Axtarma
Axtarma Müəllif: Mirzə Əli Möcüz |
Duanəvisdə kəşfü kəramət axtarma,
Buyur həmamə və lakin nəzafət axtarma!
Onun ki, oxdu həlalü həramdən baki,
O hiyləgərdi, sən onda dəyanət axtarma.
İtin sədaqəti var, qoy yanında gövduşi,
Pişik yalançıdı, onda sədaqət axtarma.
Biri deyə: Oxuma, yazma, getmə mədrəsəyә;
Onun sözündə-bezində ləyaqət axtarma.
Edib xərab tütün tüstüsü onun beynin,
Çubuq çəkən qafalarda fərasət axtarma.
Kağızuvi yaz özün, sirrüvi demə xəlqə,
Oxu səbahü məsa, xabi-rahət axtarma,
Qızıl itər, aparar oğru-əyri, sən ey qız.
Suvay elmü kəmal, ayrı ziynət axtarma,
Araş fəqiri, soruş binəvalərin halın,
Madam tuman, zəri yəl, tirmə çərqət axtarma!
Ərin məzacini tap, qaynananla rəftar et,
Qapı-qapı dolanıb, falçı övrət axtarma.
Ayın onu, on üçü birdi, gör bu gün işüvi,
Sabahə qoyma işün, "yaxşı saət" axtarma.
Anam deyər: Qərə başmaq günahdır. Ey Möcüz,
Hələ bu taifədə elmə rəğbət axtarma.