Məzmuna keç

Aya qalmasın

Vikimənbə saytından
Aya qalmasın
Müəllif: Aşıq Alı

Bimürvət yar məni candan eylədi,
Tutubdu dəstində ayaq almasın.
Girdim dostun baxçasına seyr etdim,
Görmədim bağında ayaq almasın.

Mirzəsisən oxu dərsin haraya,
Bayram ayı demək olmaz hər ayə,
Şahi-Mərdan, özün yetiş haraya,
Düşmən bu günümdə ayaq almasın.

Deyər Aşıq Alı yara bağlıya,
Yaxşı təbib gərək yara bağlıya,
Bir yar meylin qeyri yara bağlıya,
Həftə tamam olsa, aya qalmasın.