Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Sənan Şirvani (məqalə)

Vikimənbə saytından
Şəkər Şirvani Azərbaycan ədəbiyyatı. I cild. Sənan Şirvani
Müəllif: Firudin bəy Köçərli
Vaiz Əfəndi Şirvani


Sənan Şirvanidən zeyldə təstir olunmuş qəsidə tapıldı:

Nişanın taci-dövlətdir, səadətlilərin dilbər
Həm oldur qübbətül-Kəbə onunçun Həcc olur əkbər.

Saçın "vəlleyl iza yəğşa" --dedi həblülmətin əmma
Hicabi-günbədi-xəzra düxani-udü ya ənbər.

Dü zülfün nafeyi-ahu, veribdir aləmə xoş bu,
Siyəhgun rəngdir hindu əlində xosrovi-xavər.

Nə xoş qüdrət iki guşun yaratmış xaliqi-yekta,
Birisi yasəmən tərhi, biridir həm güli-cəfər.

Qabağın mədəni-qüdrət, yədi-beyzadən əfzundur,
Mükəmməl səbheyi-xurşid, qəmər ondan tapar ənvər.

Qaşındır sureyi-"Yasin", misali-qabə-qövseyn tək
Yaşıl tozlu müqəvvəsdir betaği-məscidü minbər.

Siyəh kirpiklərin etmiş müsəxxər rübi-məskuni,
Görəndə xeyli-üşşaqi atar səhmi, çəkər xəncər.

Dü çeşmin fitnələr başi, nə yəğmaçi müqəlliddir,
Çəkibdir sinəmə daği siyəh mərdümlərin, kafər!

Məşami-ənbəramizin gümüş məftulmudur, ya rəb --
Ki, məğzi-püstə, badamü nüql, xaneyi-şəkkər.

Üzün xurşidə tən eylər, bu söz mərufi-aləmdir,
Rüxündür ismətüd-dünya, onu mənzum edər əxtər.

Yanarın bir güli-tərdir, kimə bu gül müyəssərdir,
Camalın şəmsi-xavərdir, tutubdur aləmi yeksər.

Çəhi-Kənanə manənddir zənəxdanın bu vəch ilə,
Çıxar Yusif kimi andan düxani-qəlb əzin çakər.

Müəmma içrə mövhum nöqtəsidir ləli-gülfamın,
Onu dərk eyləyən arif deyər yaqutdur, əhmər.

Dəhanın çeşmeyi-Zəmzəm dedim, yox qönçeyi-novxiz,
Ədəm dəryasıdan çıxmış məgər bu dürci-purgövhər?!

Dişindir incilər xasi, dəhanın dürr dəryasi,
Birinin qiymətin bilməz verə xaqani-həft kişvər.

Məsih əlfazdən izharə yetmiş rütbeyi-canbəxş,
Ləbın feyzi əsər qılmış Məsiha nitqdən behtər.

Gümüş minamıdır qəddin, çəkilmiş gərdənin qu tək,
Zəhi ziba, mələksima, zəhi süni-cahanpərvər!

İki duşin fələk bürci, biri qövsi, biri əqrəb,
Veribdir piç-tab ilən iki giysulərin ənbər.

Dü simi-saidin, sərvi-qəddin firdovs bağında,
Yədüllah ilə peyvənddir iki şümşadü bir ərər.

Miyani-sədri-əbyazın büsati-bəzmi-xosrovdur,
İki şahzadeyi-rumi, biri qəndü biri şəkkər.

Zəhi hüsnü zəhi surət, təaləllah, zəhi sənət!
Nə qüdrətdir, bu nə hikmət, bu nə sima, bu nə peykər!

Əgər zahid səni görsə bu əltafü məlahətdə,
Döyər köksünə, qan ağlar, tökər başına xakistər.

Səni bimislü bihəmta yaratmış xaliqi-əşya,
Pəripeykər, mələkmənzər, firiştəxu, səfidəxtər.

Təmənnayi-rüxündən mən edib lütfün diriğ etmə,
Gözəlsən, şahi-aləmsən, Sənaidir sənə çakər.

Sənainin bu qəsidəsindən məlum olunur ki, ol cənab xeyli güşadətəb və sahibi-zövq bir şair imiş ki, vəsfi-gözəldə bir qüsur qoymamışdır və ənva istiarələr ilə sevdiyi dilbəri mədhü tərif qılmışdır. Bəli…. Əfsus ki, bizim belə rəvantəb və süxəndan şairlərimizin başqa bir doğru və salamat məsləkləri olmayıb da, təbi-gövhərsənclərini bihudə sərf ediblər.