Məzmuna keç

Avşarlar/Giriş

Vikimənbə saytından
Avşarlar. Giriş
Müəllif: Ənvər Çingizoğlu
I fəsil (Oğuzlar)


Azərbaycan xalqının soykökündə iştirak edən başı papaqlı, əli yaraqlı ellərdən biri də Avşardır. Professor Faruq Sümer Oğuzlar kitabında yazır: «Türk tarixində avşarlar, ən davamlı rol oynamış böyük bir oğuz boyudur. Bu baxımdan heç bir oğuz boyu onunla muqayisə edilməz. Bu səbəblə adlarını zamanımıza qədər yaşatmış yeganə oğuz boyudur».

Avşarlar dünyanın bir çox ölkələrinə yayılmışlar. Xüsusilə ən çox Iranda, Türkiyədə, Iraqda, Əfqanistanda, Azərbaycanda məskunlaşmışlar.

Biz avşarların izi ilə ilk səfərimizə Iran Islam Respublikasından başladıq. Məqsəd Iranda avşarlar yaşayan yerlərdə olmaq, onların yaşam tərzi ilə tanışlıqdı. Avşar ziyalıları ilə görüşmək, bu qədim oğuz boyunun nəsillərə yadigar qoyduğu mədəniyyət incilərini görmək, lentə almaqdı. Öz adət-ənənələrini necə qoruyub saxladıqlarını gözümüzlə görmək istəyirdik. Arxivlərə, muzeylərə, kitabxanalara baş çəkib Iranda avşarların yüz illərlə oynadığı rol haqqında tarixi sənədlər əldə etmək könlümüzdən keçirdi.

Biz avşarların izi ilə yola düşməzdən öncə Iran Islam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Idarəsinin müdir müavini Hacı Həmid Səfəri cənabları ilə görüşüb səfər-səyahətimizin məqsədini bildirdik. Hacı Həmid Səfəri bizi alqışlayıb xeyir-duasını verdi. Getdiyimiz yerlərdə mədəniyyət idarələrinin bizə yardım etməsi üçün məktublar təqdim etdi.

Irana yola düşən ərəfədə Bakıda Parsabad şəhərindən olan Avşar oğlu Əli Süleymani-Vəlixanlı ilə görüşdük. O, bizə yol bələdçisi və tərcüməçi kimi Azəri balası Arazı qoşdu. Iran Islam Respublikasının ərazisinə Biləsuvar şəhərindən qədəm qoyduq. Bizi Azərbaycan sərhədçiləri və gömrük işçiləri çox mehribanlıqla qarşılayıb, yola saldılar. Kömrük işçiləri bizi sərin suya və çaya qonaq etdilər. Xoş münasibətə görə həm sərhədçilərə, həm də kömrük işçilərinə təşəkkürümüzü bildirib, sərhədi keçdik.

Iran Islam Respublikasının Biləsuvar şəhərindən birbaşa avtobusla qədim Ərdəbil şəhərinə yola düşdük. (Ərdəbil yörəsində yaşayan avşar kökənli sarıxanbəyliləri, inanlıları tədqiq etməyə yollanırdıq). Yol boyu yerləşən əkin sahələrinə, kəndlərə, sıralanan dağlara baxdıqca doğma yerləmizin eynini gördük. Yol yoldaşlarımızla söhbətləşdikcə hiss etdik ki, heç bizi Araz çayı, siyasi sərhədlər ayırmayıb. Öz doğma yerlərimizdəyik.

Savalan dağının ətəyi ilə uzanan rahat yollarla gedirdik. Sürücü də bizim musiqiçilərin kasetlərını oxudurdu. Avtobusun içərisində o qədər xoş əhval-ruhiyyə var idi ki, Ərdəbil şəhərinə çatdığımızı hiss etmədik. Ərdəbil şəhəri dəniz səviyyəsindən 1570 metr yüksəklikdədir. Azərbaycanın qədim şəhərlərindən biridir.

Ərdəbildə bizi dostumuz yazıçı, tədqiqatçı-toponim Ibad Məmizadə qarşıladı. Gün qüruba tələsirdi. Təklif etdik ki, otelə gedək. Ibad qardaşımız ciddi bir görkəm alaraq dedi: -Əzizlərim, biz azərbaycanlılar əziz qonağımızı oteldə deyil, evdə qəbul edib, evdən də yola salırıq. Mütləq bizə gedəcəyik. O heç bizim etirazımıza baxmadan yol çantalarımızı öz maşınına yığıb, evinə gətirdi. Bir qədər istirahət edənən sonra Ibad Məmizadə bizi Ərdəbilin görməli yerlərindən olan Fındıqlı ormanına aparacağını bildirdi. Toran qovuşanda Fındıqlıya çatdıq. Səfalı, təmiz havaya malik olan Heyran gədiyindən baxanda Azərbaycanın yarıya bölünməsi aydın görünürdü. Meşələrimizin, dağlarımızın gözəl mənzərəsi göz önündə sərgilənirdi. Fındıqlı təpəsindən qaranlıq düşəndən sonra ayrıldıq.

Ibad kişidən başqa, şəhərin ziyalılarından iki nəfər də bizimlə idi. Oradan bizi Savalanın ətəyində yerləşən, beynəlxalq kurort şəhəri, Iranın ən gözəl istirahət guşələrindən biri hesab olunan Səreyn şəhərinə gətirdilər. Şəhərlə tanış olandan sonra oradaca bizi şama qonaq etdilər.

Gecəni Ərdəbilə qayıdıb Ibad Məmizadənin evində qaldıq. Sabahısı Azərbaycan xalqının görkəmli şairi, sərkərdəsi Şah Ismayıl Xətainin və onun əslinin, nəslinin uyuduğu məqbərələri ziyarət etdik. Əski Ərdəbilin məhəllələrini gəzdik. Tarixi abidələrə tamaşa etdik. Kitab mağazalarına baş çəkdik, şəhərin mərkəzi kitabxanasına yollandıq. Ərdəbilin səliqəli, səhmanlı yaşıl xiyabanları, şəfalı suyu, səfalı təbiəti olduğu kimi insanları da mehriban, gülərüzdür. Öyrəndik ki, Ərdəbil xanlığını qurmuş Şahsevən elinin aparıcı oymağı Sarıxanbəylilər avşar əsillidirlər. Bu oymağın tarixi ilə bağlı xeyli bilgilər əldə etdik.


Ərdəbildən sonra dədə dünyanın yaşdaşı, tariximizin yaddaşı olan Təbrizə yola düşdük. Axşama yaxın qocaman Təbrizə çatdıq. 3 gün Təbrizdə qaldıq. Orda görkəmli alimlərlə, yazıçılarla görüşdük. Iş günlərimizin əsas hissəsi isə kitab mağazalarında, kitabxanada, arxivlərdə keçirdi. Xeyli kitab, sənəd, bilgi əldə etmişdik. Professor Rəhim Rəisniya ilə görüş zamanı, bildirdi ki, Məşhəd şəhərində Firdovsi adına univerisitetdə Nadir şah Avşarın nəslindən, Qırxlı tayfasından bir alim işləyir. Soyadı da Qırxlıdır. Imkan olsa, onunla görüşün. Biz Təbrizdə tədqiqatçı-alim Məhəmməd Hafizzadə ilə də görüşdük. Məhəmməd Hafizzadə özünün iki cildlik «Tarixi-Arazbaran», «Qarabağ», «Qaradağ» kitablarını bizə bağışladı.

Maraqlı görüşlərimizdən biri də Azərbaycan tarixinin gözəl bilicisi Səməd Sərdariniya ilə oldu. O, bizə «Qarabağ», «Irəvan müsəlmanlar yurduymuş», «Təbriz ilklər şəhəri» və başqa kitablarını hədiyyə etdi. Təbrizin kitab mağazalarından xeyli kitab aldıq. Dahi Şəhriyarın məqbərəsini ziyarət etdik. Bir neçə gündən sonra Qərbi Azərbaycanın paytaxtı olan Urmiya şəhərinə yola düşdük. Urmiya gölündən gəmi ilə keçərək şəhərə çatdıq. Axşam üstü olmasına baxmayaraq şəhərlə tanışlığa başladıq. Urmiya dəniz səthindən 1342 metr hündürlükdə yerləşir. Müxtəlif adamlarla söhbət zamanı bir daha qət elədik ki, bu şəhərin varlığı, inkişafı Avşar eli ilə bağlıdır. Urmiyada bizim üçün vacib olan məsələlərdən birini həll etdik. Çoxdan axtardığımız avşarların tarixinə dair iki cildli (Avşar tarixi) kitabını əldə etdik.

Urmiya universitetinin professoru Pərviz Aqilmənd ilə söhbət zamanı öyrəndik ki, Urmiyada tikinti-abadlıq işlərinin, kənd təsərrüfatının inkişafı avşarların adı ilə bağlıdır. Professor Aqilmənd əlavə etdi ki, Urmiyada avşarlar 30 min alma bağı salmışlar. Avşarlar tərəfindən tikilmiş Sərdar Məscidində olduq. Maraqlı görüşlərimizin biri Qərbi Azərbaycan muzeyləri idarəsinin rəhbəri Məhəmməd Qurbani ilə oldu. O, bizə xeyli tarixi məlumatlar verdi. Biz şəhərdə öyrənmişdik ki, Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşarın (1784-1797) nəticəsi olan, Əli xan Avşar Xoşnefis adlı yazıçı var. Onda avşar xanlarının şəcərəsi, Məhəmmədqulu xanın tarixinə aid kitab və başqa sənədlər var. Di gəl ki, həmin adam bunları heç kimə vermək istəmir. Məhəmməd Qurbanidən xahiş etdik ki, Əli Xoşnefislə bizi calaşdırsın. Məhəmməd ağa onun evinə nə qədər zəng çaldısa da, o heç kimlə görüşmək istəmədiyini bildirdi. Biz xahiş etdik ona sonuncu dəfə zəng çalıb desin ki, biz Bakıdan gəlmişik. Birimiz də Avşardır. Ağayi Qurbani təkrar zəng vurandan sonra sevinclə bildirdi ki, Əli xan Avşar 10 dəqiqəyə gəlir. 10 dəqiqə keçməmiş uca boylu, düz qamətli, ağ saçlı, ciddi görkəmli yaşlı bir kişi içəri daxil oldu. Içəri girərkən qollarını geniş açaraq «Siz gələn yollara qurban olum!»- deyərək bizimlə qucaqlaşıb, görüşdü və evinə dəvət etdi.


Biz Əli xan Avşarın evində qonaq olduq. O, bizə şəcərəni də verdi, kitablarını da. Görüş və ayrılığımızın təsirini, yaranmış mənzərəni ancaq kameraya çəkməklə daha dəqiq verə bilərdik. Hayıf ki, kamera götürməmişdik. Biz Qərbi Azərbaycanın mərkəzi şəhəri Urmiyada əldə etdiyimiz tarixi materiallara, səmərəli görüşlərə, xas münasibətlərə görə Urmiyanın mədəniyyət idarəsi direktorunun müavini Camal Abbaszadəyə, Professor Pərviz Aqilməndə, tədqiqatçı-şair Əli xan Avşara, ədəbiyyatşünas Firudun Teymuriyə və onun qardaşıoğlu, şair Atabəy Teymuriyə, Urmiya Tarix Muzeyinin direktoru Məhəmməd Qurbaniyə təşəkkürümüzü bildirib, avşarların ən çox cəmləşdiyi bölgələrdən biri Tikaba yola düşdük. Dostumuz Camal Abbaszadə bizi tək buraxmadı.

Tikabda öyrəndik ki, şəhərin əski adı Tikantəpədir. El arasında Avşar çuxuru kimi tanınan bu bölgə coğrafi ədəbiyyatda Tikabi-Əfşar adlanır. Əhalisi əsasən, avşarlardan ibarətdir. Tikabda yaşayan əhalinin əsas məşğuliyyəti toxuculuqdur. Orada biz «Avşar», «Əfşari» xalçalarının toxunması ilə də tanış olduq. Avşar xalçaları bütün Şərq köçərilərinin istehsal etdikləri xalçalar arasında ən kefiyyətlisi və zərifi hesab olunur. Tehranda çıxan «Bərrəsi-ye sənət-e fərş dər Iran» nəşrinin verdiyi bilgiyə görə, Urmiyada istehsal edilən xalça növləri içərisində «Avşar» və yaxud «Əfşari» adlı xalçalar daha gözəl, daha keyfiyyətlidir. «Avşar» xalçalarının alıcısı çox olduğundan sonralar belə xalıların istehsalı Azərbaycanda və Iranda yayılmağa başlanmışdı.

Tikabda ilk görüşdüyümüz şəxs Avşar əsilli şair Əli Islami oldu. Yetmiş iki yaşlı şair bizə bir neçə şeirini təqdim etdi. Şeirlərdən biri yunundan zərif xalçalar toxunan Avşar qoçuna həsr olunmuşdu. Tikabda olarkən öyrəndik ki, bir nəfər Təbriz universitetində «Şahindej avşarları» adlı diplom işi yazıb. Özünün də şəhərdə kitab mağazası var. Soraqlaşıb, tapdıq. Bu təssübkeş Avşar oğlunun adı Əbazər, soyadı Müsavat idi. O, həm mədrəsədə dərs deyirdi, həm kitab satışı ilə məşğul idi. Həm də elmi iş yazırdı.

Əbazər Müsavat bizə Tikantəpə çuxurunda ömür sürən avşarlar tarixinə dair sənədlər verdi. Iki gündən sonra taksi ilə Zəncana yola düşdük. Bizi Zəncana aparan sürücü və maşında bizdən başqa əyləşən daha 2 sərnişin də avşar idi. Söhbət zamanı məlum oldu ki, bizimlə taksinin arxa oturacağında əyləşən gənc oğlanın soyadı Zülfiqaridir. Müəllim olan Zülfüqari Zəncan şəhərinin tarixi haqqında geniş məlumat verdi. Biz onun Avşar Zülfüqariləri ilə bağlılığını soruşduq. Zülfiqar xan Avşarın soyundan olduğunu bildirdi.


Zəncan şəhərində bizi Əmin və Əmir adlı iki nəfər gənc qarşıladı və oteldə yerləşdirdi. Ayrı-ayrı ziyalılarla söhbət zamanı məlum oldu ki, Zəncan (Xəmsə) əyalətinə uzun illər Avşar əsilli xanlar başçılıq ediblər. Zəncana rəhbərlik etmiş Mahmud xan Avşarın dövlət tərəfindən qorunan evində olduq. Zəncanda çox dəyərli, xalqını sevən, vətənpərvər bir ziyalı ilə görüşdük. O bizə Zəncan avşarlarının tarixinə dair qiymətli bir kitab bağışladı.


Iki gündən sonra Xorasana yollanmaq üçün Tehran şəhərinə istiqamət götürdük. Tehrana çatan kimi Xorasana gedən qatara bilet alıb, gecə ikən Məşhədə yola düşdük. Insafən qatar çox rahat, təmiz, xidmət isə yüksək səviyyədə idi. Tehran ilə Məşhədin arası 1000 kilometrə yaxındır. Səhər tezdən Məşhəd şəhərinə çatdıq. Məşhədə getməkdə məqsədimiz Imam Rzanın müqəddəs hərəmini ziyarət etmək, Nadir şah Avşarın muzey və məqbərəsində olmaq, Firdovsi adına Universitetin müəllimi Kəyumərs Qırxlı ilə görüşmək idi. Biz Məşhəddə Imam Rzanı ziyarət etdik. Nadir şah Avşarın bibisioğlu Imamverdi xanın nəticəsi Kəyumərs Qırxlı ilə görüşdük. Doktor Qırxlı Firdovsi adına Universitetdə Səfəviyyə və Avşariyyə dövründən dərs deyir.

Nadir şah Avşarın məqbərəsi ilə tanış olarkən bizə muzeyin direktoru Hacı Əhməd Işraqi bələdçilik etdi. Bizimlə yanaşı muzeydə çoxlu insanlar vardı. Söhbət zamanı bir nəfər Hacı Əhmədə sual verdi: Nadir şah doğurdanmı türk olub? O isə Nadir şah Qırxlı-Avşarın kimliyini aydınlaşdırandan sonra əlavə etdi ki, əgər Nadir şah olmasaydı indiki Iran dövləti olmazdı. Ona eşq olsun! Biz də öz adımızdan Hacı Əhməd Işraqiyə bizə göstərdiyi qonaqpərvərliyə, verdiyi tarixi bilgilərə görə minnətdarlığımızı bildiririk. Səfərdən qayıdanda avşarla bağlı xeyli bilgimiz vardı.


Növbəti səfərimiz Türkiyəyədir. 2007-ci ilin avqust ayının 17-də dünya Avşarlarının Kayseri şəhərində keçiriləcək toplantısında iştirak etmək üçün qardaş ölkəyə yollanırıq. Təyyarəmiz Ankaranın Esenboğa hava limanında bənd alır. Yol çantalarımızı alıb, qapıya yönəlirik. Qapıda bizi qarşılayıb, Ankara Beynəlxalq avtobus terminalına aparırlar. Burda bizi «Inci Turizm»in əməkdaşları qarşılayırlar. Bu turizm şirkətinin sahibi avşardır. Onun tapşırığı ilə bizi şirkətin ofisinə aparıb, dincəlmək üçün yer göstərirlər.


Bizi aparacaq avtobus hələ bir neçə saatdan sonra tərpənəcək. Dincimizi alıb, perrona çıxırıq. Kayseriyə gedəcək sərnişinlər buradadırlar. Bir nəfər ləhcəmizdən Azərbaycanlı olduğumuzu duyub, yaxınlaşıb, tanış olur. Özünü nişan verir: -Doktor Xəlil Atılqan. Musiqişünasam. Dəfələrlə Azərbaycanda, Bakıda olmuşam. Orda çoxlu dostlarım var. Biz də özümüzü təqdim edirik. Kayseriyə gedişimizin səbəbini söyləyirik. Sevinir. O da «Türk tarixində və mədəniyyətində Avşarlar» uluslararası simpoziumun dəvətlisidir. …Gözlənilən saat gəlir. Avtobusa əyləşirik. Yolumuzu gözlə Kayseri, gəlirik. Dost kimi gəlirik, qardaş kimi gəlirik. Bu da Kayseri. Yenə də bizi qarşılayıb, minik maşınları ilə qalacağımız yerə «Öyrətmənlər evi» hotelinə gətirirlər. Bu hotelin işlədicisi də avşardır. Burda sübh yeməyimizi yeyib, simpoziumun keçiriləcəyi yerə, bölgə (il) mədəniyyət müdirliyinin konfrans salonuna yollanırıq. Tanışlıq başlanır. Sanballı əsərlərindən, yazılarından tanıdığımız alimlərlə, adamlarla üzbəsurət oluruq. Gözümüz ən çox Adnan Menderes Kayanı axtarır. Tanışlığımızın binasını qoyan kimi ayrılmaz dostlara çevrilirik. Telefonlaşdığımız Memduh Yağmuru tapıb, bağrımıza basırıq.

Simpozium başlayır. Düzənləmə kurulu, təşkilatçılar adından Adnan Menderes Kaya, Almaniyadan gəlmiş Attila Karabörklü qonaqları salamlayırlar. Ilk oturumun başqanı qocaman alim, professor-doktor Mustafa Kafalıdır. Qaraman avşarlarının ağsaqqallarından olan, ünlü araşdırıcı hərarətli sözlərlə simpoziumu açır. Sonra sözü Türkiyə Tarix Qurumunun başqanı, professor-doktor Yusif Xalaçoğluna verir. Avşar elinin məşhur simalarından sayılan Yusif bəy Azərbaycan elmi ictimaiyyəti arasında yetərincə tanınır. Çıxışının mövzusu: «Son araşdırmalara görə Osmanlı bəlgələrində avşarlar»dır. Bir neçə il Istanbul Başbakanlık Arxivində araşdırıb incələdiyi faktları ortalığa qoyur. Çıxış hərarətlə qarşılanır. Sonra dosent-doktor Tufan Gündüz «Iran səfəviləri və avşarlar» mövzusunda çıxış edir. Yanlış fikirlərinə, çıxışının adına etirazımızı bildiririk. Dosent-doktor Bigəhan Atsız Gögdağ da bizim etirazımızı dəstəkləyir. Sonra özü «Oğuznamə və avşarlar» adlı çıxışla simpozium iştirakçılarının hüsn-rəğbətini qazanır.


Nahardan sonra ikinci oturum başlayır. Bu oturumun başqanı professor-doktor Yusif Xalaçoğludur. Yusif bəy sözü professor-doktor Mustafa Kafalıya verir. Qocaman alim «Türk tarixində avşar boyu» adlı çıxışına başlayır. Dərin tutalqalarla avşar boyunun tarixinə işıq salır. Sonra Azərbaycandan gəlmiş nümayəndə, pedoqoji elmlər namizədi Eldəniz Abbaslıya söz verilir. Eldəniz Abbaslı «Şamlı adı üzərinə» adlı çıxışla Şamlı elinin avşar boyundan qopma olduğunu sübuta çalışır. Sonra biz tribunaya dəvət olunuruq. Müəlliflərin çıxışı «Azərbaycanda avşarların varlığı və onların yayılmasına, yerləşməsinə genel baxış» adlanır. Biz çıxışımızda avşarların yurd yerlərindən biri Qarabağdan söz açırıq. Bu müqəddəs yurdun hələ də napak ayaqlar altında olduğunu söyləyirik. Türkiyənin, türkbirliyinin dəstəyinə umudlandığımızı, qardaş köməyi umduğumuzu bildiririk. Yusif Xalaçoğlu və Mustafa Kafalı bizim çıxışımızla bağlı əlavə nitq söyləyirlər. Qarabağın ortaq yurd olduğunu açıqlayırlar…

Tribunaya dostumuz doktor Xəlil Atılqan dəvət olunur. Onun «Türküləşən Dadaloğlu şeirlərində söz yanlışıqları və qovğun Avşar bozlağı» adlı çıxışı simpoziuma özəl bir rəng qatır. Nəğmə ilə söz bir ağızdan salona yayılır… Qısa bir aradan sonra üçüncü oturum başlanır. Bu oturumun başqanı Azərbaycanlı nümayəndə, dosent-doktor Məzahir Avşardır. Türk dünyasında rəssam kimi tanınmış, sənətşünas Məzahir Avşar qısa, lakin dəyərli bir çıxışdan sonra sözü doktor Əli Sayara verdi. Onun çıxışı «Bəkdiklər və Zülqədəroğulları» adlanırdı. Ardınca digər bir Azərbaycanlı nümayəndə, Türkiyədə doktorantura təhsili alan Qiyas Şükürov «Xuzistan Avşar bəyliyi» mövzusunda çıxış etdi. Onun çıxışı da dinləyicilər tərəfindən maraqla qarşılandı. Məzahir bəy sonra sözü araşdırmaçı-yazar Cəzmi Yurdsevərə verdi. Cəzmi bəy Avşar ellərinin iskan dönəmi ilə bağlı araşdırdığı «Qovğun» yazısını simpozium iştirakçılarına təqdim etdi. Onun ardınca Saim Dəligöz «Türk xalq oyunları içində avşarların yeri» adlı çıxışını dinləyicilərlə paylaşdı.

Genel dəyərləndirmədə çıxışçılara təşəkkürlərini bildirib, vəsiqələr təqdim etdilər. Avqust ayının 19-da Kayserinin Dadaloğlu qəsəbəsində «Dadaloğlu şənlikləri»də iştirak etdik. Bu şənlik ulu avşar-türk ozanının şəninə həsr olunur və ilbəil keçirilir. Bizi də bu şənlikdə əziz qonaq kimi ağırladılar. «Avşar obası» çadırına yerləşib şənliyin dadını çıxardıq. Türkiyədən dönəndə qoyub gəldiyimiz dostlar üçün darıxırdıq. Nədənsə avşar adı gələndə adamın qanı coşur. Özünü avşar hiss edir. Bizcə bunun nədəni ruhumuza hopan avşar qəhrəmanlığıdır. Türk-oğuz ruhunu yaşadan hər kəs avşardır.

Bu kitabda hər kəs özünü tapacaq. Babasını, əcdadını tapacaq. Saflığa, duruluğa, halal-hümbətliyə, qoçaqlığa, qəhrəmanlığa qovuşacaq. Xeyir-bərəkətə, mehr-məhəbbətə uğrayacaq. Biz əlimizə qələm götürərkən məsuliyyət duyduq. Ağır bir el haqqında samballı söz demək istədik. Ürəyimizi, biliyimizi, bilgimizi, bir də vicdanımızı ortalığa qoyduq. Tarixi ədəbiyyatlara, qaynaqlara, mənbələrə, arxiv materiallarına, elin ağır-ağsaqqallarına baş vurduq. Canla-başla girişdiyimiz işdən dönmədik. Çalışdıq ki, Avşar adına layiq bir iş görək. Varını verən utanmaz deyiblər, igidin olanından…

Avşarlar kitabı giriş və 9 fəsildən ibarətdir. Əsasən Azərbaycan və Iranda yaşam sürən avşarlardan bəhs edir. Türkiyədə yaşayan avşarlar haqqında əhatəli araşdırma aparıb növbəti kitabda yazacağıq.