Məzmuna keç

Ay ağa haray

Vikimənbə saytından
Ay ağa haray
Müəllif: Aşıq Alı

Əyildi qamətim, büküldü belim,
Sən yetiş dadıma, ay ağa, haray!
Könül coşdu qanadlanıb uçmağa
Yanıbdı şahpərim ayağa, haray.

Balıq olan suda üzməz lələksiz,
Tərlan olan göydə uçmaz qənətsiz
Aslan olan sözü ötməz köməksiz,
Sən yetiş köməyə, ay ağa, haray.

Çağırram qulunu qoyma sərgərdar,
Düşmüşəm qovğaya gəl məni qurtar,
Ağalar ağası, ya Şahısuvar,
Sən yetiş imdada, ay ağa haray.