Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Əlişir Nəvai Əmir Nizaməddin (məqalə)

Vikimənbə saytından
Əbülüla Gəncəvi Azərbaycan ədəbiyyatı. I cild. Əlişir Nəvai Əmir Nizaməddin
Müəllif: Firudin bəy Köçərli
Gəncə


Əlişir Nəvai hicrətin doqquzuncu əsrinin axırlarında yetişən cığatay (türk) və əcəm şüərasının ən məşhurlarındandır. Bu şair əslən cığatay türklərindən isə də, Azərbaycan şüərası arasında artıq hörmət və şöhrət kəsb etmişdir və onlara Nəvainin təsiri artıq dərəcədə olubdur. Buna da ümdə səbəb onun təbi-lətifindən törəyən asari-nəfisə və əşari-məmduhəsi olubdur ki, çox şirin və dadlı dil ilə rişteyi nəzmə çəkilmişdir. Əmir Əlişir fars lisanını dəxi əkməl vəchdə bilirmiş və fars dilində onun ziyadə mövzun və xoşməzmun kəlamları vardır. Türk və fars dillərinə dara olduğu üçün "Züllisaneyn" ləqəbi ilə müləqtəb olmuşdur.

Nəvainin atası sülaleyi-teymuriyyədən Sultan Əbu-səidin vəziri olub oğlunun təlim və tərbiyəsinə artıq səy və diqqət yetirmişdir. Əmir Əlişir özü uşaqlıqda Sultan Hüseyn Bayqara ilə məktəb yoldaşı olub, əyyami-tüfuliyyətdə alinəsəb yoldaşından kəsbi-kəmal və əxzi-ədəb etmişdir. Sultan Hüseyn Bayqara Teymurləng övladından olub, 875-ci tarixdə Xorasan padşahı olmaqla Heratda təxti-səltənətdə əyləşmişdir. Əlişir əvvəlcə bir müddət Xorasanda və bəd Səmərqənddə təhsili-ülum və fünunə məşğul olub, hüsnxətt, rəsm, musiqi və nəqqaşlıq sənətlərində böyük məharət kəsb etmişdir. Amma bu fənlərin cümləsindən artıq onun meyl və şövqü şer deməyə və qəzəl yazmağa idi. Cavanlıq mövsümünün və şəbablıq əyyamının müqtəzasında dimaği-lətifi həvayi-hüsni-xəttü xal ilə, könlü badeyi-eşq ilə dolmuş ikən öz hisslərini gözəl şerlər vasitəsilə bəyan edərdi. Necə ki, Əlişir özü əyyami-şəbabda hali-dilini bu qərar üzrə təhrir qılmışdır: "Bu pərişan əczanın vərəqnigarı və bu aşüftə övraqın qissəgüzarı, möhnət peymanəsinin cürəçeşi və məlamət xümxanəsinin səbukeşi, şeydalıq məhəlləsinin rüsvası və rüsvalıq küçəsinin şeydası:

Beyt

Vəfa bustanın dastansərayi
Mələmət bülbüli, yəni Nəvai

Qüfranüllah zünubühu andaq ərz qılır kim, şol caq kim, Xorasan təxti gurganlıq dəvacı belə zinətəfzay və gurgan fərqi cəhanbanlıq tacı bilə fələkfərsay irdi, ömrüm şəbistanı şəbab şamları nuridin münəvvər və həyatım gülüstanı yigitlik gülləri ətridin müəttər irdi. Sinn müqtəzasidin təbiətğə həva qalib, həva qələbəsidin təbiət ləhvğə talib irdi. Köngülakim çakidin köksümdaki əski tuganlar bir-bir əyan və kugragimdaki kisgan yanqi əlflaridin köngülagim xət-xət qan. Mudam mey rəğbəti köngülga məhbub və həmişə məhbub ülfəti xatirimğə mərğub. Canım eşq badəsidin məst və köngülüm badeyi-eşqdin meypərəst irdi:

Bulmasa aləmdə gülrux, saqi, əhvalım xərab,
Yox isə saqidə gülgun cami-mey, bağrım kəbab.

Az vəqtdə badə seylidin huşü əqlim evi yıkıldı və eşq bərqi səlahü afiyətim xərmənin kül qıldı".

Vəqta ki, Sultan Hüseyn Bayqara--Nəvainin məktəb yoldaşı Heratda təxti-səltənətdə əyləşdi, Əlişirin sorağına düşüb və hər yerdə onu axtarıb Səmərqənddə sorağını aldı. [Әlişir] sultanın dəvətini qəbul edib, Səmərqənddən Herata gəldi. Şəhərə daxil olan zamanı Sultan Hüseyn tərəfindən artıq cəlal və təntənə ilə istiqbal olunub, onun lütfü ehsanına nail olmuşdur. Sultan əvvəlcə Əlişiri möhürdarlıq xidmətinə təyin edib, sonradan özünə vəziri-əzəm etmişdir. Bilmək gərəkdir ki, Sultan Hüseyn xan alim və adil, rəiyyətpərvər, üləma, ürəfa sinfini dost tutan, xoşəhval və həmidəxisal bir padşah idi. Bu zati-şərifin təbi-şeriyyəsi dəxi var imiş. Amma bundan maəda ziyadə dəqiq, nazikanlayan və fünuni-şer və ədəbiyyatda qabil və mahir bir vücud imiş. Belə ki, fünuni-şerdə sultanın bir dərəcədə ittilaatı var imiş ki, Nəvai kimi müqtədir şairin əsərlərində müşahidə olunan qüsuru təshih qılarmış, necə ki, bu qövlə şair özü şəhadət verib deyir: "Vəqta ki, məcalisdə bəzi əbyatım məzkur və məhafildə bəzi qəzəliyyatım məstur bolur irdi, gahi ibarətim qüsurdin, təğyir bermak birlə nöqsandin müərra qılur irdi. Bəzi beytimdin bir az namünasib ləfzni çıxarıb bir dəstə şibh içrə bir dürri-şahvar tartqandik bir az ləfz gitürür irdi və bəzi qəzəlimdin bir az nəhəncar beytğə xətt urub pozuq bir dəşt içrə bir qəsri-zərringar yasağandik bir az beytğə dəxl büruz irdi. Bu aşüftə əbyatımda ol xətt və bu pərişan qəzəliyyatımda ol beyt:

Xara arasında irdi gövhər yanlıq,
Ya güllər içində irdi əxkər yanlıq,
Yaxud tikən içrə güli-əhmər yanlıq,
Bəlkəm tən ara ruhi-müsəvvər yanlıq.

Çün bu beytlər eyvanı ola, islahlar nəqşü nigaridin rəşki-nigarxanöyi-Çin və bu qəzəllər bustanı ol ehtimamlar bəharidin qeyrəti-xüldi-bərin bola, başladı sahibnəzərlər göziga məhbubraq və əhli-dillər könliga mərğubraq bolub hörməti qayətdin ötdü və şöhrəti nəhayətdin keçdi".

Əlişir öhdəsinə götürdüyü ümuri-vəzarəti ləyaqətincə icra edib, asudə vaxtlarını gah mütaliə ilə və gah təlimi-kitab və tənzimi-əşar ilə keçirirdi. Həmə vəqt dairəsi məcməi-üləma və füzəla idi. Ədib və şairlərə və cümlə ərbabi-elm və sənətə ənam və ehsan qapısı açıq idi. Bu halla maarif və sənayenin tərəqqisinə çox xidmətlər etmişdir. Bu zati-alihimmət bir müddətdən sonra mənsəbi-vəzarətdən əl çəkib və məmuriyyəti-siyasiyyədən istefa edib, Heratda guşənişinlik ixtiyar etmişdir. Bu hal üzrə bir neçə vaxt ömür edib, tarixi-hicriyyənin 906-cı ilində haman şəhərdə vəfat etmişdir.

Əlişir Nəvai yalqız şair olmayıb, danişmənd və həkimi-nadir bir vücud imiş. Ondan əvvəl cığatay türklərinin şivəsində kimsə o lətafət və mətanətdə
əşar yazmadığı kimi, ondan sonra dəxi bu dildə elə lətif, abdar və xoşgüvar şer və qəzəllər yazılmamışdır. Filcümlə, asari-nəfisələri xeyli qiymətdardır.

Əlişirin xeyir yadigarlığı və ehsanatı dəxi çox olubdur; neçə-neçə mədrəsələr və əbniyeyi-xeyriyyə binasına müvəffəq olmuşdur. Böyük və mükəmməl bir kütübxanası var imiş ki, elm və mərifətə şövqü həvəsi olanlara həmişə onun qapısını açıq tutarmış. Əlişir Nəvainin türk dilində olan bərgüzidə əsərləri bunlardır: "Məcalisün-nəfayis", "Mühakimətul-lüğəteyn", "Heyrəti-ibraz", "Məhbubül-qülub", "Fərhad və Şirin", "Leyli və Məcnun," "Səddi-İskəndər", "Səbeyi-səyyarə", "Siracül-müslimin", "Lisanüt-teyr", "Halati-pəhlivani-Əbusəid", "Əruzi-türki", "Təvarix və qafiyə", "Müfrədat dər fənni-müəmma", "Münşəati-türki", "Qisseyi-Şeyx Sənan", "Xəmsətül-mütəhəyyirin" və qeyri. Bundan əlavə "Nəzmül-cəvahir" adlı bir kitab fars dilində təhrir etmişdir.

Əlişirin təxəllüsü türkcə "Nəvai" və farsca "Fani" olubdur. Mərhumun əşarından nümunə olaraq izzəti-nəfs və qənaətkarlıq barəsində yazdığı beytdir:

Həqdin əzizliq tilasin eldin üz təmə
Kim, xəlqnin əzizi demiş: "İzzə min qənəə".

Yəni ey Nəvai, əgər həqqdən əzizlik təmənna edərsən, xalqdan təməini kəsgilən. Necə kim, xalqın əzizi fəxri-kainat həzrətləri hədisi-şərifində buyurubdur: "İzəə min qənəə, zillə min təməə"--yəni qənaətkar əziz və tamahkar zəlildir.

Nəvainin musiqi elmində artıq məharəti olub. O fənnə eşq və zövqü nə rütbədə olduğu bu beytindən anlaşılır:

Kamança tari-zülfün vəsfini min til ilə söylər,
Deyil qövlü zəif anın əgərçi qil ilə söylər.

Əlişir üç-dörd yüz il bundan əqdəm söylədiyi bu aşağıdakı beytin məzmunu əsrimizdə rəvac tapmış ədl və müsafat əfkari-hürriyyətkaranəsinə xeyli münasibdir:

Deyr içrə yox sifal ilə altun qədəhdə fərq,
Şahu gədan bir oldu, əcəb karxanədir.

Bu aləmdə cahü cəlal puç və fani olub, ancaq yaxşılıq bati qalacağından bəhs etdikdə deyir:

İrür çün aləm içrə cah fani, yaxşı ad baqi,
Sin el kamin rəva eylə özüni kamran görkəc.

Yəni sən kamran və sahibi-iqtidar olduğun halda "el kamın", fəqirlər ehtiyacın, üftadələr təmənnasın rəva elə və bu yoxsullara himayət qıl, çünki dünyada cümlə cah və cəlal fani olub, yaxşı ad baqi qalacaqdır.

Nəvai ondan fünuni-şerdə və xüsusən qəzəlguluqda şüəradan hansının artıq ustad və mahir olduğunu sual edənlərə bu əbyat ilə cavab vermişdi:

Qəzəldə üç kişi tövridir ol növ--
Ki, ondan yaxşı yox nəzm ehtimali.
Biri möcüzbəyanlıq "Sahiri-hind"--
Ki, eşq əhlini urtar suzi-hali.
Biri qüdsi əsərliq "Arifi-cam"--
Ki, cami-Cəm dürər sınğan sifali.
Biri İsa nəfəsliq "Rindi-Şiraz",
Fəna dəhriğə məstü laübali.
Nəvai nəzmğə baxsan yəmasdır,
Bu üçnün haldin bir beyti xali.
Sanasin güzgüdür ki, əks salmış
Ona üç şuxü məhvəşnin cəmali.

Yəni qəzəldə üç kişi elə mahirdirlər ki, onlardan yaxşı daha nəzm-şer yazmaq ehtimal etmək olmaz. Onlardan biri "Sahiri-hindi", yəni Nasir Xosrov Dəhləvidir, o birisi "Arifi-cam", yəni Molla Əbdürrəhman Camidir və üçüncüsü "Rindi-Şiraz", yəni Xacə-Hafiz Şirazidir. Amma Nəvanini öz nəzminə baxsaq, bu üç şairnn halından Nəvainin bir beyti xali deyildir. Belə ki, Nəvainin beytləri sanki bir güzgüdür və ona bu üç şux məhvəşin camalının əksi düşmüşdür. Burada Nəvai demək istəyir ki, onun əşarına diqqət olunsa, üç şairi züliqtidarın ruhlarını onun kəlamının içində görmək olur.

Nəvai özgə bir məhəldə bu möhtərəm kəlam ustadlarının ismi-şəriflərini lisani-bəlağətşüarı ilə belə yad edir: "Əmma əşar tədvin qılğanlardin bəzi kim, bəqa mülkidə fanidurlar və bəzi kim, hala fəna deyridə baqidurlar, əvvəlqi zümrədin bavücud dərd pişəsinin qəzənfəri və eşq atəşgahının səməndəri, mədəni-cavahiri-mənəvi Əmir Xosrov Dəhləvi və fəna meyxanəsinin rindi-xirqəçaki və bəla peymanəsinin məsti-bibaki və eşqü məhəbbət əsrari əminlərinin həmrazi Xacə Hafizi-Şirazi və sonku firqə din şəbistanının şəmi-ənvəri və üns gülüstanının əndəlibi-süxənvəri və bəlağət şəkkəristanının tutiyi-şirin-kəlami cənabi-məxdumi Mövlana Əbdürrəhman Cami məddəllah təala zülali-irşadə ila müfariqul-talibin divanları aradə bolğay…."

Nəvainin bu təhriratından məlum olur ki, Mövlana Əbdürrəhman Cami əleyhirrəhmə onun müasiri olubdur.

"Qamusül-əlam" sahibi Sami bəyin yazmağına görə, mərhum Əlişir Nəvaninin əsərlərindən "Mühakimətül-lüğəteyn" fars ilə türk lisanı arasında ədibanə və adilanə bir mühakimədən ibarət əsərdir ki, bunda türk lisanının fars lisanından daha da zəngin və daha da mükəmməl olduğu isbat olunur. Belə olan surətdə, əlbəttə, mərhumun bu əsəri biz türklər üçün ən lazımlı və qiymətli bir kitabdır. Amma heyfa ki, nüsxəsi nadir olduğundan çətinlik ilə ələ gəlir. Əlişir Nəvainin, necə ki, yuxarıda zikr olundu, bizim Azərbaycan şüəralarına artıq dərəcədə təsiri olubdur və hətta onlardan bəzi Nəvainin əşarü kəlamına və lisani-möcüzbəyanına o qədər meyl və rəğbət göstəriblər ki, özləri də cığatay türklərinin lisanında şer və qəzəl deməyə və Nəvaiyə nəzirə yazmağa mötad olublar. Onlardan məşhuru Qarabağda Abdulla bəy Asi, Həsən Qara Hadi və Mirzə Əliəsğər Novrəs, Şamaxıda mərhum Hacı Seyid Əzim, Qazaxda Kazım ağa Salik, Dərbənddə Mirzə Cəbrayıl Süpehri və qeyriləridir. Mərhum Abdulla bəy Asinin cığatay dilində elə dilpəzir qəzəlləri vardır ki, Nəvainin öz kəlamına bənzəyir; ancaq bu dilin ərbabı onlara tərhic verə bilir. Onun cığatay lisanında Şirvan şüərasına yazdığı tərcibənd ki, öz məqamında dərc olunacaqdır, hər bir əhli-zövq və mərifəti valeh edə bilir.

Nəvainin türk lisanında mütəəddid asari-lətifləri ilə dürst bələd olanlar yəqin edərlər ki, türk dili o qədər fəqir və rəkik deyil, necə ki, bizim nəzərimizə gəlir. Dilimizin kökünü və əslini bu mənbədən axtarıb tapmaq və istemaldan düşən əlfaz və ibarələrə dübarə dirilik və rövnəq vermək möhtərəm ədiblərimizin baş vəzifələrindən birisidir. Əlan bu yolda İstambulda nəşr olunan "Türk yurdu"nun mühərrirləri, xüsusən Məhəmməd Emin bəy artıq şövq və həvəslə işləməkdədirlər. Nümunə üçün burada Nəvainin bu qəzəlini yazmağa iktifa edirik:

Könüllər naləsi zülfün kəməndin nagəhan görgac
İrür andaq ki, quşlar qıçqırışğaylar yılan görgac.

Könül çakin gözümdə əşki-rəngin elgə faş etti,
Balıq zəxmini fəhm eylərlər el dəryadə qan görgac….

Boyalğan qan ara can pərdəsi yetgac qəmi-hicrin
Könül bağida bərgidür ki, al olmuş xəzan görgac….

İrür çün aləm içrə cah fani, yaxşı ad baqi,
Bəs, el kamın rəva eylə özünü kamran görgac….

Nəvai, xürdə nəzminni andaq eylədin təhrir
Ki, sacğay xürdə başın üzrə şahi-xürdədan görgac.

Burada Azərbaycan şüərasının pişvaları və ustadları məqamında olan Füzuli Bağdadidən, Yusif Nabi və Əlişir Nəvaidən mümkün olduğu qədərdə məlumat verdikdən sonra özümüzə borc hesab edirik ki, milli şairlərimizə şüru etməzdən müqəddəm vətəni-məlufumuzun sabiqdə mühüm məkəzləri sayılan Gəncə, Şirvan, Şamaxı vilayətlərinin tarixinə məxsus və o yerlərdə vücuda gəlib nəvşü nüma tapan əazimi-şüəradan ustadi-şüəra Əbülülanın, Şeyx Nizaminin, həkim Xaqaninin və qeyrilərin ismi-şərəflərini zikr edib, hər birinin tərcümeyi-hallarına və əsərlərinə dair icmalən məlumat verək.