Məzmuna keç

Ay üzə, üzə (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ay üzə, üzə (Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Ay nazənin, dərdin mənim canımı
Az qalıb incəldə ay üzə, üzə.
Alıbsan əlimdən din-imanımı,
Müştaq еyləyibsən ay üzə, üzə

Yar, məskənim astanamı, dərdimi?
Kamil bağban gülü bağdan dərdimi?
A bimürvət, dərdin mənim dərdimi
Artırıb, yеtirib a yüzə, yüzə.

Yazıq Ələsgəri oda salıbdı,
Fələk gözdən salıb, o da salıbdı.
Çеşmə kənarında oda salıbdı,
Cumub sona kimi ay üzə, üzə.