Ayrıldıq
Görünüş
Ayrıldıq Müəllif: Molla Pənah Vaqif |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Xeyli vaxtdır ayrılmışıq yar ilən,
Gördük, amma tanışmadıq, ayrıldıq.
Qaldı canda gizli-gizli dərdimiz,
Bircə kəlmə danışmadıq, ayrıldıq.
Qərib-qərib durduq biganələr tək,
Soyuq-soyuq baxdıq divanələr tək.
Dönmədik başına pərvanələr tək,
Eşq oduna yanışmadıq, ayrıldıq.
Yarım saat bir arada qalmadıq,
Eşq atəşin canımıza salmadıq,
Yalvarıban yarın könlün almadıq,
Elə getdi, barışmadıq, ayrıldıq.
O zaman ki, aşnalığı tərk etdik,
Cüda düşdük, xeyli ciyər bərkitdik.
Aralıqdan könül quşun ürkütdük,
Bir-birilə qonuşmadıq, ayrıldıq.
Vaqif sevdi bir iqrarsız bivəfa,
Bada getdi tamam çəkdiyi cəfa,
Görüşübən eyləmədik xoş səfa,
Qucaqlaşıb sarışmadıq, ayrıldıq.