Ay üzə-üzə (qoşma, Aşıq Alı)

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ay üzə-üzə
Müəllif: Aşıq Alı


Qəm məni çulğayıb saldı dəryaya,
Cəhd eylədim çıxam ay üzə-üzə.
Oğrun-oğrun öz oduma yanıram,
Qəza vurub saldı ay üzə-üzə.

Yarananda borclu olub bir cana,
Bənzəmədim nə sultana, nə xana.
Dolandım dünyanı, bildim əfsana,
Bu cavan canımı ay üzə-üzə.

O gün olarmı ki, şad olub gülək,
Sən əydin qəddimi, ay qoca fələk.
Alı, yaradandan sən eylə dilək, -
O, deyər dərdini ay üzə, üzə.