Məzmuna keç

Ayrılıq (Mücrüm Kərim)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ayrılıq
Müəllif: Mücrüm Kərim
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Ah, kim könlüm binasın etdi viran ayrılıq,
Qıldı əhvalım yaman, hər vaxtı, hər an ayrılıq,
Çəkdi yüz daği-bəla sinəmdə pünhan ayrılıq,
Qıldı könlüm çeşməsin qan ilə qəltan ayrılıq,
Zülfünə nisbət qılıb, halım pərişan ayrılıq.

Qanə dönmüş könlümü hicrilə mötad1 eylərəm,
Belə keçsə halımız dünyanı bərbad eylərəm,
Hər zaman yüz təhr ahü-nalə bünyad eylərəm,
Qalmışam nalan qəfəs küncündə fəryad eylərəm,
Gül kimi qıldı məni çaki-giriban ayrılıq.

Dudi-ahim zəxməti əhli-cahanı ağladır,
Yadi-vəslin söhbəti bu binəvanı ağladır,
Küfrü zülfün arzusu dinü imanı ağladır,
Ahi-naləm heybəti ərzi, səmanı ağladır,
Göstərib axır mana yüz daği-hicran ayrılıq.

Olmuşam rəncuri xəstə, səbrilə möhnət çəkib,
Əyləşib qəmxanədə qan ağlaram, zəhmət çəkib,
Hər yetən adama tutub üz bəsi minnət çəkib,
Bülbüli-şeyda kimi rüxsarına həsrət çəkib,
Qıldı hərdəm zar müztərr, didə giryan ayrılıq.

İstərəm dəhri-qəmin hər nə əzabı var olam,
Neyləyim hicran sarıda bikəsəm, qəmxar olam,
Könlümün yanmaqlığından ahi-atəşbar olam.
Kakilin sərriştəsində istərəm züniar olam.
Etdi biçarə Kərimi Şeyx Sənan ayrılıq.