Məzmuna keç

Ay könül (Aşıq Nəsib)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ay könül
Müəllif: Aşıq Nəsib
Mənbə: Əskər Nailə. Aşıq Nəsibin yaradıcılıq yolu. Bakı, "Elm və təhsil", 2016

Mən sevdim, bir özgə yan apardı,
Neyləsin bu yerdə fağır, ay könül?
Toxdaya bilmirəm, gözdən yaş gedir,
Dərdim artıb olub ağır, ay könül.

Həyat çox şirindi, olarmı doymaq,
Mənə ayran düşdü, düşmənə qaymaq.
Dolansam neçə el, oba, həm oylaq,
Qəm yenə başıma yağır, ay könül.

Üstümdə duranım bir Yaradandı,
Onadı imanım, onadı andım.
Nəsibəm, oduma alışdım, yandım,
Dardayam, Allahı çağır, ay könül.