Məzmuna keç

Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Cəfərqulu xan "Nəva" təxəllüs

Vikimənbə saytından
Ağaismayıl Zəbih Azərbaycan ədəbiyyatı. I cild. Cəfərqulu xan "Nəva" təxəllüs
Müəllif: Firudin bəy Köçərli
Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüs


Mərhum Cəfərqulu xan İbrahim xanın böyük fərzəndi Məhəmmədhəsən ağanın oğludur. Məhəmmədhəsən ağa isə ziyadə nəcib, fərasətli və ləyaqətli bir şəxs imiş. İbrahim xan onun xatirini əziz tutarmış və özünə onu vəliəhd təyin edibmiş. Vəli İbrahim xan hənuz sağ ikən oğlu Məhəmmədhəsən ağa dari-üqbayə rehlət buyurdu və İbrahim xan general Tesvidayevin vasitəsilə Rus imperatoruna yazıb, kiçik oğlu Mehdiqulu xanı ondan sonra varis təsdiq etmək fərmanını xahişmənd olmuşdu və tarixi-islamiyyənin 1221-ci sənəsində--ki, tarixi-məsihiyyənin 1806-cı sənəsinə mütabiqdir,--Mehdiqulu xan imperator fərmanı ilə külli-Qarabağ xanlığına İbrahim xandan sonra hakim təyin olundu.

Məlum olsun ki, Cəfərqulu xan babası İbrahim xanın hali-həyatından aşikarən varislik iddiası etmirdisə də, amma qəlbində bu arzu və başında Qarabağa hakim olmaq fikri var idi. Zəmani ki, imperatorun fövqdə zikr olunan fərmanı yetişdi, Cəfərqulu xan məyus və mükəddər oldu və o vaxtdan sonra onunla əmisi Mehdiqulu xanın arasında həmişəlik bir küdurət və ədavət vüqua gəldi və Cəfərqulu xan çox hiylə və dəsisələr və pürfəsad tədbirlər işlətdisə də, nəticəbəxş olmadı və bəlkə özü müttəhim olub "gözdustağı" halında Petroqrada aparıldı və orada bir müddət qalandan sonra generallıq çini alıb Qarabağa müraciət elədi.

Cəfərqulu xan babası İbrahim xan kimi dilir, rəşid, qəviheykəl və pürhünər bir zat imiş. Əhli-zövqü şövq olduğu üçün vaxtını işrətdə keçirərmiş, tar-tənburu, çəng-çəğanı, mütrib və müğənnini dost tutarmış. Qapısında İran padşahları kimi pəhlivan və nər güləşdirmək, qoç döyüşdürmək, kəndirbaz oynatmaq, hoqqabaz saxlamaq adəti və xoşa gələn işlərdən hesab olunarmış. Vəli o sifətləri ki, "Riyazül-aşiqin" sahibi möhtərəm Məhəmməd ağa Müctəhidzadə xani-mərhumun haqqında yazıblar, dürüst deyil. Belə ki, Müctəhidzadə cənabları yazır: "Bu mənbəi-cudü səxa və mədəni-feyzü əta ki, xani-nəvali və süfreyi-ehsani ğədü işa və sübhü məsa məcməi-füqəra və mövqeyi-məsakin və züəfadır, təlli-xakistəri mətbəxi-cudindən atılan xakistər və əncümü əxtər onun ad qazanan olan qüduri-rasyatının zirindən çıxan şərarə və əxkərdir. Nami-nami və ismi-giramisi cənnətməkan və xüldaşiyan Cəfərqulu xani-mərhum ki, Məhəmmədhəsən ağa Cavanşirin şiblidir" i.a.

Bu müqəddimə xilafi-haqqü savab və bir növ biməzmun ibarələrdir ki, bunları yazmaqdan müəllifin əsl muradı nə olduğunu anlaya bilmədik. Bu qədər tərif və tövsifə nə hacət?! Bu qədər mübaliğə və ifrat nə lazım?! Bu boş ibarələr ancaq kəlamı etibardan salır. Hər şəxsi öz sifəti ilə yazmaq, bildirmək yaxşı deyilmi?!

Xani-məzkuru görüb-eşidənlərin rəvayətinə görə, onun süfreyi-ehsanı məcməi-füqəra və mövqeyi-məsakinü züəfa olmayıb, bəlkə lotu-potu yığıncağı, oyunbaz, quşbaz və şəbədəsazi-məhəlli olubdur. Onun "mənbəi-cudü səxa və mədəni-feyzü əta" olduğuna dəxi şübhə çoxdur. Necə ki, onun şənində mərhum Qasım bəy Zakir Mirzə Fətəli Axundova yazmışdı, onun vücudu yuxarıda yazılan sifətlərdən ari və bəri imiş. Budur Zakirin yazdığı şerlər:

Çoxların qılıbsan çörəyə möhtac,
Axtarır, tapılmaz dərdinə əlac;
Fironu Hamanü Zöhhakü Həccac
Ola bilməz ola sitəmkar səndən.

Bidətin yandırıb qövmü əshabi,
Müşküldü gətirək bu zülmə tabi,
Düşüb Cəbrəilli, Maralyan, Babi,
Horadiz, Qoyucaq dərbədər səndən.

Zülmü sitəminlə aləm dolubdur,
Əhli-beytin rəngi-ruyi solubdur,
Neçə rövşən xanimanlar olubdur
Şəbi-yelda kimi tirətər səndən…. i.a.

Çox ehtimal var ki, Zakir dəxi xani-mərhumu təzmim etməkdə mübaliğə etmiş olsun və bir növ qərəzi-şəxsi ucundan həddi-etidaldan çıxsın, amma bilmərrə bu sözlərin doğru tərəfini də inkar etmək olmaz, bir halda ki, əvvəl vaxtlarda Zakir Cəfərqulu xana yavuq imiş və onun əxlaqü ətvarına dürüst bələd imiş.

Cəfərqulu xan həştad ildən artıq yaşayıbdır və hicrətin min iki yüz həştadıncı illərində vəfat edibdir. Təbi-şeriyyəsi dəxi var imiş. Fars və türk lisanında bir neçə əsərləri vardır.

Tamahkar və halvaxor bir mollanın barəsində bu şerləri yazmışdır:

Ey oştore-kəcgərdəna danəm çe xahi kərdəna,
Gərdənderazi mikoni əz bəhre-həlvaxordəna.

Çon sobh xizi, quş kon çon morde bini cuş kon,
Xurcinra bər duş kon əz bəhre-həlvaxordəna.

Bər xane-rəbbol-nasra əz sər məbər vəsvasra,
Por kon çənaqo tasra əz bəhre-həlvaxordəna. [1]

[1] Tərcüməsi:
Ey boynuəyri dəvə, bilirəm nə etmək istəyirsən,
Halva yemək üçün boynunu uzadırsan.
Səhər duranda qulaq as, elə ki, ölü gördün, coş,
Halva yemək üçün xurcunu çiyninə al.
Allah adamlarının süfrəsi arxasında şeytanı fikrinə gətirmə,
Halva yemək xatirinə qab-qaçağını doldur.

Bəziləri bu şerləri Cəfərqulu xana isnad verirlərsə də, biz yəqinən təsdiq edə bilmərik. Xanın Aşıq Pəri ilə dəxi bir neçə mükalimələri və məktubati-mənzumələri vardır və lakin onların çəndən əhəmiyyəti yoxdur ki, burada yazılsın.

Kəlamından məşhuru Şuşa qazisi Mirzə Əbülqasımın haqqında yazdığı qəsidədir ki, eynilə burada dərc olunur:

Matəmi böylə tutarmış məgər adəm, qazi,
Edə lənət ona bəs sahibi-matəm, qazi.

Sən necə zamin olurdun, kişi, dava olmaz,
Bu sözü rus yanında dediniz həm, qazi.

Siz məgər halını öz əhlinizin bilməzsiz,
Zərrəcə bəd əməlindən eləməz qəm, qazi.

Özgə davada olan kəslər alır simu zəri,
Qırdırır şişəlini müftü müsəlləm qazi.

Zahirən qələlinin qətlə gedərdi nisfi,
Olmasaydı aralıqda yenə Rüstəm, qazi.

Daima vəz eləyir xalqa ki, ehsan eləyin,
Özü heç dışqarı verməz ola gər nəm qazi.

Daş daş üstə belə Şişədə durmaz hərgiz,
Bəzi işlərdə əgər olmasa ələm qazi.

Adını molla qoyan xalqa deməz rast yolu?
Onların dərdi edibdir qədimi xəm, qazi.

Unudurlar hamısı tarı, peyəmbər əmrin,
Gər aralıqda ola söhbəti-dirhəm, qazi.

Bir para vaxt danışmaq bizə lazımdır, leyk
Bir para vaxtda yekdir ola əbkəm qazi.

Demişəm mən sənə heç vəqt inanma xalqa,
Bəzi övqat eşit pəndimi kəm-kəm, qazi.

Bundan artıq nə yazım dərdi-dili, mövlana,
Deyərəm baqi sözümü səni görsəm, qazi.

Cəfərqulu xanın qaziyə xitabən yazdığı bu kəlamına səbəb mahi-məhərrəmdə qalalıların arasında dəstəbaşı olmaqlıq və yainki cüzi bir şeyin üstündə vüqua gələn dava və çırpışma olubdur ki, neçə adamlar nahaq yerə qətlə yetişibdir. Yəqin ki, qaziyi-şəhr divan əmələcatına söz verib zamin olubdur ki, dava və şava düşməz, vəli öz əhlinin öhdəsiidən gələ bilməyib, rəfi-mücadilə və mübahisədə aciz qalıbdır və yainki kəsrəti-təmədən tərəfgirlik edib, mücadiləyə bir növ özü səbəb olubdur. Necə ki, xanın kəlamı buna şəhadət verir:

Sən necə zamin olurdun, kişi, dava olmaz,
Bu sözü rus yanında dediniz həm, qazi.

Siz məgər halını öz əhlinizin bilməzsiz,
Zərrəcə bəd əməlindən eləməz qəm, qazi.

Özgə davada olan kəslər alır simu zəri,
Qırdırır şişəlini müftü müsəlləm qazi.

Cəfərqulu xanın bu kəlamı müasiri olan Qasım bəy Zakirə--ki, Qarabağın ən müqtədir şairi hesab olunur və onun haqqında atidə zikr olunacaqdır,--təsir eləyir və övsafi-qazini ol mərhum dəxi də mükəmməl vəchdə və istehza səbkində nəzmə çəkir.

Kəlami-Zakir:

Eləyibdir [nə] günəh hiç nə bilməm qazi,
Xəlq arasında olubdur belə mülzəm qazi.

Yaradıbdır onu ol xaliqi-əşya bieyb,
Dari-dünyada bu surət tapılır kəm qazi.

Qazi hər yerdə olur biməzəvü bədhərəkat,
Şükrlillah ki, bu həm baməzədir, həm qazi.

Qələmi tiği-düsərdir, özü mərdi-rəhi-din,
Daima Şeyxi ilə cəngə müsəmməm qazi.

Səri-ədadə fırıldar çomağı bərqasa,
Necə ki, mərəkədə şeşpəri-Rüstəm qazi.

Nari-qəhri əridir mum kimi fuladi,
Küreyi-nəfsi-dərunə verə gər dəm qazi.

Kimdi yanında onun Əliqulu, Əbdurrəhim,
Kuhi-Əlbürsü yıxar çün toxunan dəm qazi.

Dəhrdə Şişə olur səngi-cəfadən eymən,
Ola bir şəhrdə bu tərzlə möhkəm qazi.

Mədəni-cudü kərəm, caygəhi-əmnü əman,
Ədldə Nuşirəvan, bəzldə Hatəm qazi.

Füqəra dövri-sərayində bəsani-halə,
Nəqdi-ehsani Qarabağə çü şəbnəm qazi.

Qələt etdim, bu sözün yoxdu vüqui hərgiz,
Qorxuram cəmdəyimə tüf deyə aləm, qazi.

Şişənin simü zərin doldurasan xanəsinə,
Şişəvəş dışraya verməz yenə bir nəm qazi.

Qazi oldur ki, qala əhli-vilayət qəminə,
Nə ki, aləm həmə qəmgin ola, xürrəm qazi.

Onda mən gördüyümü görmüşəm, indən beylə--
Etməzəm taət ona gər ola qibləm qazi.

Haradan gəldi bular, eylədilər xəlqi xərab,
Biri der müctəhidəm, biri müsəlləm qazi.

Atlanıb biri çapar Təkləyə day, danə üçün,
Biri də şamü səhər talibi-dirhəm qazi.

Yay gedər Fingiyə zövq etməyə, qış Qaynağə,
Bir deməz hiç gəlir mahi-məhərram qazi.

Qazi lazımdı deyə məhkəmədə şəri-nəbi,
Nə ki kəşt edə cahanı, minib ədhəm qazi.

Təbrizin ağı ucuz, miri-vilayət qafil,
Hər əlif-bey deyəni qıldı müəmməm qazi.

Dəxi divani-rəiyyət belə getsə, qalmaz,
Bu Qarabağı edar cümlə mükərrəm qazi.

Xişü əqvamına mu qədri tərəhhüm qılmaz,
Dəmbədəm xalqa oxur sileyi-ərhəm qazi.

Sabiqən böylə deyildi, olub indi birəhm,
Həzrəti-xanə olandan bəri məhrəm qazi.

Çox adam var idi nəzm ilə əda eyləməli,
Xahişi-xanə görə düşdü müqəddəm qazi.

Çünki divanəyə yoxdur qələm ümmidim var
Əfv edər cürmümü, gör üzünə söysəm qazi.

Dastani-Əmiraslanı bu gündən böylə--
Başlaram, fikrim əgər olsa fərahəm, qazi!

Hər iki kəlamdan məlum olunur ki, ruhanilərimizin qusur və nöqsanı hər bir əsrü zamanda əhli-mərifətlərimizin nifrət və tənqidlərinə bais olub, onları təzmim və təsyib qılıblar. Xüsusən məsnədi-qəzavətdə əyləşən alicənabların hirsü tamahı, dünyagir və biəməl olmaqları cümlədən artıq üdəbavü şüəra zümrəsinə təsir edibdir. Necə ki, Cəfərqulu xan buyurur:

Daima vəz eləyir xalqa ki, ehsan eləyin,
Özü heç dışqarı verməz ola gər nəm qazi.

Zakirin bu mətləbə dair yazdığı şer bundan da gözəl və pürməzmundur:

Şişənin simü zərin doldurasan xanəsinə,
Şişəvəş dışraya verməz yenə bir nəm qazi.

Bu kəlamda cinas vardır. Əvvəlki misrada "Şişə" Şuşa qalasından ibarətdir ki, sabiqdə Qarabağ xanlarının paytaxtı hesab olunurdu. İkinci misrada yazılan "şişə" məhz şişənin özündən--sürahidən ibarətdir ki, onun içinə hər nə töksən yenə dışqarıya nəm verməz.

Cənab qazi dəxi nə qədər öz xanəsinə Şişə xalqının simü zərini və sair əmvalını doldurur isə, yenə də doydum deməyib, xaricə və ətrafında olan füqəravü məsakinə zərrəcə rəhm eləmir və bir möhtacın ehtiyac və zərurətini rəva qılmır. Necə ki, bu barədə mərhum Qasım bəy başqa bir kəlamında buyurmuş:

Molla nə molla, əsiri-şikəmi-əndər piç,
Qazi nə qazi ki, sir olmaz içə ümmani.

Bəli! Dəryalar kamına çəkib sir olmayan və heç bir şeydən gözləri doymayan ruhanilərdən milləti soymaqdan qeyri daha bir təmənnavü çeşmdaştlıq ola bilməz!…

Necə ki, yuxarıda zikr olundu, sabiqdə Zakirin xatiri Cəfərqulu xanın yanında əziz imiş və aralarında zərafət var imiş. Bir dəfə Zakir xanın hüzuruna gedir və nə tövr olursa, onun başmaqları xanın sarayında oğurlanır. Şair məyusanə evinə qayıdıb bu həcvləri xidmətkarlar böyüyü Bəylər bəyə yazır:

Bəylər, nə layiqdi xan qulluğuna
Bir kəs atlı gedə, piyadə gələ?
İldə bir yol düşür mənim güzarım,
Vay onun halına ziyadə gələ.

Böyüyün dərində lazımdı dərban,
Axşama dək ola bəndeyi-fərman,
Təmənnasız gələn olur peşiman,
Gələ gör bir adəm murada gələ!

Oğruluğa əcəb olubsuz mötad,
Həmrahi-birahın dad əlindən, dad!
Gedəndə şad gedər, gələndə naşad,
Hər kimsə ki, sizii bərbada gələ.

Gəlməyən adama deyirsiz: gəlin!
Müşküldür qayıtmaq ayağı yalın,
Mən yenə qıvrağam Adıgözəlin
Gərək dalısınca ərdadə gələ.

Məsəli-məşhurdur: "Quş dənə gedər",
Sizdə bir nəf yox səvayi-zərər,
Gəlməz o qapıya heç kimsə məgər
Horadiz, Qoyucaq fəryadə gələ.

Bundan sonra girən xanın evinə
Gərək başmaqların soxa cibinə,
Ya keçirə saf otağın dibinə,
Nə isə, mühəyya, amadə gələ.

Lazımdır tərəddüd xeyirdə, şərdə,
Ədalət üzümə çəkibsiz pərdə,
Bir təziyə olsa, xudanəkərdə,
Gümanım yoxdur [ki], molla da gələ.

Bir adam təyin et asitanaya,
Yaxşını-yamanı gerçək tanıya,
Nə eşiyə, nə də qəhvəxanaya
Qoyma hər yetən … gələ.

Onun cavabında Cəfərqulu xan Zakirə yazmışdır:

Qasım bəy, adətdir, xan qulluğuna
Bir kəs atlı gəlsə, piyada gedər,
Mən deyiləm, aləmdə var, eldə var,
Belə cüzi işlər arada gedər.

Burada bir başmaq olub zərərin,
Qələm alıb yazdın zəmmin bu dərin,
Zalım, yoxdur məgər sənin xəbərin,
O dərdən kim, aləm fəsada gedər?

İndi belə görmə Adıgözəli,
Səndən qıvraq idi onun əzəli.
Hər zaman ki, durub yola düzəli,
Yenə bədov atdan ziyada gedər.

Gədə, saf azıbdır əməlin sənin,
Mədənisən təqəllübün, fitnənin.
Sən neçün bilməzsən, bağlı gələnin
Ayağı açılıb piyada gedər?!

Oğlan, lap çıxıbsan sən əndazədən,
Neylər, hələ gedəcәksən yazədən,
Köhnə oğurlandı, tikər tazədən,
Bir adam yollaram ustadə, gedər.

Necə ki, sabiqdə bu barədə məlumat verildi, Mehdiqulu xan ilə Cəfərqulu xanın mabeynində büğzü ədavət var imiş.

Cəfərqulu xanın Mirzə Fətəli Axundov ilə dəxi ülfət və aşinalığı var imiş və aralarında zərifanə irsalü mərsulları olubdur. Bunlardan bir namə ki, Axundov xani-müşarileyhə yazıb, Adolf Berjenin Leypsiq məcmuəsinə daxil olubdur. Haman namə belə başlanır.

Hacıqulu səndən, ey taci-sərim,
Ziyadə-ziyadə xürrəm olubdur.
Söz veribdir sizə Kruzenştern,
Poçotniklik işi möhkəm olubdur.

Bu məktubu eyni ilə Mirzə Fətəli Axundovun tərcümeyi-halı babında dərc etməyi münasib gördük.

Fars dilində yazılmış əsərlərdən bir məktub Mirzə Haqverdi "Səfa" təxəllüsə və mahi-məhərrəmin yetişməsi münasibətilə inşad etdiyi tərcibənddən bir bənd "Riyazül-aşiqin"dən iqtibasən burada dərc olunur.

Cəvabi-Mirzə Haqverdi Səfa:

Suye-yarane-vəfa bişe səlami darəm,
Qəllü dəllə əcəb torfe kəlami darəm,

Rox nemipuşəm əz in ərz konəm fərzol-eyn
Çon ke, dər pişe-şoma şohrəte-tami darəm.

Gərçe matimo piyade ze çenin gərdeşe-çərx,
Əsb dozd bordevo dər dəst locami darəm.

Nist dər Şişeye-ma fərq həlali ze həram,
Gər qəbuləş bekoni, Rəxşe-xorami darəm.

Ğərəze-mən həme şuxisto nə sedq, səfa,
Bər mətərsid ke, əz kəlmeye-la midarəm.

Ey Nəva, gər nəkoni razi bedan qazira,
Ba to ta ruze-cəza bəhse-modami darəm. [2]

[2] Tərcüməsi:
Vəfalı dostlara çoxlu salamım var,
Şəninə söylənmiş əcəb gözəl sözüm var.
Bu ərzimdən çəkinmərəm, göz yuması deyiləm,
Çunki sizin yanınızda tam şöhrətim var.
Hərçənd ki, fələyin bu cür dövr etməsindən mat və piyadayıq,
Atı oğru apardı, cilovu əlimdə qaldı.
Bizim Şuşada halalla haram arasında fərq yoxdur,
Əgər qəbul eləsən, yorğa bir Rəxşim var.
Mənim məqsədimin hamısı zarafatdır, sidq ürəkdən deyil,
"Yox" sözümdən qorxmayın.
Ey Nəva, bil, əgər qazini razı salmasan,
Qiyamət gününə kimi səninlə daim mübahisəm var.

  • * * * *


Mahe-məhərrəm amədo por şod deləm ze ah,
Dude-deləm gereft roxe-çərxo mehro mah.

Çon əbre-noubəhar fələkra əhate kərd,
Çəndan ke, dər fələk bemələk minədarəd rah.

Cəbrəil əz tərəddode-əflak baz mand,
Qofta beheyrəti ke, xodara, tora pənah.

Aya çe şod ke, çake-gəriban nəmud sobh,
Puşide şəb lebase-əzara be bər siyah.

Aməd neda ze hatefe-ğeybi ke, ya əmin,
Bengər bedəşte Kərbəla, suye-qətlgah.

Emruz ruze-qətle-Hoseyne-ibn Mortəzast,
Emruz ruze-matəme-məcmue-ənbiyast. [3]

[3] Tərcüməsi:
Məhərrəm ayı gəldi, ürəyim ahla doldu,
Ürəyimin tüstüsü göyləri, ayın və günəşin üzünü örtdü;
Bahar buludu kimi fələyi əhatə elədi,
Belə ki, mələk fələkdə keçməyə yol tapmadı.
Çəbrayıl fələklərə gedib-gəlməkdən qaldı,
O, heyrət içində dedi ki, "allah, sənə pənah!"
Məgər nə oldu ki, sübh yaxasın açdı,
Gecə qara yas paltarını geydi?
Qeybdən səs gəldi ki, "ya Əmin,
Kərbəla səhrasında qətlgaha bir bax,
Bu gün Hüseyn ibn Mürtəzanın qətl günüdür,
Bu gün bütün peyğəmbərlərin matəm günüdür.

Mərhum xanın yuxarıda dərc olunan nümuneyi-asarından,--xah türki olsun və xah farsi,--onun xoştəb bir şair olduğu görünür.