Məzmuna keç

Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Gəncə (məqalə)

Vikimənbə saytından
Əlişir Nəvai Əmir Nizaməddin Azərbaycan ədəbiyyatı. I cild. Gəncə
Müəllif: Firudin bəy Köçərli
İbrahim İbn Əliyyün-Nəccar Xaqani


Gəncə şəhəri çox qədim və böyük şəhərlərdən birisi olduğuna onun ətrafındakı əsari-ətiqə şəhadət verir. Bu asar isə köhnə qəbiristanlıqlardan, əski təmiratın uçuq bünövrələrindən, əski qala və hasarların dağılmış divarlarından və bu növ sair əlamətlərdən ibarətdir. Necə ki, təvarixdə görünür, Gəncənin başında çox böyük hadisələr vüqua gəlmişdir, onun üstündə çox qanlar tökülüb, canlar fədaya getmişdir və müruri-əyyam ilə başıbəlalı Gəncənin yaxası əldən-ələ keçib, müxtəlif miləl və əqvamın yədi-təsərrüfünə düşmüşdür.

Miladın yeddinci əsrində Gəncə erməni padşahlarından Tiqranın təhti-hökumətində ikən İran qoşunu onun üstünə hücum edib, əhalisini məğlub və şəhəri təxrib qılmışdır. Haman bu yeddinci əsrin əvaxirində Gəncə İran dövlətinin ixtiyarından ərəblərə keçib və ərəblərin bu yerlərdə xəzərlər ilə bir çox böyük dava və qırğınları vüqua gəlmişdir. Tarixi-miladın 1138-ci sinəsində vüqui-zəlzələdən şəhər bilmərrə dağılıb, sabiqi yerindən qeyri bir məhəllə nəql olunmuşdur. On dördüncü əsrin axırlarında Teymurləngin hücumundan yeni bina tutmuş şəhər dübarə viran və əhalisi pərişan olmuşdur. Tarixi-məsihiyyənin on altıncı əsrində Gəncə yenə İran dövlətinə tabe olur və on yeddinci əsrin ibtidasında Şah Abbas Səfəvi şəhəri indiki məhəllinə köçürüb, möhkəm və xoşsəliqə binalar yapmaqla onu xeyli abad edir və İranzəmindən Azərbaycan türklərindən çoxlu evlər köçürdüb Gəncəyə gətirdir. Bu türklərin səy və ehtimamı və təmirat işlərində onlara məxsus olan məharət və qabiliyyətləri sayəsində şəhər az bir vaxtın içində zayidə, məmur və abad olunur. Şəhərin ortasında Şah Abbas ali və müzəyyən bir cameyi-şərif yapdırıb, müdərris və tələbələr üçün onun ətrafında hücrələr tikdirir. Bu məscidin əmsalı indi də nadir tapılır. Camenin özünün və onda təhsil edən tələbələrin idarə və məxarici üçün böyük və vəsi bir karvansara tikilib vəqf olunmuşdur.

Cameyi-şərifin təmiri miladın 1620-ci sənəsində vaqe olmuşdur. On səkkizinci əsrin əvvəllərində Gəncə otuz ilədək Osmanlı dövlətinin təhti-idarəsinə keçib, sonra miladın 1735-ci ilində Nadir şah ilə osmanlıların beynində Gəncə üstündə böyük toqquşma və vuruşmalar vüqua gəlib. Axirüləmr, Nadir şah osmanlılara qalib gəlir və Osmanlı əskərlərini şəhərdən çıxmağa məcbur qalır. Bundan sonra on doqquzuncu əsrin ibtidasına kimi Gəncə gah İran dövlətinin təbəiyyətində, gah Gürcüstan padşahlarının təhti-hökumətində və gah müstəqillən öz xanlarının idarəsi altında olmuşdur.

Rus dövlətinin əvvəlinci dəfə Gəncəyə sahiblik etməyi miladın 1796-cı sənəsində olubdur. Amma bu sahibliyin müddəti çox çəkməyibdir. 1804-cü ildə knyaz Sisianov Gəncənin üstünə əskər sürüb, onu müddəti-mütəmadi mühasirə eləyir. Gəncə xanı Cavad xan şəhərin müdafiə və mühafizəsi üçün ixtiyarında olan qoşuna özü sərkərdəlik etmişsə də, axırda məqtul olur.

Cavad xan məqtul olandan sonra onun adamları rus qoşununun zor və hücumuna tab gətirə bilməyib pərakəndə olublar və Gəncə yenə müvəqqəti rusların yədi-təsərrüflərinə keçir. Amma sonradan miladın 1813-tarixində "Gülüstan" sülhnaməsinin hökmünə görə, Gəncə xanlığı bilkülliyə istiqlaliyyətini itirib rus dövlətinə tabe olur. Əvvəlcə uyezdni şəhər qərardadında, sonradan 1862-ci sənədə dəyişirilib qubernski şəhər halına düşür. 1826-cı ilin iyul ayında Fətəli şahın oğlu nayibüssəltənə Abbas Mirzə Allahyar xan ilə bərabər güclü qoşun götürüb, Gəncənin üstünə hücumavər olub, rusları şəhərdən çıxmağa məcbur qılır. Və lakin haman il sentyabrın 4-də general Mədədovun və Paskeviçin sərkərdəliyi ilə İran qoşunu ilə rus qoşununun arasında Gəncənin yeddi verstliyində böyük bir müharibə vüqua gəlib, İran tərəfi məğlub və münhəzim olur.

Knyaz Sisianov Gəncəni fəth edəndən sonra ona imperatoriçə Yelizavetta Alekseyevnanın adını vermişdir, ona binəan Gəncə Yelizovetpol adlanır.

Gəncənin məhəlli-mövqeyi gen və açıqdır; içindən Gəncə çayı axır. Bəzi rəvayətə görə, şəhər bina olduqdan sonra məzkur çayın adı ilə təsmiyə olunmuşdur. Gəncənin torpağı məhsuldar və münbit olur, hər qisim meyvəcat yetirir. Şəhərin dörd ətrafı bağ və bostandır; artıq meyvəli və mədaxilli bir yer hesab olunur. Vəli abü havası çəndan səlamət deyil. Yay fəslində şiddətli isti olmağa görə, qızdırma (isitmə) və qisim-qisim naxoşluqlar əmələ gəlir. Şəhərin nücəba qismi və varlıları yay mövsümündə Hacıkənd adlı yaylağa--ki, Gəncənin yaxınlığındadır,--köçüb, orada istirahət edirlər. Fəqir-füqəra şəhərdə qalıb növbənöv mərəzlərə mübtəla olurlar. 1905-ci sənədə Gəncə şəhəri dəxi erməni tayfası ilə müsəlmanların arasında vüqua gələn fəsad və toqquşmadan salamat qalmadı. Onun mərkəzində olan erməni tikililəri və Şah Abbas karvansarası yanıb tələf oldu. Amma indi onların yerində daha gözəl evlər, mağazalar, mehmanxana və karvansaralar təmir olunubdur, düz və enli küçələr salınıbdır.

Gəncə əhlinin əksəri müsəlmandır. Bu axır vaxtlardan bəri ülum və maarif kəsbinə rəğbət göstərməkdədirlər və demək olur ki, tərəqqi yoluna düşüblər.