və kimin üstünə hirslənim. Əgər heyvanları günahkar tutum--bunlar nə eləsinlər? Bunların adı elə o səbəbə heyvandır ki, mən kimi onlara məhəbbət göstərən bir xozeyini bu hala salırlar. Əgər uşaqlara hirslənim, uşağın da vəzifəsi elə budur ki, yola çıxıb, ötüb keçənə tamaşa eləsinlər və faytonların dalınca qaçıb dayanan atlara lağ eləsinlər. O ki, saqqallı kişilərdir, daha burada mən nə deyim və nə danışım? O hala ki, mən düşmüşəm, əgər burada bir fotoqraf olub bu halın əksini götürəydi, mənim burada xəcil və məzlum halətdə başaşağı xəcalətdən qan-tər içində olduğumu çəkәydi, Əsədin qnutla yorulduqca atların baş-gözünə çırpmağını çəkәydi, uşaqların bizim üstümüzə hay-küyünü çəkәydi və bunlardan sonra bizim üstümüzə saqqallı kişilərin və hətta çarşaflı arvadların gülüşməsini kağıza götürəydi, o vədə bizim vəhşi vətənimizin belə bir fotoqrafı rəvayətinə ölkəşünaslar artıq qiymət verərdilər.
İndi məni orada tanıyanların uşaqlara "ədə, haramzadalar, bu bizim həkimdir" deməklərini yadıma salanda bu saat bu məclisdə də az qalıram utanıb yerə girəm.
Bir on beş dəqiqə orada avara və sərkərdan dayanandan sonra Əsəd yapışıb atların cilovundan çəkə-çəkə ehmalca aparıb. Sonra mən və uşaqlar piyadaca faytonun dalıyca getmişik haman camaatın içinə!
Burası yamandır ey!…
Qeydlər
[redaktə]- ↑ Günorta