Ayrılıq (Mövlana Cəlaləddin Rumi)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ayrılıq Müəllif: Mövlana Cəlaləddin Rumi |
Dinlə neyi, gör necə hekayətlər söyləyir,
Ayrılıq həsrətindən şikayətlər eyləyir.
-Vətənim qamışlıqdan, salmışlar ayrı məni,
Səsim nalan eyləmiş, naləmi eşidəni.
Ayrılıq fəraqından sinəmdir parə-parə,
Dərd söyləməkdən qeyri, yoxumdur başqa çarə.
Hər kim soyundan kənar düşmüş olarsa əgər,
Nə qədər ömr edərsə, vüsala həsrət çəkər.
Mən hər bir cəmiyyətdə yanmışam, zar olmuşam,
Yasda ağlar olmuşam, toyda qəmxar olmuşam.
Hər kəs öz zənni ilə, olsa sadiq yar mənə,
Axtarmasa tapammaz, içimdən əsrar yenə.
Çünki naləmdən mənim, deyildir sirrim uzaq,
Gözlər görməsi üçün, nur olmuş gözə yasaq.
Mənim canım tənimdən, tən candan gizli deyil,
Canıma görünməyə izin verilməmiş, bil.
Atəşimdir ney səsim, sən onu sanma külək.
Kimdə atəş olmasa, gəl onu ölmüş bilək.
Eşqimin atəşidir, düşmüş neyin üstünə,
Qaynarlığın atəşi, düşmüş meyin üstünə.
Yardan ayrılanlara, dost olar neyin səsi,
Daxili pərdəmizi, yırtar neyin pərdəsi.
Ney zəhər tək, həmçinin, padzəhər tək içilən,
Ney kimi qəm dostu yox, həm sevən, həm sevilən.
Ney özü dərddən yanır, odlanır, qan ağlayır,
Məcnun eşqindən deyir, verərək can ağlayır.
Varımızdır ney kimi, həmişə dilbir ağız,
Ney ləbində gizlənib, həmçinin bir dil, ağız.
Bir ağız nalan olub, səsi sizlərə tərəf,
Hay-harayı göylərə, yaymağı seçmiş hədəf.
Hər kim ona baxarsa, dərk edər naləsini,
Bu başında fəğanı, о başında səsini.
Bu neyin şirin səsi, Ondan almış nəfəsi,
Ruhunun hay-harayı, Ondan almış bu səsi,
Bu huşa məhrəm olmaq, bihuş olmaqdır, ey dil,
Dillərin müştərisi, bil ki, qulaqdır ey dil.
Xeyirsiz olsa, əgər qəmli neyin naləsi,
Dünyaya yayılmaz heç, neylərin şirin səsi.
Dərd əlindən günlərin, ləzzəti yox, adı yox,
Naləli günlər ötür, məzəsi yox, dadı yox.
Qorxumuz yox, getsədə həftələr, aylar hədər,
Qal mənimlə birlikdə, daxilən paksan əgər.
Balıq cinsi olmasan, su səni sirab edər,
Ruzin olmasa sənin, günlərin uzun keçər.
Huşyarın halını heç, anlaya bilərmi xam?!
Müxtəsər olsun sözüm, dediyim bu, vəssalam!
Badə qaynarlığıyla, nuşumuzun gədası,
Dünya öz kərdişiylə, huşumuzun fədası.
Badə bizdən olub məst, biz ondan məst deyilik,
Can da bizlə var olub, biz ondan həst deyilik.
Qalib gələ bilməyib, rasta xaric bir zaman,
Əncir olmaz quşlara, dadlı yemək hər zaman.
Qır oğul, zəncirləri, zəhmət çək, azadə ol,
Simu-zərdən qaç yenə, get, uzaqlaş, sadə ol.
Tökülərsə kuzəyə, dəniz qədər su əgər,
Küzənin tutduğu su, bir günə bəs eyləyər.
Doymaz heç hərislərin, tamahkar göz kuzəsi,
Sədəflər doymayıbsa, yox olar dürdanəsi.
Hər kimin ki, libası, eşq üzündən çak4 olar,
Eşqin günahlarından, tamamilə pak olar.
Sevin, eşq mənbəyimiz, həbibimizsən bizim,
Dərdlərə əlac edən, təbibimizsən bizim.
Ey, gidi dünyamızın, dava-dərmanı olan,
Əflatun, Ərəstun tək, yaddaşımızda qalan.
Eşq əlindən ruh özü uçub qalxdı göylərə,
Dağlar sanki rəqs edib, şövqlə baxdı göylərə.
Çatdı aşiq Turunda, özünün dildarına,
Tur sevincdən məst oldu, Musa çatdı yarına5.
Çox sirlər gizlənmişdir, neyin zilü-bəmində,
Əgər açsam sirri mən, dünya itər qəmində,
Ləblərimlə yar ləbin, əgər bir eyləsəm mən,
Ney kimi mən də daim, qəmli dastan söylərəm.
Hər kim öz dildarından, qalarsa çox aralı,
Nə qədər nəğmə desə, yenə qəlbi yaralı.
Çünkü güllər tez solub, gülüstan olub xarab,
Daha gülün ətrini, əvəz eyləyir gülab.
Cümlə məşuq olmuşdur, aşiq qalmış pərdədə,
Məşuq həmişə sağdır, aşiq ölmüş pərdədə.
Eşqə meyil etməz о, hay da verməz hayına,
О, bir quş kimi olar, səs verər harayına.
Qol-qanadı vermişik, о eşqin kəməndinə,
Saçından tutub çəkər, öz dostunun kəndinə.
Əvvəl-axır beynimdə, nə qədər ki, şüur var,
Yarımın da üzündə mənim üçün, nur var.
Nurdur sağ-solum mənim, həm arxam, önüm mənim,
Başımda vardır tacım, həlqədədir gərdənim .
Eşqimiz olmalıdır, biz də söz qoşa bilək,
Güzgüyə baxmaq üçün, bizə göz qoşa gərək.
Bilirsənmi, güzgüyə baxmır, qanmazlar neçin?!
Çünkü baxsa güzgüyə, surətin görər çirkin.
Güzgü təmizlənərsə, çirki üstdən pak olar,
Tanrının günəşi tək, parlayan nurla dolar .
Sən də get sil, təmizlə bir tozun, pasın onun,
Dərk eylə təmizliyi, gör təcəllasın onun.
Qəlbinin duyğusuyla, bu həqiqəti eşit,
Çamırlıqdan çıxaraq, düz yolu mərdanə get.
Əgər varsa ağlınız, tə‘yin edin düz yolu,
Ondan sonra şövq ilə, siz gedin dümdüz yolu.