Məzmuna keç

Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Molla Qasım Zakir (məqalə)

Vikimənbə saytından
Mirzə Məhəmməd Qaib oğlu "Fədai" təxəllüs Azərbaycan ədəbiyyatı. I cild. Molla Qasım Zakir (məqalə)
Müəllif: Firudin bəy Köçərli
Məhvəşi Şirvani


Şəki şairlərindən Mirzə Fətəli Axundovun və qarabağlı Qasım bəy Zakirin müasiri olan Molla Qasım fəqir və biçiz bir molla imiş ki, öz vaxtında Nuxa şairlərinin ustadı hesab olunurmuş. Molla Qasımın atası dəxi molla imiş ki, ismi Molla Muraddır.

Molla Qasım Nuxa şəhərində Yuxarıbaş məhəllədə sükunət edərmiş. Tarixi-təvəllüdü məlum deyil. Təlim və tərbiyəsi Nuxada atası Molla Muradın təhti-nəzarətində olubdur.

Təbi-səlim sahibi olduğu üçün hər qisim əşarü asar vücuda gətirmişdi. Şüğlü sənəti məktəbdarlıq, mollalıq olubdur və lakin ol vaxtı mollalıqdan artıq bir mənfəət hasil olmadığı üçün kəsbi-məaş yolunda başqa işlərlə dəxi — kümdarlıq kimi --məşğul olarmış. Məşhur qövlə görə, şairin dilində dügün, rəkakət var imiş. Çox vaxtı danışıq zamanında və acığı tutanda dili tutularmış. Amma şer söyləyəndə rəkakətdən bir əsər görünməzmiş. Şeri çox rəvan oxurmuş. Nuxalı Molla Qasım Zakir qarabağlı Qasım bəy Zakir ilə həməsr imişlərsə də, bir-birini tanımazlarmış. Tәәccüb burasıdır ki, hər iki şairii isimləri "Qasım", təxəllüsləri "Zakir" olubdur. Hər ikisinin təbləri mövzun və zərif olduğu üçün əksər ittifaqlarda birisinin kəlamını qeyrisinə nisbət edərlərmiş və halan ki, ərbabi-fəsahət hər birinə nəzər yetirdikdə təfavütünü görüb təşxis və təmyiz edər.

Molla Qasım təxminən altmış beş və ya yetmiş sənə bundan müqəddəm qırx beş sinnində vəfat etmişdir. Belə rəvayət olunur ki, Şirvan mahalında Molla Zakiri şairə bir qız şer meydanında məğlub edibdir və şair bundan ziyadə mütəəssir olaraq zəhərlənib orada dəfn olunubdur. Bu rəvayətin doğruluğuna şübhə var. Əgər filhəqiqə Şirvan vilayətində belə bir şairə və Molla Zakir kimi müqtədir əhli-kəlama faiq gələn qız olmuş olsaydı, hərgiz binişan qalmazdı, namü şöhrəti dillərdə söylənərdi və şerlərindən bir əsər qalardı.

Molla Qasım Zakirin əsərləri çox isə də, dağınıq və pərişan haldadır. Onlardan bir parası cənab müfti Hüseyn əfəndi Qaibovun "Məcmuə"sində tapıldı və bir neçəsi pərişan övraqda göründü. Nümunə olaraq bəziləri burada dərc olunur.

Qəzəli-Molla Zakir:

Əsiri-baği-hüsnün mən tək olsa bülbüli-şeyda,
Oxur kuyində zövq ilə "fəsübhanəl-ləzi əsra".

İki məstanəvü məxmur çeşmin fikr edən tərsa
Unutmaz, dildə zikr eylər ki, amənna və səddəqna.

Əsasi-eşqi qurdun, keç fənadən, tut rəhi-üqba,
İçarət eyləmə kərkəs kimi dünyavü mafiha.

O tari-kakilin feyzin alıbdır gərdəni-mina,
Onunçün qarə keymiş ruzigarın ol şəbi-yelda.

Əgər ol mahrudən zərrə, Zakir, görməsəm beyza,
Axar seylabi-əşkim, çeşmeyi-qəmdən olur dərya,

Bu qəzəldən maəda Zakiri-Nuxəvinin iki natamam qəzəlləri xoşməzmun kəlamlar cümləsindən olduğu üçün aşağıda zikr olunur. Bu natamam qəzəllər müfti əfəndinin "Məcmuə"sindən götürülübdür.

Birinci qəzəl:

Könül əhli-cahan içrə olub bir şux dustağı,
O şuxun şux rəftarı çəkibdir sinəmə dağı.

Edibdir gözlərim yaşı binayi-ömrümü viran,
Mənim viran olan könlüm olubdur bayqu yığnağı.

Ləbi-ləli-şəkərbarı lətafətdə, təkəllümdə,
Sanasan bağ ara titrər səbadən lalə yaprağı.

Nə hacət badəvü sağər, dağıtdın Huşumu sərdən,
Məni məstü xərab etmiş o şuxun əyri baxmağı,

İkinci qəzəl:

Mey nəşəsi gətirdi məni xüm ayağına,
Mən oldu rəhnüma yenə kövsər qırağına.

Bir büt xəyalü mehrimizi aldı aqibət,
Sənan kimi buraxdı bizi tərsa dağına.

Ləli-ləbin güzarına düşmüş həcər yolu,
Ya hindlər düzülmüş o Zəmzəm qırağına?

Şol türrələr ki, tərfi-bənaguşu bəkləyib,
Өmrüm quşudu yoxsa qonub gül budağına?

Eşqin əlacı olmaz, əgər gəlsə yüz təbib,
Ta həsrət içə dəyməyə ləb yar dodağına,

Əyzən kəlami-Molla Qasım:

Göz qaldı yolunda, namdarım,
Səbr etməyə olmadı qərarım;

Qurbanın olum, təğafül etmə,
Sənsiz mənim olmaz ixtiyarım.

Ey gənci-məlahətin ziyasi,
Sərmayeyi-dürri-şahvarım,

Gün kimi cəmalının yanında
Bir zərrəcə yoxdur etibarım.

Cəllad baxışlı, ahu gözlü,
Ey kakili-zülfi-şəkkbarım,

Yoxdur mənə sənsiz, ey yeganə,
Hicran günü yari-qəmküsarım.

Mən Zakiri-bəndeyi-qulaməm,
Sən xosrovi-eşq, tacidarım!

Müxəmməsi-Zakir:

Ağa, bu gülşəni-aləmdə bəndə xar qalsınmı?
Deyim dərgahına bir ərzi-halım var, qalsınmı?
Yazıb hali-dili şərh eyləyim təkrar qalsınmı?
Өzün insaf elə, könlümdə atəş bar qalsınmı?
Sənin tək mərd ağası olan naçar qalsınmı?

Sənin qurbanın ollam kim, neçün müşkülgüşasən sən!
Həqiqət dərdməndə görməyən möhnət rəva sənsən!
Şikəstəbəstələr xatirlərinə mumiyasən sən!
Təmamən əhli-dərdin dərdinə fikri-dəvasən sən!
Rəvadır bəstəri-zillətdə dil bimar qalsınmı?

Dedin məddahi-nakəs olma, əşarə qələm çəkmə!
Cəfa vermə dili-əfkarına, çövrü sitəm çəkmə!
Bu dövrani-fənadən zərrəcə ahü ələm çəkmə!
Buyurmuşdun səni bərdaşt qıllam, hiç qəm çəkmə!
Çəkir həsrət könül, bəs didə giryan, zar qalsınmı?

Sənə canım fəda olsun ki, sən ərbabi-şövkətsən,
Hüzuri-vacibül-ərzim, neçün miri-vilayətsən,
Kərəm kanı, ədalət mədəni, bəhri-səxavətsən,
Çiraği-mərifət, həm pərtövi-xurşidi-himmətsən,
Könül ayinəsi, ey sahiba, bəs tar qalsınmı?

Keçər hər kimsənin rəyincə, bir növi mədarı var,
Bu gülzari-fənadə könlümün çox ahü zarı var,
Rəvadırmı sənin tək dadrəs kim, tacdarı var,
Təmamən əhli-şəhrin hər birinin kəsbü karı var,
Gəzib sərgəştə Zakir hər tərəf, bikar qalsınmı?

Bu müxəmməs mərhum Molla Zakirin öz dəstxəttilə göy və qalın kağız üstündə nəstəliq şivəsilə yazılmış bir əsərdir. Bu nadir nüsxəni cənab Rəşid bəy Əfəndizadə Nuxada tapıb, lütf üzü ilə bizə ianə etmişdir. Əgərçi məzkur vərəqparədə yazılmış xətt açıq oxunur və lakin Molla Zakir hürufi-müqətəə cümləsindən olan ">" "Y" "Y" hərflərini bir sayaq üzrə — yəni cümləsini "Y" hərfi k imi yazdığından və "nuni-səğir"in (Y) qabağına nöqtəli "nun" (y) izafə etməklə əvvəl dəfə yazı bir az çətinlik ilə oxunur.

Bu müxəmməsdən Molla Qasım Zakir fəqir, möhtac və kəmbəzaət bir şəxs olduğu anlaşılır. Şair öz müasiri Şəki ağalarından miri-vilayət və sahibi-dövlət və hökumət olan bir vücuda kəmali-əczü inkisar ilə rücu edib, ondan bir mənsəb və qulluq istəyir. Şairin kəlamından məlum olur ki, məzkur ağa əhli-mürüvvət və sahibi-mərifət bir şəxs imiş ki, məlcəi-füqəra və mərcui-züəfa hesab olunurmuş. Necə ki, şair onu bu ibarələr ilə vəsf qılır: "kərəm kanı", "ədalət mədəni", "səxavət bəhri", "mərifət çirağı" və "himmət şəmsinin pərtövü".

Müxəmməsin axırında şair öz dəstxəttilə bu sözləri də qeyd edibdir: "Çün vacib idi, hüzura ərzü təqrirü bəyan eylədik, sahib ixtiyarsız".

Bu ağa, yəqin ki, Fətəli xanın oğlu mərhum Kərim ağa Fateh imiş ki, sahibi-mərifət və səxavət bir zat olduğu dillərdə söylənərmiş. Onun tərcümeyi-halı babında gələcəkdə məlumat veriləcәkdir.

Müxəmməsi-müstəzadi-Molla Zakir:

Səd bar şükr dideyi-xummarını gördüm,

Ey ruhi-mücəssəm!
Badami-siyəh, nərgisi-məstanını gördüm,

Qəm çəkmərəm ölsəm.
Ey sərvi-qəbapuş ki, rəftarını gördüm,

Oldusa qədim xəm.
Өmrüm başa yetdi güli-ruxsarını gördüm,

Vəslin mənə mübhəm.
Sabit olan ancaq sənin iqrarını gördüm,

Ey şahi-müəzzəm.

Nadir olu bir sən kimi sərdari-fərəhnak,

Ey bəxqi-hümayun!
Haşa ki, sənin tək ola bir sahibi-idrak,

Hikmətdə Fəlatun.
Çün kakilin etdi neçə Harutu xətərnak,

Olmaz belə məftun.
Zülfi-siyəhindir səbəbi-qatili-Zöhhak,

Kar eyləməz əfsun.
Kisu demək olmaz, iki şahmarını gördüm,

Gənc üstünə məhrəm.

Vazeh görünür feli-ləbindən sənin, ey ruh.

Ecazi-Məsiha.
Gər qılsa təəmmül səni girdaba düşər Nuh,

Ey gövhəri-yekta!
Haşa ki, cəmalın tək ola lamei-məftuh,

Mehrü məhi-dünya.
Müşki-Xütən ahulərini eylədi məcruh

Nəzzareyi-ziba.
Qəmzən həşəmi navəki-mücganını gördüm,

Dil oldu müsəmməm.

Eşq atəşinə yanmağa mərdanəlik istər

Həmtayi-səməndər.
Şəmi-ruxi-cansuz ola, pərvanəlik istər,

Ey nuri-müsəvvər.
Məşuqə məgər aşiqə biganəlik istər,

Ey şahi-sitəmgər?
Gördüm səni, könlüm rəhi-bütxanəlik istər,

İnsaf elə, kafər!
Sənan sifət ol həlqeyi-zünnarını gördüm,

İman evi bərhəm.

Qurtar məni-biçarəni bu hicrü bəladən,

Bəsdir bu mətalib.
Əl çək, dolanım başına, bu cövrü cəfadən,

Axır nə münasib?
Billah, sənə ustad deyirlər bu ədadən,

Hər nakəsə raqib,
Gündə neçə yüz laf uran mehrü vəfadən

İqrarına kazib.
Zakir, dediyin əhli-vəfa yarını gördüm
                        Әğyar ilә hәmdәm.

Müxəmməsi-Molla Zakir:

Ey gül, bu lətafətdə sənə yoxdu qərinə,
Mücdə veri Yusif bəsi hüsnün xəbərinə,
Eşqin neçə üşşaqi salır bəhri-dərinə,
Çatmaz ləbinin Xızrü Məsiha əsarinə,
Qəvvas ola gər məxzəni-dərya göhərinə.

Ey şahi-məlahət, bu rəviş var ola səndə,
Bülbül oxuyur vəsfini gülzari-çəməndə,
Qəmzən oxu yüz qan elədi mülki-Xütəndə,
Xalın həbəş ahulərini saldı kəməndə,
Zülfi-siyəhin verdi nəsəq Çin şəhərinə.

Nə həddi var Əflatun edə lafi-kəmalın,
İskəndəri zülmatə salır şəhdi-zülalın,
İman evinin payəsidir nöqteyi-xalın,
Faiq gəlü bir zərrə sənin nuri-cəmalın,
Çərxi-fələyin pərtövi-mehrü qəmərinə.

Eşqin ələmi saldı mənim canıma əxgər,
Ey bürci-səadətdə gəzən nuri-müsəvvər,
Ey qaməti tənnaz olan rövnəqi-məhşər,
Xaki-qədəmin feyzi əgər olsa müyəssər,
Kafərdi o kəs üz çevirə xüldi-bərinə.

Qorxum budu zəngari-xətin üz verə nagah,
Axşama dönə ruzi-ümidim mənim, ey mah,
Tən bəndə duasını qəbul eyləsə hərgah,
Əhdim budu, ey şux, cəfa yetməsin əsla
Əğyar əli ol daməni-vəslin kəmərinə.

Hicran ilə məsdud isə bu qəlbi-müzəyyən,
Ol pavəki-mücganın edib sinəmi rövzən
Qurbanın olum mən sənin, ey arifi-pürfən,
Ceyran quzusu etdi mənim könlümü məskən,
Səyyadi-qəza düşdü onun rəhgüzərinə.

Zakir sənə bildirmədimi elmi-nəsihət?
Var eşq təriqində neçə bari-riyazət,
Asan görünür xəlqə məgər xəncəri-ülfət,
Məstanə olub eyləmisən lafi-məhəbbət,
Tab eylə, könül, atəşi-eşqin şərərinə.

Qafiyeyi-Molla Zakir:

Bir namə yazmışdın, gözəllər şahi,
Gəldi, məni-mübtəlayə yetişdi.
Guşeyi-gülahım fəxri-namədən
Gedib çərxi-müəllayə yetişdi.

Şəhbazi-aləmsən, istərəm səni,
Allahı sevərsən, unutma məni;
Guya ki, Yusifin gül pirahəni
Ol Yəqubi-binəvayə yetişdi.

Kim əl çəkər sən tək nazikbədəndən,
Şəhbazi-bibədəl, gülpirəhəndən;
Ol zaman ki, xəbər bilmədim səndən,
Ahü naləm Məsihayə yetişdi.

Mən dönmənəm, ölsəm əhdü beyətdən,
Düşməsin məzacın istiqamətdən;
Gəldi namə sən tək mahtələtdən,
Başımıza şöləsayə yetişdi.

Sən Molla Zakirin qibləgahısan,
Malahət şəhrinin padişahısan,
Aşiqi-sadiqin nəzərgahısan,
Səadətin Sürəyyayə yetişdi.

Molla Zakirin xoruzunu çaqqal aparır və molla xoruzun səsini eşidib, dalısınca gedib, onu çaqqalın ağzından saldırır və xoruz nimcan olduğu əsnada şair ona xitabən istehza təriqincə bir neçə sözlər deyir. Bizim əlimizə düşən nüsxədə şerin vəznü qafiyəsində qələt çox olduğu üçün düzgün oxunmağı müşkül oldu. Bu şerlər ilə molla kəlamı xətm edir:

Əgər eşidibsən, olarsan təskin,
"İza caə əcəlühüm ayəsin,
Zakir kimi qəlbini tut mütməin,
Gedirsən cənnətül--məvayə, xoruz!

Müsəmməni-Molla Zakir:

Ey gül, sən əgər şəhi-cahansan,
Hökm eylə ki, nazanini-cansan!
Sərdari-əmiri-aşiqansan,
Bəhrami-xədəngi-zərnişansan.
Sən navəki-xəncərü sinansan,
Cəlladi-sitəmgəri-zamansan.
Өldür məni, vermə bir aman sən,
Bais ki, rəqibə mehribansan.

Ey Gövəri-Qülzümi-kəmalat
Ey nuri-xudavü mehri-zərrat,
Bir kimsəyə üz verən mühimmat
Sənsən ona müqtəzayi-hacat,
Bu fikri-məhal səndə, heyhat,
Dün nərgisi-məstin oldu isbat.
Dedi səni saqiyi-xərabat,
Əz badeyi-nazi-sərgiransan.

Ey pərtövi-asimani-qüdrət,
Ey mədəni-gövhəri-məlahət,
Ey ləli-ləbi Məsihadət,
Səndən kimə eyləyim şikayət?
Hicran ilə keçdi ömrü müddət,
Ey rəsmi-vəfadə bimürüvvət,
Ey gülşəni-əhdi-bidəyanət,
Gər sərv ola qamətin, rəvansan.

Ey kişvəri-hüsn padişahi,
Ey əhli-ziya ümidgahi,
Ey bəndeyi-asi üzrxahi,
Ol külli-xəlayiqin ilahi,
Xəlq eylədi səbzəvü giyahi,
Gülzari-cəmalının gəvahi,
Ey əhli-bəsirətin pənahi,
Sən süni-bədii-laməkansan.

Zakir, bu nə afətü bəladır?
Bu hadisədən nə müddəadır?
Çün dil bu məşiyyətə rizadır,
Dünyada bu özgə macəradır.
Üşşaq olanın işi cəfadır,
Məşuqə həmişə bivəfadır.
Könlüm quşu tikmə bibinadır,
Bu nəxli-bəlada aşiyansan.

Vəsfü tərifi-dilbər babında tənzim olunmuş əşari-müsəddəsəni--ki, aşağıda zikr olunur,--bəziləri qarabağlı Qasım bəy Zakirə və bəzi digəri nuxalı Molla Qasım Zakirə nisbət etmişlər. Bizim anladığımıza görə, bu kəlam gərək Qasım bəyin olsun. Buna şiveyin-lisan dəxi şəhadət verir və bundan əlavə çox ehtimal var ki, bu şerləri Qasım bəy gülablı Kərbəlayı Səfi Valehin kəlamına nəzirə olaraq yazmışdır və Kərbəlayı Səfi də məzkur kəlamı, bəzi rəvayətə görə, Molla Pənah Vaqifin fərmudəsi ilə təzə səbkdə inşa etmişdi[1]. Haman kəlam budur:

[1] Kərbəlayi Səfinin şeri belə başlanır:
Ləbinə nazlı yarın badeyi-gülfam dedim,
Tündü təlx oldu, mənə məstü cünun olma — dedi.

Gözləyən kimsə, gözüm haqqı, deməz ay sənə,
Nəçidir ay vəcahətdə ola tay sənə?
Sən kimi görum onun çöhreyi-tabanımı var?
Xali-hindusumu var, zülfi-pərişanımı var?
Bir sarı rənglicədir əvvəli əyri nun tək,
Elə ki, keçdi iki-üç gün olu bir parə çörək.

Bəzi məclisdə qədin sərvü sənubər oxunur,
Tanrı bilsin ki, bu saf qamətinə şər oxunur.
Qamətin kimi onun seyri-xuramanımı var?
Əzmi-cövlanımı var, afəti-dövranımı var?
Bağ-bostanda əgər bağban onu tək-tək,
Bundan ötrü ki, kümə məsrəf olur tirü dirək.

Müddəilər gözünə nərgisi-fəttan desələr,
Kim inanır bu sözə, göz görə böhtan desələr.
Nərgisin çeşmi-xumarın kimi məstanımı var?
Tiği-bürranımı var, navəki-mücganımı var?
Yaz olur, həqdi bitər, bir şeyə olmaz o gərək,
Əqli zad gəsməz uşaqlar yığar anı görcək.

Ağzını duş biri qönçəyə nisbət söləmiş,
Heyf mən olmamışam, bu sözü xəlvət söləmiş.
Qönçənin ağzı nədir, ləfzi-dürəfşanımı var?
Ləli-meygunumu var, gövhəri-qəltanımı var?
Həmdəmi xar, özü bibəhrəvü həm ömrü gödək,
Dağılır hər vərəqi bir tərəfə bad əscək.

Nə rəvadır, ləbi-ləlin meyi-gülfam olsun,
Onu bədnam qılanlar özü bədnam olsun!
Ləli-nabın tək onun duzluca xəndanımı var?
Abi-heyvanımı var, dərdlərə dərmanımı var?
Əslü zatı bu ki, bir bəstlik ənguri-tənək,
Quyşaq üzüm suyuyü monzili bir saxsı sənək.

Zülfünə sünbüli-tər kim ki, desə, ölməlidir,
Urula payinə zəncir gərəkdir, dəlidir.
Sünbülün səfheyi-ruxsardə dövranımı var?
Ənbərəfşanımı var, nikhəti-rizvanımı var?
Bir ələfdir ki, yeyər daim onu at, eşşək,
Əvvəli kah təbah, axırı biqürb, təzək.

Ağzıma gendi desəm limu əgər püstanə,
Ol iki qübbeyi-nur, tazəvü tər püstanə.
Eyşü nuşində onun ləzzəti-ruhanımı var?
Səhni-meydanımı var, zövqi-firavanımı var?
Өzü bədşəkl, ağızda təmi manəndeyi-zək,
Bir malın qiyməti olmaz kişi satsa yüz ətək.

Ziynəti-kuyini gərdunə bərabər deyənin
Cırasan ağzı, qulağın döşünə hər döyənin --
Ki, göyün, hərzə kişi, lölöi-mərcanımı var?
Dürri-məknunumu var, ləli-Bədəxşanımı var?
Sanıb əncüm görünür həqti tühi tasi-fələk,
Çərx miratına yerdəndi düşüb əksi-çiçək.

Qoyma əğyarı səri-kuydə məva tutsun,
Aşiqi-sadiqini bülbüli-şeyda tutsun.
Zakirin kimi onun sövti-qəzəlxanımı var?
Təbi-mövzunumu var, şeri-nümayanımı var?
Eşidən incir onun tərzi-nəvasın bişək,
Şivəsi cəngü cədəl, naləvü əfğanı kələk.