Məzmuna keç

Ay ötür, gün keçir

Vikimənbə saytından
Ay ötür, gün keçir
Müəllif: Üzeyir Hacıbəyov
Mənbə: Hacıbəyov Ü. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1985. 653 s. səh.312-313


Dövlət duma yaxınlaşır. Camaat da hazırlaşır, hökumət də hazırlaşır. Hökumət hazırlaşır ki, görsün elə bir duma qayıra bilərmi ki, axırda camaatı öz zurnası ilə oynatsın.

Camaat dəxi bu kələyi duyub əlləşir ki, görsün bir elə duma qura bilərmi ki, hökuməti zurnasına oynatsın…. Axırda kim çalıb, kim oynayacaq, onu allah bilir.

Ancaq bir onu demək lazımdır ki, indiyə kimi biz camaat hökumətin cürbəcür zurnasına oynayıb, hamısının ləzzətini görmüşük. İndi allah eləsin, iş elə gətirsin ki, hökumət camaatın zurnasına oynasın, görək onun ləzzəti nə cürdür. Deyilənə görə, o gərək çox dadlı olsun, çünki o zurnada çalınacaqdır: hürriyyət şikəstəsi, ədalət çahargahı və müsanat bayatı-şirazı.


* * *

Mən mərc gəlirəm ki, bu bir-iki ilin ərzində cəmi Rusiyada hürriyyət, ədalət və müsavat sözlərindən çox işlədilən heç bir söz yoxdur. Hər kəs və hər bir firqə bu sözlərə ayrı-ayrı mənalar verir və özgə cürə bəyan edirlər.

O bəyanatın hamısını mən yaxşı bilirəm və oxuculara başağrısı olsa da, burada söyləyәcəyəm. Məsələn, götürək "hürriyyət" sözünü. Bu sözün mənası "hökumət firqəsi"nin istilahınca belədir: Bir adama danışmaq üçün izn vermək, amma ağzını açanda bir şapalaq vurub yumdurmaq. Bir adama bir işi görmək üçün rüsxət vermək, amma o, işə başlayanda vurub başını yarmaq və ya qıçını sındırmaq.

Haman "hürriyyət" sözü "mərdümazar" firqəsinin dilində bu mənadadır: yetənə yetmək, yetməyənə bir daş atmaq. Yenə haman söz "əsl ruslar" firqəsi istilahınca bu məzmundadır: "Əsl ruslar"a azadlıq, sairlərinə yox; sairlərə qulluq, "əsl ruslar"a yox!"

İndi götürək, "müsavat" sözünü. Sair firqələri bilmirəm, amma əsl "nucəba firqəsi" istilahınca bu söz o mənadadır ki, hər kəs anqırıb tayını tapsın!

O ki, qaldı "ədalət" sözünə, onu da haman "Nücəba firqəsi" belə bəyan edir ki, məsələn, dünya əmələ gəlib ağalardan və kədalardan. Ağa — insanın papağı mənziləsindədir, gəda — onun başmağı yerində (necə ki, burada mətləb bir qədər nazikdir, yaxşı mültəfit olun). Başmağı başa geymək, papağı da ayağa geymək başmaqla papağın haqqında bir cürə zülmdür, həmçinin "ağa"nı aşağı başda oturdub, "gəda"nı da yuxarı başda oturtmaq bunların haqqında zülmdür. Amma tərsinə olsa, "ədalətdir".

Erməni "Daşnaksutun" firqəsinin dilində "ədalət" bundan ibarətdir: qonşuya badalaq vurub, özünü irəli soxmaq. (…).

Hökumət firqəsi istilahınca "ədalət" budur: günahlı ya günahsız bir adamı tutmaq və tutub da qazamata salmaq. Bir-iki ildən sonra sud qurub, onların işinə baxmaq. Əgər günah sahibidirsə, bir də təzədən qazamata salmaq, günahı yoxdursa, buraxmaq ki, kişi iş-gücündə avara olmasın (…).