Axmaqlar

Vikimənbə saytından
Axmaqlar
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir dəfə dovşan ağacın altında oturub həyat haqqında düşünürdü. “Dünyanı vəlvələ, həyəcan bürüyüb, addımbaşı təhlükəyə düçar olursan, – deyə öz-özünə söylənirdi. – Hər şeydən əvvəl, başının üstünü bəla ala bilər; zəlzələ, uçqun və ya fırtına qopa bilər. İkincisi – həmişə ac qalacağından qorxursan, axı yemək və su ehtiyatı qurtara bilər. Bir də ki, axı həmişə oğru ya quldur başının üstünü ala bilər...”

Bura çatanda nəsə bir vacib şey dovşanın yadına düşdü və o qaçdı.

Dovşan bilmədi ki, meşənin üç sakini onun danışığını eşidib bərk qorxuya düşüb. Bunlar: qızquşu, soxulcan, bir də meymun idi. Qızquşu, zəlzələ və fırtına sözündən bərk qorxuya düşüb titrək səslə dedi:

– Birdən mən yatmış olanda göy mənim üstümə uçub tökülsə, neylərəm?! Gündüz olsa, dərd yarıdır! Mən bir təhər uçub qaçaram, yatmış olanda göy uçsa, məni xurd-xəşil eləyər ki?! Soxulcan aclıqdan qorxub:

– Əgər mənim yediyim bitki köklərinin ehtiyatı qurtarsa, mən ölərəm, ölərəm!..

Meymun isə o saat oğru və quldur haqqında düşünüb gözlərinin yaşını axıda-axıda dedi:

– Mən dünyada hər şeydən çox yerin xətrini istəyirəm. Ancaq gecələr mən onu qoyub gedirəm, çünki ağacda yatmağa adət etmişəm. Birdən mən yatan vaxt oğrular, ya quldurlar gəlib yeri oğurlasalar nə olar?!

Qızquşu o vaxtdan bəri balaca ayaqlarını yığıb arxası üstə yatır ki, birdən göy uçsa onu tuta bilsin.

Soxulcan isə yediyini o saat qusur ki, bitki köklərinin ehtiyatı qurtarmasın.

Meymun da hər gecə üç dəfə ağacdan yerə düşür ki, quldurların yeri hələ oğurlamadıqlarını görüb ürəyi sakit olsun.