Ayı və qarışqa

Vikimənbə saytından
Nağıllar. Ayı və qarışqa
Müəllif: Şifahi xalq ədəbiyyatı


Ayı bulaqdan doyunca su içib kənarda oturdu. Donquldanıb dedi:
     -Ay canım, nə yeyim.
     Birdən balaca bir Qarışqa görüb sevindi.
     -Hə, səni yeyəcəyəm.
     Qarışqa qorxdu, tez yarpağın arasında gizləndi. Ayı yarpağı qaldırıb Qarışqanı götürdü.
     Qarışqa soruşdu:
     -Məni neyçün yemək istəyirsən?
   -Səni də, bütün ailəni də yeyəcəyəm. Siz gedib bulaqdan su içirsiniz. Belə getsə, bulağın suyu quruyar, mənə qalmaz. Sizin nəslinizi kəsmək lazımdır.
     Qarışqa yalvardı.
     -Dayan, dayan, gör nə deyirəm? Məni burax, axırıncı dəfə qardaşlarıma su aparım, sonra qayıdaram, yeyərsən.
     Sən gedib qayıdana qədər dözə bilmərəm. Elə indi yeyəcəyəm.
     -Yemə, yemə. Bunun əvəzində sənə dəyərli məsləhət verərəm.
     -Hə, yaxşı de, görək.
     -Bir parasını ye, ikinci parasını qış üçün saxla.
     -Hə, yaxşı məsləhətdir.
     Ayı Qarışqanı ağzına qoyub uddu.
     Qarışqalar çox gözlədilər. Su ardınca gedən Qara Qarışqa qayıtmadı. Balaca cığırla təpəyə qalxıb yola baxdılar.
     -Bəs, bizim qardaşımız niyə gəlib çıxmadı. Bəlkə batıb?
     -Yox? Onu Ayı yeyib, deyə Qarğa Qarışqalara xəbər verdi.
     Bütün qarışqalar Ayının mağarası tərəfə getdilər. Mağaranın ağzında yeri altdan qazmağa başladılar. Köstəbək böyürdən çıxıb dedi:
     -Siz nə edirsiz?
     -Ayı üçün quyu qazırıq.
     -Mən də sizə kömək edərəm. Keçən il iki balamı yeyib, ondan intiqam almaq üçün fürsət axtarırdım.
     Qarışqalar və Köstəbək üç gün, üç gecə yeri qazmağa başladılar. Ayının isə bundan xəbəri yox idi.


     Bir gün Ayı kefi kök, öz mağarasına qayıdırdı. Gecə idi. Ayı ay işığında oynamağa başladı. O qədər atılıb-düşdü ki, quyunun üstündəki torpaq davam gətirməyib dağıldı. Ayı guppultu ilə quyuya düşdü. Qarışqalar Ayıdan belə intiqam aldılar.