Məzmuna keç

Avamın nöqsan axtarması

Vikimənbə saytından
Avamın nöqsan axtarması
Müəllif: Abbasqulu ağa Bakıxanov


Eşitdinmi, bir kişi öz oğlu ilə bahəm,
Eşşəyinə minərək gedirdi yolu biğəm.
Hər kim onu görürdü, edirdi çoxlu töhmət,
Rişxənd ilə gülurdu, tənəsə binəhayət,
Utanmayır yaşından,--deyirdi--bir buna bax,
Özü minib eşşəyə, piyada gedir uşaq.
Kişi xəcalət çəkib öz-özünə deyindi,
Tez oğluna söylədi: «Min eşşəyə sən indi».
Töhmətlə söylədilər görüncə başqaları:
«Qoca gedir piyada, cavan isə süvari».
Tez atıldı kişi də yenə eşşəyə mindi,
Başqa biri onları belə görüncə dindi:
Dedi--«Bəh, yazıq eşşək necə gətirsin davam,
Zülmdür bir eşşəyə minərsə iki adam».
Hər ikisi düşdülər, piyada yol getdilər.
Yenə görənlər gülüb çox istehza etdilər.
«Nə axmaqdır,--dedilər--bu kişi, bir buna bax,
Eşşək boş qala-qala piyada gedir uşaq».
Kişi gördü qalmamış əldə başqa imkanı,
Buraxdı eşşəyini, təki qurtarsın canı.
Yenə xalq əl çəkmədi, başladılar töhmətə,
Dedilər: «Bir baxınız axmaq bifərasətə.
Bu cür gözəl eşşəyi müftə verirlər bada,
Nə qəribə axmaqlar var imiş bu dünyada».
Qoca nə eylədisə lağ etdilər hey ona,
Axırda təngə gəlib söylədi öz oğluna:
«Bu eşşək əcəb bizi qalmaqala salıbdır,
Töhmətdən qurtarmağa bircə çarə qalıbdır.
Eşşəyin qol-qıçını möhkəmcə bağlayaraq,
Mindirib dalımıza gülə-gülə aparaq.
Gəl mənfəət güdmədən edək bunu imtahan,
Xalqın acı dilindən qurtaraydıq bəlkə can».
Ey Qüdsi, sən ibrət al bu kişidən ayıq ol,
Xalqın tənələrindən qurtarmaqçın sayıq ol.
Onlar, nə etsən, yenə tapacaqlar bəhanə,
Edəcəklər səni bil oxlarına nişanə.
Qulaq assan tənəyə, ya da yersiz mədhə sən,
Elə bil ki, dalına bir eşşək mindirmisən.