Məzmuna keç

Azərbaycan (Cəlil Məmmədquluzadə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Azərbaycan (1917)
Müəllif: Cəlil Məmmədquluzadə
İlk dəfə “Molla Nəsrəddin” jurnalının 27 noyabr 1917-ci il, 24-cü sayında dərc olunmuşdur.


Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı – inna lillahi və inna ileyhi raciun, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur. Qur’an ayəsindəndir: “Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun gərgahına] qayıdacağıq” (Qur’an, “Bəqərə” surəsi: 156) . Bunuyla bərabər, yəni “bavücude inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi aparır – haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki: – Mənim anam kimdir? Öz-özümə də cavab verirəm ki: – Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi. – Dilim nə dildi? – Azərbaycan dili! – Yəni Vətənim haradır? – Azərbaycan vilayətidir. Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir. – Haradır Azərbaycan? – Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun.

* * *

Bilirsiniz bu söhbət haradan yadıma düşdü? Bu söhbət oradan yadıma düşdü ki, keçən həftə Tiflisdə müsəlmanların Milli Komitəsində bir məsələyə baxılırdı ki, aya, bizim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun? Biri dedi rusca, biri dedi osmanlıca, biri dedi ermənicə. Axırda belə qərar qoydular ki, türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara izn verilsin ki, rusca danışsınlar. O ki qaldı rus darülfünunu oxuyub başa çıxan bəzi üzvlər – bunlara da izn verildi ki, rusca danışsınlar. Və həqiqətdə, mən ki gedib sümük sındırıb illər ilə kafirlər içində əlimi murdar prafessorlara verə-verə elm oxumuşam, insafdırmı ki, bugünkü gündə də oxuduğum elmi gizlədim və rusca danışmayım? Hərçənd məclisdə oturan əsnaflar və hətta axundlar rusca danışılan mətləbləri başa düşmürdülər, cəhənnəmə düşmürdülər, gora düşmürdülər!

* * *

O ki qaldı Bakı qurultaylarında olan səliqəyə, bu barədə yaxşısı budur ki, heç danışmayım; onsuz da, düşmənimiz çoxdur, xəbərdar olarlar və gəlib baxıb və qurultaylarımızda olan nəzmü nizamı görüb bizə göz vurarlar, çünki nədənsə, bizim bədxahların hamısı bədnəzərdir.

* * *

Ax, gözəl Azərbaycan Vətənim! Harada qalmısan? Gəl, gəl, bir gəl gör bizi zornan rusca danışdıran türk qardaşlar bizdən nə istəyirlər. Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, coruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı qulibiyaban vətəndaşlarım, ey vəhşi ərdəbilli, qəlxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır, dünyavü və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək görək haradır bizim Vətənimiz.

Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar. Niyə sakitsiz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!.