Məzmuna keç

Ayə məndədi (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ayə məndədi
Müəllif: Aşıq Ələsgər
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Ahəngər deyiləm, naşı bəzirgan,
Gözüm dürdanədə, a yəməndədi.
Sinəmdədi eşqin şirin çeşməsi,
Ləzzəti meyl edib ay əməndədi.

Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb, kim tərpədər nə simi?!.
Firdovsi, Füzuli, Hafiz, Nəsimi–
Onlar da yazdığı, ayə, məndədi.

Kişi gərək zəhmət çəksin, dər salsın,
Süfrə açsın, ad qazansın, dər salsın.
Dərsi azlar Ələsgərdən dərs alsın,
Altı min altı yüz ayə məndədi.