Azərbaycan-Ermənistan sazişi (1919)

Vikimənbə saytından
Azərbaycan-Ermənistan sazişi (1919)
Müəllif: AzərbaycanErmənistan
Sister Projects. Həmçinin baxın: Haqqında • Azərbaycanın xarici siyasəti: I hissə: Azərbaycan beynəlxalq münasibətlər sistemində: mart 1917 - aprel 1920-ci illər


Azərbaycan-Ermənistan sazişi

23 noyabr 1919-cu ildə Tiflisdə Ermənistan Hökumətini təmsil edən Hökumət başçısı Xatisyan ilə Azərbaycan Hökumətini təmsil edən Hökumət başçısı Usubbəyov arasında bağlanmış bu sazişlə qərara gəlindi ki:

1 maddə[redaktə]

Ermənistan və Azərbaycan Hökumətləri hazırda baş verən toqquşmaları dayandırmağı və yenidən silahın gücünə əl atmamağı öhdələrinə götürürlər.

2 maddə[redaktə]

Ermənistan və Azərbaycan Hökumətləri Zəngəzura aparan yolların düzəldilməsi və açılması, onlarla dinc hərəkət üçün təsirli tədbirlər görülməsini razılaşdırırlar.

3 maddə[redaktə]

Ermənistan və Azərbaycan Hökumətləri bütün münaqişəli məsələləri, o cümlədən sərhəd problemini növbəti müddəada nəzərdə tutulmuş konfransın qəbul edəcəyi qərarları rəhbər tutaraq, sülh sazişləri yolu ilə həll etməyi öhdələrinə götürürlər. Sülh sazişi əldə etmək mümkün olmadıqda tərəflər bitərəf şəxs (arbitr) seçməyi və onun bütün qərarlarını mütləq şəkildə qəbul etməyi razılaşdırırlar; hazırkı dövrdə belə bir bitərəf şəxs kimi ABŞ ordusu polkovniki Ceyms K. Rey tanınır.

4 maddə[redaktə]

Ermənistan və Azərbaycan Hökumətləri çərşənbə günü 26 noyabr tarixində Bakıda keçiriləcək konfransda iştirak edəcək eyni saylı nümayəndə heyətini hökmən təyin etməlidirlər. Tərəflərin qarşılıqlı razılığı ilə konfransın davamının digər yerdə keçirilməsi qərarı olmadığı təqdirdə konfrans öz işini 4 dekabr tarixindən etibarən Tiflisdə davam etdirəcək. Bu konfrans tərəflər arasında olan münaqişə və mübahisələri müzakirə edəcək və onların arbitraj qaydasında və ya razılıq yolu ilə həll edilməsi hüququna malik olacaqdır.

5 maddə[redaktə]

Bu saziş imzalandığı gündən etibarən həqiqi sayılır və hər iki dövlətin parlamentləri tərəfindən təsdiq (ratifikasiya) edildikdən sonra qüvvəyə minir. Ermənistan və Azərbaycan Hökumət başçıları 23 noyabr 1919-cu il tarixində Tiflisdə bu razılığı imzalayaraq onun şərt və öhdəliklərinin öz hökumətləri tərəfindən tam şəkildə yerinə yetirilməsini təmin edirlər. Razılaşma ingilis və rus dillərində eyni hüquqa malik olan üç nüsxədə tərtib edilir. Hər iki dildə olan bir nüsxə Müttəfiqlərin Ali komissarının nümayəndəsinə və Azərbaycan və Ermənistan Hökumətlərinin başçılarına təqdim olunur.

İmzalayanlar:[redaktə]

Ermənistan Hökumətinin başçısı A. Xatisyan

Azərbaycan Hökumətinin başçısı N. Usubbəyov

Müttəfiqlərin Ali komissarı vəzifəsini icra edən, ABŞ ordusu polkovniki C. K. Rey

Gürcüstanın Xarici İşlər naziri Y. Gegeçkori.