Azərbaycan Respublikasının Arbitraj Məhkəməsi
Azərbaycan Respublikasının Arbitraj Məhkəməsi Müəllif: Azərbaycan Respublikası |
Arbitraj məhkəməsi
[redaktə]Azərbaycan Respublikasında arbitraj məhkəməsi tabeliyindən. asılı olmayaraq hüquqi şəxs olan dövlət, ictimai müəssisələr, idarələr və təşkilatlar, kolxozlar və digər kooperativ təşkilatları, sahibkarlar, Azərbaycan Respublikasının və digər dövlətlərin birgə müəssisələri və beynəlxalq birlikləri, dövlət orqanları və başqa orqanlar arasında təsərrüfat mübahisələrini həll etmək yolu ilə öz səlahiyyətləri daxilində məhkəmə hakimiyyətini həyata keçirir. Dövlət müəssisələri, idarələri və təşkilatları arasında yaranan, qiyməti min manatadək olan təsərrüfat Mübahisələri tabelik qaydasında yuxarı orqanlar tərəfindən həll edilir. Arbitraj məhkəməsinin təşkili, fəaliyyət qaydası və səlahiyyəti haqqında qanunvericilik aktları Azərbaycan Respublikasının arbitraj məhkəməsinin təşkili, fəaliyyət qaydası və səlahiyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Təsərrüfat Prosessual Məcəlləsi və. Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas kollegiyaları, ixtisas attestasiyası, intizam məsuliyyəti haqqında qanunvericilik arbitraj məhkəmələri hakimlərinə də aiddir.
Arbitraj məhkəməsinin vəzifələri
[redaktə]Arbitraj məhkəməsinin vəzifələri aşağıdakılardır:
- ədalət mühakiməsini həyata keçirmək yolu ilə hüquqi şəxs olan hüquq münasibətləri subyektlərinin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini təmin etmək;
- təsərrüfat münasibətlərində qanunvericiliyə əməl olunmasına hüquqi vasitələrlə kömək etmək;
- təsərrüfat mübahisələrinin həlli zamanı qanunvericiliyin eyni cür və düzgün tətbiqini təmin etmək.
Arbitraj məhkəməsi tərəfindən tətbiq edilən qanunvericilik
[redaktə]Arbitraj məhkəməsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, bu Qanunu, Azərbaycan Respublikasının Təsərrüfat Prosessual Məcəlləsini, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını, habelə Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı ikitərəfli və çoxtərəfli müqavilələri və sazişləri rəhbər tutur. Mübahisələrin ayrı-ayrı növlərinin həlli xüsusiyyətləri Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilə bilər. Mübahisəli münasibəti nizama salan qanunvericilik olmadıqda arbitraj məhkəməsi oxşar münasibəti nizama salan qanunvericiliyi, belə qanunvericilik olmadıqda isə qanunvericiliyin ümumi müddəalarını və məzmununu rəhbər tutaraq qərar qəbul edir.
Arbitraj məhkəməsi qərarının məcburiliyi
[redaktə]Arbitraj məhkəməsinin qətnaməsi, qərarı, qərardadı Azərbaycan Respublikasının bütün ərazisində, habelə Azərbaycan Respublikası ilə müvafiq saziş bağlamış dövlətlərin ərazilərində məcburi hüquqi qüvvəyə malikdir.
Azərbaycan Respublikasında Arbitraj Məhkəmələrinin təşkili
[redaktə]Arbitraj məhkəməsinin sistemi
[redaktə]Azərbaycan Respublikasında aşağıdakı arbitraj məhkəmələri fəaliyyət göstərir:
- Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi;
- Naxçıvan Muxtar Respublikasının Arbitraj Məhkəməsi.
- Azərbaycan Respublikasının Ali Soveti tərəfindən şəhər arbitraj məhkəmələri, həmçinin bölgə və bölgələrarası arbitraj məhkəmələri yaradıla bilər.
- Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Arbitraj Məhkəməsi, şəhər, bölgə və bölgələrarası arbitraj məhkəmələri Azərbaycan Respublikası arbitraj məhkəmələrinin vahid sistemini təşkil edirlər.
- Naxçıvan Muxtar Respublikasının Arbitraj Məhkəməsi və Azərbaycan Respublikası Ali Soveti tərəfindən yaradılan şəhər, bölgə və bölgələrarası arbitraj məhkəmələri yerli arbitraj məhkəmələrini təşkil edirlər və Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin səlahiyyətinə aid edilən mübahisələrdən başqa, bütün təsərrüfat mübahisələrini həll edirlər.
Azərbaycan Respublikası arbitraj məhkəmələrinin seçilməsi qaydası
[redaktə]Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədrinin Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Ali Soveti 10 il müddətinə seçir. Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin birinci müavini və sədrin müavini, Ali Arbitraj Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin təqdimatı ilə Azərbaycan Respublikası Ali Soveti tərəfindən 10 il müddətinə seçilirlər. Naxçıvan Muxtar Respublikası Arbitraj Məhkəməsinin sədri Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 10 il müddətinə seçilir. Digər yerli arbitraj məhkəmələrinin sədrləri Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən 10 il müddətinə seçilirlər. Naxçıvan Muxtar Respublikası Arbitraj Məhkəməsinin hakimləri Naxçıvan Muxtar Respublikası Arbitraj Məhkəməsi sədrinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 10 il müddətinə seçilirlər.
- Digər yerli arbitraj məhkəmələrinin hakimləri Ali Arbitraj Məhkəməsi sədrinin təqdimatı ilə Azərbaycan Respublikası Ali Soveti tərəfindən 10 il müddətinə seçilirlər.
Arbitraj məhkəməsinin hakiminə vəsiqə onu seçən orqan tərəfindən verilir. 30 yaşına çatan, ali hüquq təhsilli və hüquq ixtisası sahəsində azı 5 il iş stajı olan Azərbaycan Respublikası vətəndaşı hakim seçilə bilər.
Arbitraj məhkəmələrinə rəhbərlik
[redaktə]Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi Azərbaycan Respublikasının arbitraj məhkəməsi sisteminə başçılıq edir və Azərbaycan Respublikasının bütün arbitraj məhkəmələri üzərində rəhbərliyi həyata keçirir.
Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi
[redaktə]Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi müstəqil məhkəmə orqanıdır və onun səlahiyyətinə aid edilən işlər üzrə ali məhkəmə hakimiyyətini həyata keçirir. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyət daxilində və qaydada təsərrüfat mübahisələrini həll edir və mübahisələr üzrə qərarların qanuniliyi üzərində nəzarəti həyata keçirir. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi öz fəaliyyətində mütəmadi olaraq aşağı arbitraj məhkəmələrinin hesabatlarını dinləyir eləcə də arbitraj məhkəmələrinin müsbət təcrübəsini öyrənir, ümumiləşdirir və yayır.
Təsərrüfat mübahisələrinin Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsinə aidiyyəti
[redaktə]Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi:
- müqavilələrin bağlanması, dəyişdirilməsi, ləğv edilməsi və icrası, yaxud digər əsaslara görə yaranan mübahisələri (Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq həlli başqa orqanların səlahiyyətinə aid edilmiş mübahisələrdən başqa);
- Azərbaycan Respublikasının dövlət idarəetmə və icra orqanlarının və digər respublika orqanlarının normativ xarakter daşımayan, qanunvericiliyə uyğun gəlməyən və təşkilatların hüquqlarını və qanuni mənafelərini pozan qərar və sərəncamların (tamamilə və ya qismən) etibarsız hesab edilməsi barədə mübahisələri;
- Azərbaycan Respublikasının dövlət idarəetmə və icra orqanlarının və digər respublika orqanlarının normativ xarakter daşımayan, qanunvericiliyə uyğun gəlməyən və təşkilatların hüquqlarını və qanuni mənafelərini pozan aktlar qəbul etməsi nəticəsində və ya bunların barəsində göstərilən orqanlar tərəfindən öz vəzifələrini lazımınca həyata keçirməməsi nəticəsində dəyən zərərin ödənilməsi haqqında mübahisələri həll edir.
Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi tabeliyindən, olduğu yerdən və mülkiyyət formalarından asılı olmayaraq təşkilatlar arasında mübahisəni öz icraatına bu şərtlə qəbul edə bilər ki, yaranmış və ya yarana biləcək mübahisənin həllinin ona verilməsi haqqında tərəflər arasında yazılı razılıq olsun.
Təsərrüfat mübahisəsinə dair qərarın qanuniliyinin və əsaslılığının Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi tərəfindən yoxlanması
[redaktə]Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi aşağıdakı qərarların qanuniliyini və əsaslılığını yoxlayır:
- təsərrüfat mübahisələrinin həlli üzrə arbitraj kollegiyasında həll olunmuş mübahisəyə dair;
- Naxçıvan Muxtar Respublikasının Arbitraj Məhkəməsi tərəfindən həll olunmuş mübahisələrə dair;
- dövlət müəssisələri, idarələri və təşkilatları arasında qiyməti 1000 manatadək olan, tabelik qaydasında yuxarı orqanlar tərəfindən həll edilən təsərrüfat mübahisələrindən verilən şikayətlərə dair;
- aşağı arbitraj məhkəmələrində həll olunan mübahisələrə dair.
Tərəflər müxtəlif dövlətlərin ərazisində yerləşdiyi hallarda qərardan şikayət verilməsi qaydası dövlətlərarası sazişlə müəyyən olunur. Belə saziş olmadıqda, Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin qərarı qətidir.
Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin qanunvericilik təşəbbüsü
[redaktə]Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi Azərbaycan Respublikasının Ali Sovetində qanunvericilik təşəbbüsü hüququna malikdir. Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin tərkibi Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrdən, sədrin birinci müavinindən, sədrin müavinindən və Ali Arbitraj Məhkəməsinin hakimlərindən ibarətdir. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsində aşağıdakı orqanlar fəaliyyət göstərir: Azərbaycan Respublikası Ali Arbitraj. Məhkəməsinin plenumu; Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin rəyasət heyəti; təsərrüfat mübahisələrinin həlli üzrə arbitraj kollegiyası; qərarların qanuniliyinin və əsaslılığının yoxlanılması üzrə arbitraj kollegiyası.
Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri
[redaktə]Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinə sədr başçılıq edir. Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri:
- Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin fəaliyyətinə rəhbərlik edir və onun işini təşkil edir;
- Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin plenumunu çağırır və onun iclaslarında sədrlik edir; Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi kollegiyalarının arbitraj məhkəməsinin iclaslarında sədrlik edə bizlər; lazım olan hallarda, bir kollegiyanın tərkibinə daxil olan hakimləri işlərə baxmaq üçün digər kollegiyanın tərkibinə cəlb edir;
- Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin rəyasət heyətinə, plenumuna qərarların qanuniliyinin və əsaslılığının yoxlanması üzrə arbitraj kollegiyasının təsərrüfat mübahisələrinə dair qərarlarından protestlər verir;
- arbitraj məhkəmələrinin qətnamələrindən nəzarət qaydasında protestlər verir;
- qanunla müəyyən edilmiş hallarda və qaydada arbitraj işləri üzrə qətnamələrin, qərardadların və qərarların icrasını dayandırır;
- Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi plenumuna qanunvericilik təşəbbüsü qaydasında təkliflər verir;
- sədrin müavinləri arasında, habelə hakimlər arasında vəzifə bölgüsü aparır;
- bu Qanuna uyğun olaraq başqa qaydada vəzifəyə seçilən və vəzifədən azad edilən işçilər istisna olmaqla, işçiləri vəzifəyə təyin edir və vəzifədən azad edir.
Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq barəsində prokuror nəzarəti həyata keçirilməyən dövlət orqanlarının və ictimai təşkilatların normativ hüquqi aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olmaması ilə əlaqədar onların ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə öz səlahiyyətləri daxilində təkliflər verir.
Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin müavinləri
[redaktə]Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin müavinlərinin aşağıdakı hüquqları vardır:
- arbitraj məhkəməsinin qərarlarından nəzarət qaydasında protestlər vermək;
- qanunla müəyyən edilmiş hallarda və qaydada arbitraj işləri üzrə qətnamə, qərardad və qərarların icrasını dayandırmaq.
Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri iş başında olmadıqda onun səlahiyyətlərini Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin birinci müavini, birinci müavin iş başında olmadıqda sədrin və ya onun birinci müavininin tapşırığı ilə Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin müavini həyata keçirir.
Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi arbitraj kollegiyalarının sədrləri
[redaktə]Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin müavinləri Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin arbitraj kollegiyalarına sədrlik edirlər. Kollegiyaların sədrləri:
- kollegiyaların işini təşkil edir və təsərrüfat mübahisələrinin həlli, qərarların qanuniliyini və əsaslılığını yoxlamaq üçün məhkəmənin heyətlərini yaradırlar;
- kollegiyaların arbitraj məhkəməsinin iclaslarında sədrlik edirlər;
- Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin plenumuna kollegiyaların fəaliyyəti haqqında məlumat təqdim edirlər;
- qərarların qanuniliyini və əsaslılığını yoxlamaq, habelə arbitraj təcrübəsini ümumiləşdirmək üçün işləri tələb edirlər.
Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi plenumunun tərkibi və onun fəaliyyət qaydası
[redaktə]Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi plenumunun tərkibinə Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri, onun müavinləri, Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimləri, habelə yerli arbitraj məhkəmələrinin sədrləri daxildir. Plenum dörd ayda bir dəfədən az olmayaraq çağırılır. Plenumun iclası üzvlərin azı üçdə iki hissəsi olduqda səlahiyyətlidir. Məsələlərə baxılmasının nəticələri üzrə plenum açıq səsvermə yolu ilə qərar qəbul edir. Səsvermədə iştirak edən plenum üzvlərinin əksəriyyəti qərarın lehinə səs verdikdə, o, qəbul olunmuş sayılır. Qərarla razılaşmayan üzv öz xüsusi rəyini qərara əlavə edir. Plenumun qərarı Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri və plenumun katibi tərəfindən imzalanır. Azərbaycan Respublikası Baş prokurorunun və Azərbaycan Respublikası ədliyyə nazirinin plenumun iclaslarında iştirak etmək hüququ vardır.
Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi plenumunun səlahiyyəti
[redaktə]Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin plenumu:
- təsərrüfat mübahisələrini həll edən orqanların öz səlahiyyətləri daxilində birgə tədbirlər görməsi sahəsində onların fəaliyyətini əlaqələndirmək məsələlərinə baxır;
- təsərrüfat mübahisələrinin həlli təcrübəsinin ümumiləşdirilməsi materiallarına baxır və Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqi məsələlərinə dair məhkəmə təfsiri qaydasında izahatlar verir;
- Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin təqdimatı ilə Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimləri sırasından arbitraj kollegiyalarının tərkibini, plenumun katibini təsdiq edir;
- Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin təqdimatı ilə Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi yanında elmi-məsləhət şurasının tərkibini təsdiq edir;
- Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi arbitraj kollegiyalarının fəaliyyəti haqqında məlumatları dinləyir;
- Azərbaycan Respublikasının Ali Sovetinə qanunvericilik təşəbbüsü qaydasında təkliflər, habelə digər orqanlara iqtisadi münasibətlərin hüquqi cəhətdən tənzimlənməsinə və təsərrüfat mübahisələrini həll edən orqanların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verilməsi məsələlərinə baxır;
- Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi hakimlərinin ixtisas kollegiyasını seçir, bu kollegiyanın fəaliyyəti haqqında hesabatları dinləyir;
- Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi, yerli arbitraj məhkəmələri tərəfindən qəbul edilmiş qərarların Azərbaycan Respublikası qanunvericiliyinə zidd olması ilə əlaqədar bu qərarlara Azərbaycan Respublikası baş prokurorunun və Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin protestləri üzrə işlərə nəzarət qaydasında baxır.
Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin rəyasət heyəti
[redaktə]Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin rəyasət heyəti Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsini sədrindən (sədrlik edəndən), onun müavinlərindən və sədrin Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi hakimləri sırasından təyin etdiyi üzvlərdən ibarət tərkibdə fəaliyyət göstərir. Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin rəyasət heyəti:
- Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi aparatının təşkili, fəaliyyəti, aparatın kadrlarının seçilməsi və yerləşdirilməsi məsələlərini həll edir;
- təsərrüfat mübahisələrinin həlli zamanı qanunvericiliyin düzgün tətbiq olunmasını təmin edir;
- təsərrüfat münasibətlərinin hüquqi tənziminin təkmilləşdirilməsi üzrə təkliflərə baxır;
- Ali Arbitraj Məhkəməsi aparatının struktur bölmələri rəhbərlərinin hesabatlarını və hakimlərin xidməti vəzifələrini yerinə yetirmələri barədə məlumatlarını dinləyir;
- Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi tərəfindən və respublikanın aşağı arbitraj məhkəmələri tərəfindən qəbul edilmiş qərarlara Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin və Azərbaycan Respublikası Baş prokurorunun, Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədr müavinlərinin və Azərbaycan Respublikası Baş prokuroru müavinlərinin protestləri ilə nəzarət qaydasında baxır.
Bu məsələlər üzrə rəyasət heyətinin qərarı iclasda iştirak edən rəyasət heyəti üzvlərinin səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda protest rədd edilmiş hesab olunur.
Yerli arbitraj məhkəmələrinin sədrləri
[redaktə]Yerli arbitraj məhkəmələrinin sədrləri arbitraj məhkəmələrinə başçılıq edir, arbitraj məhkəməsinin fəaliyyətinə rəhbərlik edir, qanunvericilik əsasında və qanunvericiliyin icrası ilə əlaqədar onların rəhbərlik etdiyi arbitraj məhkəmələrinin işçiləri üçün məcburi olan əmrlər verir, struktur bölmələri haqqında əsasnamələri təsdiq edir, arbitraj məhkəmələrinin hakimlərindən başqa, işçiləri vəzifəyə təyin edir və vəzifədən azad edir, müəyyən edilmiş qaydada arbitraj məhkəməsinin işçiləri barədə mükafatlandırma və tənbeh tədbirləri tətbiq edir, habelə arbitraj məhkəməsinin fəaliyyətini nizama salan qanunvericilik aktları ilə nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirir.
Arbitraj məhkəməsinin hakiminin statusu
[redaktə]Arbitraj məhkəməsinin hakimi
[redaktə]Arbitraj məhkəməsinin hakimi:
- təsərrüfat mübahisələrinə baxıb həll edir;
- mübahisəyə baxılmasına rəhbərlik edir, tərəflər arasında saziş əldə olunmasına kömək göstərir;
- mübahisələrin həlli təcrübəsini öyrənir və ümumiləşdirir, qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır, habelə iqtisadi münasibətlərdə hüquq pozuntularının qarşısını almaq sahəsində iş aparır.
Ali Arbitraj Məhkəməsinin hakimi mübahisələrə dair qərarların qanuniliyinin və əsaslılığının yoxlanmasını da həyata keçirir; Pedaqoji və elmi tədqiqat fəaliyyəti istisna olmaqla, hakimin başqa təşkilatlarda əvəzçilik qaydasında işləməsinə yol verilmir. hakimlər Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qoyulmuş qaydada attestasiyadan keçirlər, attestasiyanın nəticələrinə kərə onlara ixtisas və iş təcrübəsi nəzərə alınaraq ixtisas dərəcələri verilir.
Hakimin hüquqları
[redaktə]Hakimin aşağıdakı hüquqları vardır:
- dövlət orqanlarından və başqa orqanlardan, təşkilatlardan, onların vəzifəli şəxslərindən qanunla onun üzərinə qoyulmuş vəzifələrin həyata keçirilməsi ilə bağlı öz sərəncamlarının icra olunmasını tələb etmək;
- aşkara çıxarılmış qanunvericilik pozuntuları barədə xüsusi qərardadları, məlumatı bu pozuntuların aradan qaldırılmasına dair təkliflərlə birlikdə təşkilatlara, dövlət orqanlarına və digər orqanlara göndərmək;
- dövlət orqanlarından və başqa orqanlardan, elmi idarələrdən və informasiya mərkəzlərindən informasiya tələb etmək.
Hakimlərin öz səlahiyyətləri daxilində təqdim olunmuş tələbləri onların aid edildiyi dövlət orqanları və digər orqanlar, təşkilatlar, onların vəzifəli şəxsləri üçün məcburidir. Hakim öz fəaliyyətini həyata keçirmək üçün lazım olan digər səlahiyyətlərə də malikdir, bu səlahiyyətlər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir.
Hakimin vəzifələri
[redaktə]Hakim öz fəaliyyətində qanunvericiliyin tələblərini dəqiq icra etməyə, arbitraj prosesinin yüksək mədəniyyətini və tərbiyəvi təsirini təmin etməyə, ədalətli olmağa borcludur. Hakim peşə biliyi səviyyəsini yüksəltməyə borcludur. Hakim öz xidməti vəzifələrini yerinə yetirərkən, habelə xidmətdənkənar münasibətlərdə ədalət mühakiməsinin nüfuzunu, hakimin ləyaqətini aşağı sala biləcək və ya onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğura biləcək nə varsa, hamısından çəkinməlidir.
Hakimlərin müstəqilliyi
[redaktə]Arbitraj Məhkəmələrinin hakimləri müstəqildirlər və ancaq qanuna tabedirlər. hər hansı orqanın, təşkilatın və vəzifəli şəxsin təsərrüfat mübahisələrinin həlli sahəsində hakimlərin fəaliyyətinə qarışmasına yol verilmir. Hakimlərin müstəqilliyi onların vəzifəyə seçilməsi və vəzifədən azad edilməsi qaydası ilə, mübahisələrin həllinin hüquqi əsasları ilə, arbitraj məhkəməsinin fəaliyyəti üçün lazımi şərait yaradılması ilə, habelə hakimlərin maddi və sosial təminatı ilə təmin edilir. Kütləvi informasiya vasitələri iş üzrə qərar qəbul edilənədək arbitraj baxışının nəticələri barədə qabaqcadan rəy söyləməyə haqlı deyildir.
Hakimlərin toxunulmazlığı
[redaktə]Arbitraj məhkəməsinin hakimi onu seçən orqanın razılığı olmadan cinayət məsuliyyətinə, məhkəmə qaydasında tətbiq edilən inzibati məsuliyyətə cəlb oluna bilməz və həbs oluna bilməz. Arbitraj məhkəməsinin hakimi barəsində cinayət işi ancaq Azərbaycan Respublikasının Baş prokuroru, Naxçıvan Muxtar Respublikası Arbitraj Məhkəməsinin hakimi barəsində cinayət işi isə Naxçıvan Muxtar Respublikasının prokuroru tərəfindən qaldırıla bilər. Arbitraj məhkəməsinin hakimləri barəsində cinayət işlərinə baxılması Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Arbitraj Məhkəməsinin hakimləri barəsində cinayət işlərinə baxılması isə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə aiddir.
Hakimə hörmətsizlik üçün məsuliyyət
[redaktə]Arbitraj prosesinin iştirakçıları və ya arbitraj məhkəməsinin iclasında olan vətəndaşlar tərəfindən hakimə hörmətsizlik göstərilməsi, habelə kimliyindən asılı olmayaraq hər hansı şəxs tərəfindən hakimə qarşı aşkar etinasızlığa dəlalət edən hərəkətlər törədilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur. Hakim öz vəzifəsindən aşağıdakı əsaslara görə azad edilə bilər:
- səhhətinə görə işi davam etdirə bilmədikdə;
- başqa vəzifəyə seçildikdə, təyin edildikdə və ya başqa işə keçirildikdə;
- öz xahişi ilə.
Hakim qanunvericiliyi pozduqda və ya hakim adı ilə bir araya sığmayan ləyaqətsiz hərəkətə yol verdikdə vəzifədən azad edilir. Hakim vəzifədən onu seçən orqan tərəfindən azad edilir.
Arbitraj Məhkəməsi hakimlərinin ixtisas kollegiyası
[redaktə]Arbitraj məhkəməsi hakimlərinin ixtisas kollegiyası arbitraj məhkəmələri hakimləri sırasından gizli səsvermə yolu ilə Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin plenumu tərəfindən beş il müddətinə, sədrdən, onun müavinindən və beş nəfər üzvündən ibarət tərkibdə seçilir. Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri və onun müavinləri ixtisas kollegiyasının tərkibinə daxil olmurlar. Arbitraj məhkəməsi hakimlərinin ixtisas kollegiyası öz işi haqqında Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin plenumu qarşısında hesabat verir.
Arbitraj məhkəməsi hakimlərinin ixtisas kollegiyasının səlahiyyəti
[redaktə]İxtisas kollegiyası:
- arbitraj məhkəməsinin hakimliyinə namizədin irəli sürülməsinin mümkünlüyü barədə rəy verir;
- arbitraj məhkəməsi hakimlərinin ixtisas attestasiyasını keçirir;
- arbitraj məhkəməsi hakimlərinin geri çağırılması haqqında rəy verir, onların intizam məsuliyyəti barədə məsələlərə baxır.
Attestasiya
[redaktə]Arbitraj məhkəməsinin rəhbər işçiləri (vəzifəyə seçilənlərdən başqa) və mütəxəssisləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə attestasiyadan keçməlidir. Attestasiyanın keçirilməsi qaydası haqqında əsasnamə Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri tərəfindən təsdiq edilir.
İqtisadi münasibətlərdə hüquq pozuntularının qarşısının alınması
[redaktə]Arbitraj məhkəməsi iqtisadi münasibətlərdə hüquq pozuntularının qarşısını almaq sahəsində iş aparır və bu məqsədlə:
- iqtisadi münasibətlərdə hüquq pozuntularının səbəblərini səciyyələndirən məlumat və materialların sistemli təhlilini aparır, bu pozuntuları aradan qaldırmaq üçün tədbirlər hazırlayır və öz səlahiyyəti daxilində həyata keçirir;
- işlərə səyyar iclaslarda baxır;
- aşkara çıxarılmış hüquq pozuntuları və onları doğuran hallar barədə müvafiq tədbirlər görülməsini tələb edən xüsusi qərardadları təşkilatların rəhbərlərinə, dövlət orqanlarına və digər orqanlara göndərir. Onlar xüsusi qərardadla əlaqədar lazımi tədbirlər görüldüyü barədə bir aydan gec olmayaraq arbitraj məhkəməsinə cavab verməlidirlər. Aşkara çıxarılmış hüquq pozuntuları barədə zəruri hallarda prokurorluq orqanlarına məlumat göndərilir;
- iqtisadi münasibətlərdə yol verilən daha ciddi hüquq pozuntuları barədə Azərbaycan Respublikasının Ali Sovetinə məlumat verir və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzərinə çatdırır.
Arbitaj Məhkəməsinin Fəaliyyəti üzrə sair Məsələlər
[redaktə]Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi yanında elmi-məsləhət şurası
[redaktə]Təsərrüfat mübahisələrini həll edən orqanlara arbitraj təcrübəsinin formalaşması, qanunvericiliyi təkmilləşdirmək barədə təkliflər işlənməsi və məlumatlar hazırlanması, habelə hüquqpozuntularının qarşısının alınması və aşkara çıxarılmış pozuntuların aradan qaldırılması ilə bağlı məsələlərə dair elmi surətdə əsaslandırılmış tövsiyələr hazırlamaq üçün Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi yanında, elmi-məsləhət şurası yaradılır. Elmi-məsləhət şurası məşvərətçi orqandır və ictimai əsaslarla fəaliyyət göstərir.
Statistika uçotu
[redaktə]Arbitraj məhkəməsi müəyyən edilən qaydada arbitraj statistikası aparır. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi aşağı arbitraj məhkəmələri tərəfindən arbitraj statistikasının aparılması işini təşkil edir.
Digər orqanlarla əməkdaşlıq və beynəlxalq əlaqələr
[redaktə]Arbitraj məhkəməsi təsərrüfat mübahisələrini həll edən digər orqanlarla (məhkəmələrlə, münsiflər məhkəmələri ilə) müəyyən edilən qaydada əməkdaşlıq edir. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi müəyyən edilən qaydada beynəlxalq əlaqələri həyata keçirir.
Mətbuat orqanı
[redaktə]Azərbaycan Respublikası arbitraj məhkəmələrinin mətbuat orqanı ola bilər.
Qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsi
[redaktə]Arbitraj məhkəməsi arbitraj təcrübəsini öyrənir və ümumiləşdirir, onun təkmilləşdirilməsinə dair təkliflər hazırlayır, təsərrüfat mübahisələrini həll edən orqanlar tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini təhlil edir və yayır.
Qanunvericiliyi təkmilləşdirilməyə dair təkliflər hazırlanması
[redaktə]Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi arbitraj təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi əsasında qanunvericiliyi təkmilləşdirilməyə dair təkliflər hazırlayır və onları müəyyən olunan qaydada irəli sürür. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi təşkilatların rəhbərləri ilə razılığa əsasən onların mütəxəssislərini və elmi işçilərini bu işə cəlb edə bilər.
Arbitraj məhkəmələrinin strukturu və ştatları
[redaktə]Arbitraj təcrübəsini öyrənmək və təhlil etmək, qanunvericiliyi təkmilləşdirməyə dair təkliflər hazırlamaq, iqtisadi münasibətlərdə hüquq pozuntularının qarşısının alınması məqsədi ilə tədbirlər müəYYən etmək, Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin fəaliyyəti ilə bağlı digər funksiyaları yerinə yetirmək üçün Ali Arbitraj Məhkəməsində şöbələr və başqa bölmələr yaradılır. Arbitraj kollegiyalarında və şöbələrdə baş, böyük məsləhətçilər və digər mütəxəssislər, qulluqçular və kiçik xidmət işçiləri olur. Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin tərkibini Azərbaycan Respublikasının Ali Soveti müəyyən edir. Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri Azərbaycan Respublikası Ali Arbitraj aparatının strukturunu, şöbələrinin və digər bölmələrinin ştatlarını bu Qanuna müvafiq surətdə təsdiq edilən təxsisat həddində müəyyənləşdirir, ştat cədvəlini, Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin şöbələri və digər bölmələri haqqında əsasnamələri təsdiq edir. Yerli arbitraj məhkəmələrinin sədrləri arbitraj məhkəmələrinin strukturunu şöbələrin ştat sayı hüdudlarında müəyyənləşdirir və ştat cədvəlini təsdiq edir.
Azərbaycan Respublikası arbitraj məhkəmələrinin maliyyələşdirilməsi və maddi-texniki təminatı
[redaktə]Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin maliyyələşdirilməsi, maddi-texniki təminatı və ona xidmət edilməsi dövlət büdcəsindən ayrılan təxsisat hesabına həyata keçirilir. Təxsisatın məbləği Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilir. Yerli arbitraj məhkəmələrinin maliyyələşdirilməsi, maddi-texniki təminatı və onlara xidmət edilməsi dövlət büdcəsindən ayrılan təxsisat hesabına həyata keçirilir. Təxsisatın məbləği arbitraj məhkəmələri sədrlərinin təqdimatı ilə, onları seçən orqanlar tərəfindən təsdiq edilir.
Hüquqi şəxs statusu
[redaktə]Arbitraj məhkəmələri hüquqi şəxsdirlər, üzərində Azərbaycan Respublikasının dövlət gerbi təsvir olunmuş və özünün adı yazılmış möhürə malikdirlər.