Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Mustafa ağa "Arif" təxəllüs

Vikimənbə saytından
Kərbəlayı Səfi "Valeh" təxəllüs Azərbaycan ədəbiyyatı. I cild. Mustafa ağa "Arif" təxəllüs
Müəllif: Firudin bəy Köçərli
Mehribanlı baba bəy


Mustafa ağa təvəllüd edibdir Qazax mahalının Şıxlı adlanan qəryəsində hicrətin 1188-ci ilində. Bir rəvayətə görə, Ağakazım ağa Salikin--ki, xoştəb bir şair imiş və tərcümeyi-halı aşağıda zikr olunacaqdır,--böyük qardaşı imiş. Amma bir qövl də budur ki, Mustafa ağa Salikin əmizadəsidir. Qazi Səidəddin əfəndinin deməyinə görə, səhih əvvəlki qövldür.

Mərhum Mustafa ağa fars, türk və hətta rus lisanlarını yaxşı bilirmiş, özü də ziyadə dindar, qeyrətkeş və həqiqətdə arif və dana bir şəxs imiş. Vəli bu biçarə dəxi öz qeyrət və millətpərəstliyi ucundan çox bəlalar və müsibətlərə düçar olubdur. Belə ki, mərhum Mustafa ağa Şəmsəddinli Nəsib Sultan ilə dövlət nəzərində müttəhəm olub, zəval təriqi ilə Rusiyaya göndərilir və orada Kazan və bir rəvayətə görə, Xarkov şəhərində sakin olurmuş. Binəva Arif Rusiyada çox üsrət və zillət çəkir və axırda vətəni-məlufunun fəraqına, dost və əqrəbanın hicranına və düşmənlərin tən və şəmatətinə tab gətirə bilməyib, orada vəfat edir. Odur ki, Salik onun şənində demişdir:

Biri Arif, kona cövr etdi dövran--
Ki, qürbətdə şəhidü mübtəladır.

Arif Rusiyada məhbusvar zindəganlıq edən vaxtı öz hali-dilini bir neçə şerlər vasitəsilə yazıb bəyan etmişdir ki, zeyldə dərc olunur:

Fikr elərəm, bir-bir düşər yadıma
Yarü həmdəm, dost, yaranlar, ağlaram,
Dolar gözlərim əşki-al ilə,
Gözlərimdən axar qanlar, ağlaram!

Saldı məni fələk işə bisəbəb,
Sən eylə bir əlac, ya qadir çələb,
Anıb yarü həmdəmləri ruzü şəb,
Gah aşikar, gah nihanlar ağlaram!

Namə yazdım yarə badi-səbadən,
Dərdi-dilim izhar etdim həvadən,
Düşmüşəm avarə eldən-obadən,
İtirmişəm xanimanlar, ağlaram!

Vədə keçdi, günlərimi sanaram,
Aylar, illər hesabına qanaram,
Hər zaman yadıma düşər, yanaram,
O dövranlar, o zamanlar, ağlaram!

Görüm dönsün belə dövran, zamanlar,
Tərk eləyib bağlarını bağbanlar,
Xəzan deyib, solub gülü reyhanlar,
Saralıbdır gülüstanlar, ağlaram!

Seyr eləyib gəzib getdiyim yerlər,
Ovlağından keçib ötdüyüm yerlər,
Tərlan ilə şikar etdiyim yerlər,
Yadə düşər o məkanlar, ağlaram!

Sərçeşməli, nilufərli bulaqlar,
Süsənli, sünbülli, laləli dağlar,
Dumanlı, çiskinli, qarlı yaylaqlar,
Hanı bizim o meydanlar, ağlaram!

Ellərimiz vardı bəyli-paşalı,
Dağlarımız vardı əlvan meşəli,
Süsənli, sünbüllü, tər bənəfşəli
Qaldı bağlar, xiyabanlar, ağlaram!

Bilməm noldu bizim Qazax, Şəmsəddin,
Gəlmədi onlardan bir xəbər yəqin,
Qəzayi-ilahi bu imiş həmin,
Getdi əldən o dövranlar, ağlaram!

Dad eyləram, yetən yoxdu fəryada,
Dərdim olur gündən-günə ziyada,
Ağlaram hər zaman düşəndə yada--
Bizim Qazax-Qaramanlar, ağlaram.

Qaldı paydar Borçalının bəyləri,
Meydan günü bir-birindən yekləri,
Mehman qarşısına mərd gəlməkləri,
Yadıma düşəndə onlar, ağlaram!

Hanı Qazax? Mehribanlıq gedibdir,
Ağalıq, sultanlıq, xanlıq gedibdir,
Nücəbadan alişanlıq gedibdir,
İtibdir şövkətü şanlar, ağlaram!

Alovlanır, yanır bağrım, sökülür,
Axar gözlərimdən qanlar tökülür,
Düşəndə yadıma qəddim bükülür--
Boyu sərvi-xuramanlar, ağlaram.

Diyari-qürbətdə gözlərim giryan,
Xatirim şikəstə, könlüm pərişan,
Gələr xəyalıma düşər nagəhan--
O gördüyüm novcəvanlar, ağlaram.

Bülbülümü qaçırmışam əlimdən,
Ayrılmışam gülşənimdən, gülümdən,
Cüda düşüb ulusumdan, elimdən,
İtirmişəm dudmanlar, ağlaram.

Qərq olur kəştilər əşkim selində,
Yaşılbaşlar oynar çeşmim gölündə,
Əsir oldum bəni-əsfər əlində,
Ağlaram, ey müsəlmanlar, ağlaram!

Hər kimdə ki, namus olur, ar olur,
Əhdü iqrarında bərqərar olur,
Yaxşı yoldaş yaman gündə var olur,
Yaman yoldaş ötər yanlar, ağlaram.

Bu dəmlərdə getmək əgər olmasa,
Vətən sarı əzmi-səfər olmasa,
Arifə bir yaxşı xəbər olmasa,
Gör eylərəm nə tufanlar, ağlaram!

Könlüm qalıb əhli-tufan içində,
Dolanır sərgərdan heyran içində,
Qorxuram ki, ölüm küfran içində,
Bada gedə din-imanlar, ağlaram.

Bu şerlər dəruni-qəlbdən çıxan atəşli və suzişli nalə və fəryadlardır ki, onları mütaliə edənlərin də bilaixtiyar gözlərindən qanlı yaş tökülür, şair ilə bahəm ağlayırlar. Vətənə məhəbbəti ucundan vətəndən ayrı düşən və əcnəbi ölkələrdə əsir və müztərr qalan biçarə Arif əvvəlcə öz dost və yaranlarını və mehriban həmdəmlərini yada salıb, didələrin əşki-al ilə doldurur və başqa bir qasid bulmayıb badi-səbadan onlara dərdi-dilini və məxfi sirlərini izhar qılıb göndərir.

Şair qürbətdə aylarını və günlərini sanayıb hesab edir ki, onun xilas zamanı nə vaxtı yetişəcәkdir. Sonradan şair dost və aşinaları ilə xoş keçirdiyi zaman və məkanları, yəni tərlan ilə şikar etdiyi ovlaqları, sərin və nilufərli bulaqları, süsənli və çiçəkli yaylaqları, dumanlı və çiskinli dağları, vüsətli və səfalı meydanları göz yaşı ilə xatirinə gətirib deyir: Axır bizim də bəyli-paşalı ellərimiz, gözəl meşələrimiz, sünbüllü və tər bənəfşəli çəmənlərimiz, bülbüllü və güllü bağlarımız və xiyabanlarımız var idi. İndi onlar necə oldu? Ya qismət, bir də şair o gözəl məkanları görüb ziyarət edəcәkdirmi və onların basəfa və ruhəfza havası ilə ürəyini təzələndirəcәkdirmi?

Sonradan şair öz-özünə sual verib deyir: Ya rəb, mənim dadıma və harayıma yetişən olacaqdırmı? Nə iş vaqe oldu ki, Qazax, Şəmsəddinlidən bir xəbər və əsər gəlmədi? Yoxsa təqdiri-rəbbani belə imiş ki, mən biçarə gərək bəni-əsfər əlində qürbətdə canımı can yaradana təslim edəm? Arif öz ölümündən xövf və hərasət etmir. Onun əndişə və xövfü din və imanın əcnəbilər içində bada getməsindəndir. Və bu fikir və əndişədə olduqda hali-dili və ənduhi-binəhayəsini elə bir cigərsuz şerlər ilə izhar edir ki, oxucuların da cigərinə od salıb yandırır:

Alovlanır, yanır bağrım, sökülür,
Axar gözlərimdən qanlar tökülür,
Düşəndə yadıma qəddim bükülür--
Boyu sərvi-xuramanlar, ağlaram.

Mustafa ağanın təbi də əmizadəsi və ya qardaşı Salikin təbi kimi rəvan və salim olduğu bir çox əşarından görünür. Yazdığı şerlərin əksəri açıq və sadə türk dilindədir. Məsələn, Salikə Rusiyadan yazdığı bir naməyə diqqət yetirməli:

Can zarü tənim nizar sənsiz,
Ömrüm başa yetdi, yar, sənsiz.

Fəryad ki, dövri-namüvafiq
Qoydu məni, ey nigar, sənsiz!

Din qönçəsi qan olub, açılmaz,
Yüz min gər ola bahar, sənsiz.

Rəngim güli-zəfəranə dönmüş,
Dil qəmdən olub fikar, sənsiz.

Yox məndə qərarü tabü taqət,
Tab etmək olurmu, yar, sənsiz?!

Ey gül, gecə-gündüz Arif ağlar,
Bülbül kimi zar-zar sənsiz.

Məlum ola ki, Mustafa ağa bu şerləri Kazım ağanın zeyldə dərc olunan məktublarına cavab yazmışdır.

Salikin Arifə yazdığı məktublar:

I

Dərdim ki, olub ziyadə sənsiz,
Canım üzülür məbadə sənsiz.

Şaha, gələ gör ki, ferz könlüm
Cəngində olub piyadə sənsiz.

Canım çıxar oldu həsrətindən,
Ömrüm gedər oldu badə sənsiz.

Saqi, yetə gör ki, bəzmi-qəmdə
Qan oldu qədəhdə badə sənsiz.

Çəkmiş həvəsin şikəstə Salik,
Nə qövmə baxar, nə yadə sənsiz.

II

Gəlməz ələmim hesabə sənsiz,
Sığmaz süxənim kitabə sənsiz.

Mürği-könülüm çıxıb tənimdən,
Qılmış vətənin xərabə sənsiz.

Hicranın odunda, ey dilaram,
Dönmüş cigərim kəbabə sənsiz.

Xəlqə görünür vücudim, əmma
Bənzər bədənim sərabə sənsiz.

Seylabi-bəladə səng könlüm,
Gəl gör ki, dönüb hübabə sənsiz.

Kəsmiş təməin şikəstə Salik,
Nə nanə baxar, nə abə sənsiz.

Bu məktubların hər ikisi həqiqi hiss ilə yazılmış suzişli və müəssir kəlamlardır ki, oxuyanlara hüzn və pərişanlıq yetirir. Yenə mərhum Arif Rusiyadan oğlu Əliağaya təhsili-ülum babında yazmışdır:

Olma tarik dərsdən, ey nuri-cananım Əli!
Pəndimi eylə qəbul, ey xanü xaqanım Əli!

Var ümidim etməyə zaye əfəndi səyini,
Qoymaya dərsində bir kəm-kəsr Osmanım, Əli!

Mən səiniçün eylərəm xeyir-dualər ruzü şəb
Saxlasın hifzü himayətində sübhanım Əli!

Payimal etsin ədüvvü hasidin lütfi-ilah
Hər zaman qəmxarın olsun şiri-yəzdanım Əli!

Gərçi, ey dil, mən Əbubəkrü Ömər, osmaniyəm
İmamimdir mənim ol şiri-mərdanım Əli!

Könlümün şəhrin fəraqü həsrətin qılmış xərab
Bir üzün görsəm olur abad viranım, Əli!

Olsun, Arif, həşrdə əvvəl şəfiin Mustəfa
Sonra Bubəkrü Ömər, Osmanü aslanım Əli!