Məzmuna keç

Ay ariflər

Vikimənbə saytından
Ay ariflər
Müəllif: Xəstə Qasım
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma

Ay ariflər, bir tərlanım uçubdu,
Sağ əlimdən sol əlimə alınca.
Onu tutan xeyrü-bəhrin görməsin,
Mən yazığın naləsi var dalınca.

Gümüş kəmər bağlayıbdı belinə,
Danışdıqca mail oldum dilinə,
Gül uzatdım nazlı yarın əlinə,
Canım aldı, gülü məndən alınca.

Alimdən dərs aldım əlif-bey üçün.
Sürahilər düzülübdü mey üçün,
Dəli könül, qəm çəkirsən nə üçün?
Qəmli günün şad günü var yanınca.

Xəstə Qasım vədə verdi yüz ilə,
Yaşılbaşlar göldən-gölə düzülə.
Bir igid ki, qatarından üzülə,
Ölüm yeydi, bu dünyada qalınca.[1]

İstinadlar

[redaktə]
  1. “Aşıqlar” kitabı. Bakı, 1960, səh.41.