Məzmuna keç

Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Ağabağır (məqalə)

Vikimənbə saytından
Ağahüseyn "Arif" təxəllüs Azərbaycan ədəbiyyatı. I cild. Ağabağır
Müəllif: Firudin bəy Köçərli
Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüs


Yusif Qarabağinin məcmuəsində Ağabağır ismində bir şairin əsərlərindən nümunə olaraq bir müəşşər-tərcibənd dərc olunmuşdur. Bu kəlamda bahar fəslinin əlamətlərini şair tədriclə zikr edib, güldən, bülbüldən və yasəmən, sünbüldən söz açıb, axırda təəssüflə fəryad edib deyir ki, heyif deyilmi ki, belə gözəl çağda baş qala torpaqda:

Bir belə mövsümdə, bahar çağdə
Heyf deyil baş qala torpaqdə?

Yəni insanın ömrü qəflətdə və zillətdə keçir. Şair Adəm övladına xitabən deyir;

Keçir günüm eyş [ilə] işrətdə sən,
Zövqü səfa eylə bu vəhdətdə sən!
Nə qədr ki, bu ömri-dövlətdəsən,
Çərxə vəfa bağlama, əlbəttə, sən!
Seyran elə baği-nəzakətdə sən,
Barvər ol nəxli-şərafətdə sən!
Təlx etmə övqatını möhnətdə sən,
Eylə məqam övci-səadətdə sən!
Uyma, könül, bu xabi-qəflətdə sən,
Aç gözünü bir nəzər afaqdə!

Bundan sonra şair ulduzlardan, sabit səyyarələrdən--Mərrix və Ütariddən, Müştəri və Zöhrədən söz açıb və bunun dalısınca bürcləri bir-bir zikr eləyib, ərşdən, şəmsdən, qövsi-qüzehdən və tiri-şəhabın ləməsindən söyləyib, hər məxluqda qüdrəti-xaliqin əlamətlərini və nişanələrini göstərir. Şairin kəlamında mərifət əsəri və zövq-şövq hissləri müşahidə olunursa da, kəlamın özündə lətafət və çəndan rəvanlıq və mövzunluq görünmür.

Ağabağırın dəxi əslü nəsəbi və məhəllü məkanı məlum deyil.