Məzmuna keç

Azərbaycan, Azərbaycan

Vikimənbə saytından
Azərbaycan, Azərbaycan (1919)
Müəllif: Əhməd Cavad
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.,

Azərbaycan şeirləri

Dağlarının başı qarlı,
Sinəsi yaşıl ormanlı!
Dərələrin şirin barlı,
Azərbaycan! Azərbaycan!

Səhraların sünbüllüdür,
İl müdam üstü güllüdür!
Bağçaların bülbüllüdür,
Azərbaycan! Azərbaycan!

Durna gözlü bulaqların,
Cənnət kimi yaylaqların!
Geniş-geniş oymaqların,
Azərbaycan! Azərbaycan!

Ormanında maral gəzər,
Çöllərində ceyran süzər!
Göllərində qazlar üzər!
Azərbaycan! Azərbaycan!

İlxında ayğır kişnəşir!
Naxrında buğan güləşir!
Süründə əmlik mələşir!
Azərbaycan! Azərbaycan!

Qayaların əlvan mərmər!
Belində var qızıl kəmər!
Bir yanında Bəhri-Xəzər!
Azərbaycan! Azərbaycan!

Sinən odu şölə salır!
Dünya səndən işıq alır!
Verməyəndə, zülmət qalır!
Azərbaycan! Azərbaycan!

İpək, pambıq, yunun çoxdur!
Arpa, buğda, düyün çoxdur!
Hər şeyin var, nəyin yoxdur?!
Azərbaycan! Azərbaycan!

Yer üzündə yoxdur tayın!
Gur-gur axar neçə çayın!
Bol veribdir, fələk payın!
Azərbaycan! Azərbaycan!

Laçının var, tərlanın var!
Çoxlu şirin dastanın var!
Qorxun yoxdur, düşmanın var!
Azərbaycan! Azərbaycan!
Gəncə, 1919