Ay hayıf, hayıf
Görünüş
Ay hayıf, hayıf Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Mehrü məhəbbətin oduna yandım,
Yar məni unutdu, ay hayıf, hayıf!
Məcnun olub səhraları dolandım,
Qara baxtım yatdı, ay hayıf, hayıf!
Ay ellər, Kərəmdən mən betər oldum,
Bu fani dünyada dərbədər oldum.
Qınımda saraldım, gül təki soldum,
Arzularım batdı, ay hayıf, hayıf!
Uşaqkən basdılar əlim “Qurana”,
Bircə ümid qaldı göydə durana.
Düşdüm dost yolunda qara - borana,
Dost da məni atdı, ay hayıf, hayıf!
Qaxtağanlar tapdı fası, firəngi,
Namərdlər verdilər əlinə tüfəngi.
Torpaq qana batdı, dəyişdi rəngi,
Gör məni kim satdı, ay hayıf, hayıf!
Heydər yana - yana köçür dünyadan,
Ağlama, sözümü çıxarma yaddan.
Unutma düşməndir qaxtağan nadan,
Ömrüm başa çatdı, ay hayıf, hayıf!