Məzmuna keç

Azərbaycan ədəbiyyatı (F.Köçərli, II cild)/Hacı Molla Abbas "Şölə"

Vikimənbə saytından
Hacıağa "Fəqir" Ordubadi Azərbaycan ədəbiyyatı. II cild. Hacı Molla Abbas "Şölə"
Müəllif: Firudin bəy Köçərli
Hacı Mahmud Əfəndi "Nafe"


Mərhum Hacı Molla Abbas Hacı Abdulla oğlu əslən isfahanlı imişsə də, yenə Gəncə şüərasının zümrəsindən hesab olunur.

Hacı Molla Abbas "Şölə" təxəllüs təxminən qırx beş sənə bundan müqəddəm Gəncəyə gəlib, orada evlənibdir və lakin övladı olmayıbdır. Şölə Hindistanı, İranın çox yerlərini, Ərəbistanı və Misiri seyrü səyahət edib xeyli bilik və təcrübə kəsb etmiş bir vücud idi. Qafqaziyanın dəxi çox yerlərini gəzib, onda olan müxtəlif əqvamü miləlin adabü ayini ilə bələd olmuşdu.

Mərhum Şölə təvəllüdü zamanından ömrünün müsinn çağına qədər xəstə olmadığını və hətta baş və diş ağrısı nə olduğunu bilmədiyini öz dost və tanışları yanında iddia edərmiş. Şölə fars və türk dillərini kamil vəchdə bilirmiş. Amma əşarü kəlamının çoxusu türk dilindədir. Yazdığı əşarın əksəri, demək olur ki, Gəncə şəhərinin xüsusi vüquatına və onda vaxtbəvaxt zühur edən əlamata, vüqua gələn təğyirata və Gəncə əhlinin əxlaqü adatına dairdir. Şölənin dili açıq və sadə olduğuna binaən, onun kəlamları hər kəsə, hətta kəmsavad adamlara da xoş gəlir.

Məcmuəsi var, amma çap olunmayıbdır. Şölə vəfat edibdir Gəncədə 1899-cu ildə, təxminən yetmiş yaşında.

Əsərlərindən nümunə üçün Gəncənin vəsfində yazdığı şerləri burada gətiririk:

Gəl, ey aləm ara qəmxanə Gəncə,
Dönübsən məhbəsü zindanə, Gəncә!
Əgərçi zahirən abad olubsan,
Olubsan batinən viranə Gəncә!
Sənin üstündə çox qanlar tökülmüş,
Binayi-dəhrdən piranə Gəncә!
Gəhi Osmanlının, gəh Rusun oldun,
Nəsib oldun gəhi İranə, Gəncә!
Bu çərxin qafil olma gərdişindən,
Olur dövran yenə dolanə, Gəncә!
Yəqin et, səndə heç bir qəlb açılmaz,
Gedə gər bağ ilə bostanə, Gəncә!
Olur şad ol zamanda kim, ayağın
Qoyar bir məscidə, meydanə, Gəncә!
Bina tutmaz birisi səndə yayda,
Atarsan hər birin bir yanə, Gəncә!
Ədəb, hörmət aradan oldu nabud,
Çü fayton gəldi bu meydanə, Gəncә!
Keçənlər öldü qurtardı, yerindən--
Ki, biz gəldik yaman dövranə, Gəncә!
Həqiqət Qafqazdə şəm idin sən,
Cəmii-şəhrlər pərvanə, Gəncә!
Sədaqətlə rəfaqət itdi, getdi,
Dönüb işlər hamı yalanə, Gəncә!
Lisanlar cümləsi təğyir olundu:
"Pajalusta" olub qurbanə, Gəncә!
Məqamı kəfşkən kəslər keçərlər
Necə gör sədrə bir şahanə, Gəncә!
Olar kim, beş qruşa yalvarırdı
Deməzlər indi pul milyonə, Gəncә!
Nə günlər səndə gördüm bundan əqdəm,
Həzaran heyf ol dövranə, Gəncә!
Ağardı baş, dişim səndə töküldü,
Məni həsrət qoyubsan nanə, Gəncә!
Olar kim, tülküdən eylərdilər xövf,
Dönüblər şir ilə aslanə, Gəncә!
Tamam iftardə paprus çəkərlər,
Olubdur çün əvəz qəlyanə, Gəncә!
Əcəb iftar, əcəb ruzə, əcəb rəsm,
Şəriət düşdü çox nöqsanə, Gəncә!
Gözüm yaşı bu ruxsarə rəvandır
Gedəndə səmti-qəbristanə, Gəncә!
Çəkər meydanü məscid iştiyaqi,
Gedəndə Şölə Hayestanə, Gəncә!

Şölə bu şerlərində Gəncənin özünü və həm də əhalisini təzmimü təyib edib, onu bir məhbəsü zindanə oxşadır ki, ol qəmxana zahirdə abad görünürsə də, batində viranədir. Onun üstündə çox qanlar tökülüb, canlar fövt olubdur; gah Osmanlıya tabe olubdur, gah Rusa və gah da İran qoşunu onu təsxir edibdir.

Gəncədə yüz bağ və bostana seyr üçün gedilsə də, bir kəsin könlü açılıb, ürəyi şad olmaz. Burada ancaq qəlbi şad edən bir məsciddir, bir də Gəncənin gen və vəsi meydanı. Keçmişdə sair şəhərlərə nisbət Gəncə şəhəri şam imişsə də və sair şəhərlər pərvanə misal onun başına dolanarmışsa da, indi onun rövnəqi dönüb və övraqı pozulubdur. Əhali arasında adabü ərkan götürülübdür. Xüsusən fayton çıxandan bəri xalqın əxlaqı xarab olub, dillərini də dəyişiriblər. İndi hər bir şey bir "pajalustaya" münhəsrdir. Ədna şəxslər və kəfşkəndə məqamı olanlar sədri-məclisə keçiblər və beş qruşa möhtac olan adamlar indi milyona da pul demirlər və bu pulun və dövlətin səbəbinə tülküməzac və qorxaq vücudlar indi aslanə dönüblər. İftarda qəlyan əvəzinə papiros çəkirlər.

Xülasə, sabiqdəki rəsmü qayda götürülüb, dinə rəxnə və şəriətə nöqsan yetişibdir. Bu şerlərdən görünür ki, mərhum Şölə köhnəməslək və bir növ fanatik adamlardan birisi imiş ki, şəriətin nöqsana düşməyini ramazan ayında qəlyan əvəzinə papiros çəkilməkdə və camış arabasının əvəzində fayton minməkdə görür. Bu məsləkdə davam edən köhnəpərəstlər indi də içimizdə az deyil. Şair keçmiş vaxtları ki, onda Avropa rəsmü adətindən bir əsər yox idi, həsrətlə yad edib deyir:

Nə günlər səndə gördüm bundan əqdəm,
Həzaran heyf ol dövranə, Gəncә!
Ağardı baş, dişim səndə töküldü,
Məni həsrət qoyubsan nanə, Gəncә!

Yuxarıda zikr olunan mənzumata bərəks olaraq mərhum Şölə özgə bir kəlamında Gəncəni bu sayaq tərif qılır:

Gəldi bahar, oldu əcəb çağı Gəncənin,
Bazarə gəldi süd ilə qaymaği Gəncənin.

Bir vaxt var o şəhrdə çox-çox fəsadlər
Yapraq açanda çubi-çinaranı Gəncənin.

Qış fəsli səbzəcat, ələf, sairə nəbat,
Əltafi-həqqdir Ərəbistanı Gəncənin.

Artmazla xəlqi, bilmirəm aya səbəb nədir,
Ya rəb, məgər ki, vəqfdi torpağı Gəncənin.

Hər kim ki, getməyibdi, yəqiqən gedən bilər,
Guya ki, bir behiştdi yaylaği Gəncənin.

Çox yerdə vardı məscidi-came zəmanədə,
Heç yerdə yoxdu məscidinin tayı Gəncənin.

Çöl əhlinin müəzzini çaqqallar olur,
Qiblə olubdu Haçaqaya dağı[1] Gəncənin.

[1] Haçaqaya adlanan dağ Kəpəz dağıdır ki, Gəncənin cənub səmtində vaqe olduğu üçün avam xalq qibləsini onunla təyin edir.

Etmə güman ki, xəlq qoyub ehtiyatını,
Pünhan olub yapıncı da, çomağı Gəncənin.

Şölə bu qədri vəsf eləmə, əlqərəz budur,
Yoxdur cahanda tay ilə ortağı Gəncənin.

Şölənin hər iki şerləri ki, burada təhrir olundu, Gəncənin keçmişdəki övzavü əhvalına dair məlumat verməyi ilə layiqi-diqqətdir və şerlərdən onun sahibi-təb olması anlaşır. Və lakin ikinci və üçüncü beytlərdə "çinaranı" və "Ərəbistanı" sözləri rədif olaraq qeyrilərlə mütabiq gəlmir. Bu isə tamami kəlama bir növ nöqsan gətirir.

Aşağıda yazılan beytlər dəxi Şölənin kəlamlarındandır. Bunlardan başqası ələ düşmədi:

Əcəb divanədir, yaran, görün bu mərdümi-aləm,
Bəla zəncirinin adın qoyublar türreyi-pürxəm.

  • * * * *


Mənə bir navəki-peykan vurubdur ol kəmanəbru--
Ki, hərgiz Əşkbusi vurmayıb bu şəstlə Rüstəm.

  • * * * *


Gərçi çox müşkül olur darü diyar ayrılığı,
Hamıdan müşkül olur sevgili yar ayrılığı.