Ay aşa-aşa
Görünüş
Ay aşa-aşa Müəllif: Molla Cuma |
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022. |
Bir tərlan baxışlı, kəklik yerişli,
Seyr edir bağları ay aşa-aşa.
Həsrətindən mən də odlara düşdüm,
Məşğuldu gözlərim a yaşa-yaşa.
Dərs alıb əlifdən, o nundan ötdü,
Murğular çalıban onundan ötdü,
Sevdiyimin yaşı onundan ötdü,
Yetibdir on birə a yaşa-yaşa.
Salıbdı sevdaya bu Cumasını,
Gör necə sevibdir bu, Cumasını,
Axtarıb tapmasa bu, Cumasını,
Gəzərəm dağları, ay aşa-aşa.