Ayın üzü niyə ləkəlidir?
Ayın üzü niyə ləkəlidir? Müəllif: Şifahi xalq ədəbiyyatı |
Ay bir oğlan uşağıymış, şuluq, əlləməyəx. Heş kimin sözünə baxmırmış. Bir gün anası xəmir yoğuranda yanında oynuyub əlinəəyağına dolaşırmış. Nə qədər deyir, burdan get, sözünə baxmır. Axırda ajıqlanır, əli xamırrı-xamırrı buna bir şillə vurur. O vaxtdan da üzü ləkəlidi.
Günəş çox gözəl bir qız imiş. Ay da aləmə nur saçan bir oğlan. Ay Günəşi sevirdi. Günəş Ayın onu sevdiyini bilirdi. Amma ona tərəf heç baxmırdı da. Ay da ki əl çəkmək bilmirdi.
Bir gün Günəş öz obasına gedirdi. Yolda Ay ona çatdı, Günəşi sevdiyini dedi. Günəş onu yaxın qoymadı. Ay Günəşin qolundan tutmaq istədi. İşi belə görən Günəş yerə tərəf əyildi. Yer ona bir ovuc çirkab uzatdı. Günəş çirkabı Ayın üzünə çırpdı. Ay gözlərini yumdu, ömürlük qaranlığa çəkildi. O vaxtdan Ayın üzü ləkəlidi.
Ay – oğlandı, Gün – qız. Ay Günü istəyirmiş. Hər gün onun dalıncax gəzirmiş. Gün nə qədər eliyir, bu əl çəkmir. Bir gün gənə Ay Günün dalıncax düşür. Gün qaçır, Ay da onun dalıncax. Gün baxır Ayın əlindən qurtarmıyajax, əyilir yerdən bir oyuc palçıx götürüf atır onun üzünə. Ay əylənir, Gün çıxır gedir. O vaxtdan da Ayın üzündə ləkələr qalıf.
Deyirlər Ay Günəşin oğludur. O, uşaxlıxda çox dəcəl olub. Bir dəfə Günəş görür ki, təknədə çörək qurtarıb. Tez əl-ayağa düşür, başlayır un qatıb xəmir yoğurmağa. Ay gəlib anasının yanında dəcəllik eləyir. Günəş çox deyir ki, əl çək, qoy işimi görüm. Ay daha da qızışır. Axır-axırda Günəş bərk hirslənir. Xəmirli əli ilə Ayın üzünə bir şillə çəkir. Xəmir izi qalır Ayın üzündə. Ay nə qədər çalışır üzündəki ləkəni yusun, amma bu ləkə heç cür yuyulmur. Ay üzündəki ləkədən çox utanır. Ona görə də dünyaya gecələr çıxır ki, heç kim bu ləkəni onun üzündə görməsin.