Ay hayıf-hayıf

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ay hayıf-hayıf
Müəllif: Xəstə Qasım
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Təcnis

Səhər tezdən əzmi-gülşən eylədim,
Qəm məni çulğadı, ay hayıf-hayıf.
Aşıq deyər: ay hayıf!
Kimlər oldu, ay hayıf!
Səniynən mən sevişdim,
Ayrı düşdüm ay, hayıf.
Bağban oldum, bağ bəslədim, çifayda,
Dərmədim gülünü, ay hayıf-hayıf!

Sərrafın dəstində nə danə gördüm,
Mürcü dəhanında nə danə gördüm.
Aşıq, nə danə gördüm,
Xalın nə danə gördüm,
Tülək tərlan tuş oldu
Axır nadənə, gördüm.
Gövhəri verdilər nadanə gördüm,
Bilmədi qiymətin, ay hayıf-hayıf.

Oxudum dərsimi, çıxdım yasinə,
İyid olan ixlas bağlar yasinə!
Aşıq deyər yasına,
Namərd boynu ya sına
Nanəcibə söz demə,
Ya inciyə, ya sına!
Qasım ölər ellər gələr yasına,
Eşidənlər deyər, ay hayıf-hayıf.