Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Ağaməsih Şirvani (məqalə)
←Aşıq Pəri | Azərbaycan ədəbiyyatı. I cild. Ağaməsih Şirvani Müəllif: Firudin bəy Köçərli |
Asəf Şirvani→ |
Ağaməsih Şirvani Mustafa xanın zəmani-hökumətinin ibtidasında Şirvanda olurmuş, özü də kamil bir vücud imiş; təbi-şeriyyəsi də var imiş. Ağaməsihin nəslindən indi də Şamaxıda vardırlar. Belə ki, möhtərəm ədibimiz Sultan Məcid Qənizadənin mərhum şair dördüncü babası hesab olunur.
Ağaməsih Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin müasiri olduğuna görə, əşar və tərzi-kəlamı onlarınkına artıq dərəcədə bənzəyir. Məşhur qövlə görə, Ağaməsih hicrətin on üçüncü əsrinin ibtidasında İranda vəfat etmişdir. Mirzə Yusif Qarabağinin məcmuəsində Ağaməsih Şirvaninin kəlamından bir müxəmməs və bir müəşşər təb olunmuşdur və bunlardan əlavə Zaqafqaz müftisi Hüseyn əfəndi Qaibov həzrətlərinin "Məcmuə"sində Ağaməsihin bəzi kəlamı yazılıbdır. Onlardan nümunə üçün bir neçəsi burada zikr olunur.
Müəşşəri-Ağaməsih Şirvani:
Ey türfə nigari-mahruxsar,
Ey huriliqa, firiştəkirdar,
Bu hüsn ilə olmamışkən izhar,
Oldun məni-dilşikəstəyə yar.
Bilmən necə hiylə qıldı əğyar,
Sonra səni məndən etdi bizar.
Bəs indi sözüm budur ki, təkrar
Bir ad ilə et məni günəhkar.
Al dəstinə tiğ, durma, zinhar,
Öldür məni, olsun əllərin var!
Ey hüsni-cəmali mahparə,
Əhvalıma qılma sən nəzarə.
Yar oldu rəqib sən nigarə,
Oldun mənə yağı varə-varə.
Salsan məni ahi-pürşərarə,
Yox məndə rizadən özgə çarə.
Rəhm etsən əgər məni-fikarə,
Salmaz məni qəm bu ruzigarə.
Xəlvət özünü çəkib kənarə,
Bir könlünə eylə istixarə.
Təqsirimi söylə aşikarə,
Öldür məni, olsun əllərin var!
Ey rəngi-üzari şöleyi-nur,
Qılmana misal, nisbəti-hur,
Bir şux ki, oldu hüsnə məğrur,--
Çox olmaz onun ədası mənzur.
Gəl, sən dəxi qılma fitnəvü şur,
Etmə özünü bu tövr məşhur.
Ta vəsldən eylədin məni dur,
Ancaq ki, budur dilimdə məzkur,
Üftadeyi-eşqə eyləmə zur,
Qoyma məni dərd evində rəncur.
Xublərdə əgər bu isə dəstur,
Öldür məni, olsun əllərin var!
Ey şah, dərində bir gədayəm,
Yad etmə məni ki, aşinayəm.
Kuyində əgərçi xaki-payəm,
Bil qədrimi, eyni-kimyayəm.
Əfsaneyi-dərdi-bidəvayəm,
Hərçənd ki, eşqə mübtəlayəm,
Sərkəşteyi-möhnətü bəlayəm,
Əhvalı şikəstə, binəvayəm,
Sirrini desəm üzü qarayəm,
Baş ilə ayağına fədayəm,
Bu məsləhətə ki, mən rizayəm:
Öldür məni, olsun əllərin var!
Ey qətlimə eyləyən iradət,
Məqsudinə yet səhih-səlamət!
Açılsa əgər bu babi-rəhmət--
Kim, hasil olur mənə bəşarət,
Qalmam məni-namurad rahət,
Daha haçan eylərəm şikayət?
Səndən bunu istərəm nəhayət,
İqrarına olma bidəyanət.
Can məndə səninkidir əmanət,
Al, sonra ki, çəkməyim xəcalət.
Düşməz ələ daxi böylə fürsət:
Öldür məni, olsun əllərin var!
Ey gül, desələr Məsihə qafil,
Bir özgə nigarə oldu mail,
Təhqiq elə kim, dolansa yüz il,
Səndən dəxi qeyrə verməzəm dil.
Ərzim bu ki, eyləmə təğafil,
Bir ğövrə yetiş, günahımı bil,
Cəm et neçə əhli-hali-aqil,
Onlardan həqiqət eylə hasil.
Gər şər həmin budur müqabil,
Mən həm oluram bu əmrə qail.
Gördün iki şahid oldu adil,
Öldür məni, olsun əllərin var!
Müxəmməsi-müstəzadi-naqisi-Ağaməsih:
Ey şux, ruxun gün kimi əşyayə mücəlla,
Üşşaqə təmaşayi-cəmalın fərəhəfza,
Mənadə rümuzi-dəhənin elmi-müəmma,
Sən kimi tapılmaz büti-ziba sənəm əsla,
Hər zib sənə süni-xuda birlə mühəyya,
Daxi nə bəzənmək?!
Məşşatə nə lazım sənə, ey afəti-dövran--
Kim, eyləmisən ayinəni hüsnünə heyran?
Nazik üzünə ğazə nikah etsə, düşər qan,
Təpsin gözünə sürməsini əhli-Sifahan,
Çeşmi-siyəhin kim, ala hər işvədə yüz can,
Daxi nə bəzənmək?!
Bəzm içrə yüzündən götürən dəmdə niqabın,
Qanını ləbin şişəyə tutdu meyi-nabın,
Başına həva gəldi qədəhlərdə hübabın.
Bitab düşüb saqi, nə mümkün verə tabın?
Yıxdın evini mən kimi min xanəxərabın,
Daxi nə bəzənmək?!
Basanda qədəm naz ilə seyr etməyə bağə,
Ruyin gülü səhrayə qovub, laləni dağə,
Gər bərki-həna düşsə, əcəb yox, əl-əyağə,
Şayəstə deyil al vərəq al yənağə,
Gündüz günə bənzər, gecə məhtabü çirağə,
Daxi nə bəzənmək?!
Ey qaməti sərvü ləbi qönçə, ruxi lalə,
Göz mərdüməki məhv ruxunda xətü xalə,
Zülfi-siyəhin mahi-ruxun dövrünə halə,
Peyvəstə qaşın göydə urar tənə hilalə.
Kim görsə deyər səlli-əla beylə cəmalə,
Daxi nə bəzənmək?!
Ey tazə lətafət çəməni içrə güli-tər,
Olmaz bu nəzakət belə bir şuxə müyəssər,
Təbdili-libas etsə, deyil mən sərasər,
Bilütfdürür qeyri-vəfakar mükərrər,
Nəqqaşi-qəza kim, sənə vermiş belə zivər,
Daxi nə bəzənmək?!
Lütfündə Məsiha dilər asarü məqalat,
Ol Xızr kimi abi-dil ilə rəhi-zülmat,
Səndən aparır feyz bədəni-mürdeyi-mirat,
Heyhat! Bu növ ilə nəzirin ola, heyhat!
Məhtab kimi aləmə məqbulluğun isbat,
Daxi nə bəzənmək?!
Ağaməsihin burada zikr olunan hər iki kəlamı onun təbinin mövzun və güşadə olmağına dəlalət eləyir. Bəzi əbyatı hüsnü lətafətdə Molla Pənah Vaqifin kəlamına bərabərdir ki, gözəl mədhində onun yazdığı kəlam yuxarıda zikr olundu.
Ağaməsih dəxi bir kəlamında Vaqif kimi həqiqi gözəlliyin nişan və əlamətlərini bir-bir zikr edib, zahiri gözəllik və məlahətlə bərabər, gözəlin əslü nəsəbini dəxi mülahizə edib, onları əvvəlinci şərtlərdən hesab eləyir:
Əvvəla şəkk olmaya zati-əbavü cəddinə,
Deməyə bir kimsə hərfi-namünasib rəddinə,
Yetmiş ondördgecəlik ay tək büluğ həddinə,
Çün şəbi-yelda qəra saçı bərabər qəddinə,
Həm mübarək başı misli-qübbeyi-mina gərək.
Özgə bir müxəmməsində Ağaməsih əhli zəmanədən şikayət edib deyir:
Dila, etmə təvəqqe, rastguluq qanda qalmışdır,
Qərinə özgədir, bunlar keçən dövranda qalmışdır,
Nəməkdə qədrü qiymət, nə kəramət nanda qalmışdır,
Bəla çəkməkliyə nə tabü taqət canda qalmışdır,
Nə asari-şəfa bimar üçün dərmanda qalmışdır.
Olubdur qəlb xain, həq bilir bir paktinət yox,
Düşəndə satmayan dünyada dinin hiç millət yox,
Zükur əqsamının təbində əsla doğru beyət yox,
Ünas əhlində bir zərrə hicabü şərmü ismət yox,
Təriqi-adəmiyyət yolda, nə ərkanda qalmışdır.
Havalı kimsələr bəhri-həramə misli-yelkəndir,
Nə yan olsa, çəkər məllahı, nəfsin kəştisi təndir,
Dolanır qəhrü zülmə sahili-insafdən gendir,
Nə fərq edən həlalı dari-dünyadə müəyyəndir,
Nə xövfi-axirət xəlq içrə nahəq qanda qalmışdır.
Tutan, məlum, yox şəri-rəsuli, əmri-allahi,
Rəiyyətlər qılır dəstgah hər beş gündə bir şahi,
Cələbdir şiveyi-ülfət, bu rəmzin kimdir agahi,
Sədaq oxu kimi gəctəblər almış nəzərgahi,
Olar kim, doğrudur əyri qılıc tək yanda qılmışdır.
Məsiha, kəs təəllüq bu cahandan kim, xəsarət var,
Nə təsiri-dua zahir, ərənlərdə nə himmət var,
Nə alimlərdə şəriyyət, nə bəylərdə ədalət var,
Nə bir doğru sözü xəlqin, nə bir kəsdə dəyanət var,
Həqiqət aşinadə, nə vəfa yaranda qalmışdır.
Ağaməsihin bu müxəmməsində müasiri Vaqif kimi öz zamanının xalqından, onların düruğgu, nəməkhəram, qədrbilməz, bivəfa və bidəyanət olmaqlarından şikayət edib, dünyada düzlük və doğruluğun nabud olmağından fəryad eləyir və ziyadə təəssüflə haram ilə halalın mabeynində təfavüt qoyulmadığını, şərmü həyanın və dini-islamın unudulmağını və axirət xövfü xalqın qəlbindən çıxmağını, insaf və mürüvvətin ədəmini izhar edib, öz-özünə xitabən deyir: Məsiha, bu cahandan və onun əhlü naəhlindən əlaqəni kəs; bir yerdə ki, duada təsir, ərənlərdə himmət və qeyrət, alimlərdə zöhdü təqva, bəylərdə ədalət, dostlarda sədaqət qalmaya və doğru yerinə əyri işlənə, daha orada nə xeyir və bərəkət və nə zindəkanlıq?!…
Bu səbəblərə görə şair vaxtının çoxunu qürbətdə keçirib və axırda qürbətdə dəxi canını can yaradana təslim etmişdir.