Məzmuna keç

Ay eylər qıj-qıj (Aşıq Alı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ay eylər qıj-qıj
Müəllif: Aşıq Alı
dodaqdəyməz
Mənbə: Aşıq Alı. Əsərləri (PDF) (az.). "Avrasiya press". 2006. ISBN 978-9952-421-82-8. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.


Yağar leysan, dağlar qarı əridər,
Sel gələr dərədən ay eylər qıj-qıj.
Çaylar axar sellər, selə qarışar,
Səslənər, çağlayar ay eylər qıj-qıj.

Leylinin sinəsi ha qaşa dəyər,
Aşığın sinəsi ataşa dəyər,
Daşar sellər, sular ha daşa dəyər,
Qayalar dil açar ay eylər qıj-qıj.

Alı deyər sel gətirər lil qalar,
Axar Araz, dalğalanar, lil qalar,
Yel əsəndə dəryalarda dalğalar
Çalxanar, qaynayar, ay eylər qıj-qıj.