Məzmuna keç

Axşamlar (Əhməd Cavad)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Axşamlar (Əhməd Cavad)
Müəllif: Əhməd Cavad

Ölkənizdə varsa sizin bir qərib,
Baxın gözlərində nə var axşamlar!
Qəribin halını Vətəndən əsən
Tanrının yelləri sorar axşamlar!

Qayıq qucağında, dəniz üzündə,
Dalğanın nəğməsi deyil gözündə.
Bir şeylər söyləyir, onun sözündə
Könül bir incəlik duyar axşamlar!

Açmayır dərdini qərib bir kəsə,
Qulaq verib durur hər yanıq səsə;
Vətən müjdəçisi ruzigar isə,
Bəzi günlər olur susar axşamlar!

Bir söz ismarlamış bəlkə yar eli,
Nədən anlaşılmaz quşların dili?
Sanki boğmaq istər göz yaşı seli,
Qəribin gözləri yaşar, axşamlar!

Axşam ona kədər, ona düşüncə,
Toxunmayın, qərib qəlbi pək incə!
Yollarla söyləşir məktub gəlincə,
Onun üçün yollara baxar axşamlar!

Əcəb, yoxmu onun baxçası, bağı,
Güllərə baxmayır, gül solu-sağı;
Sən, eylə gəl, onu sanma bayağı,
Nasıl duymadınmı coşar axşamlar?!

Ey o yanıq qəlbin eli, vətəni,
Varmı səndə onun halın soranı?
Əcəb, sağmı onlar, varmı qalanı?
Varsa söylə, qələm yazar axşamlar!