Məzmuna keç

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası/Yekun müddəalar

Vikimənbə saytından
Azərbaycan Respublikasinin milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası. Yekun müddəalar (2007)


YEKUN MÜDDƏALAR

Azərbaycan Respublikasının strateji coğrafi mövqeyi onun Avratlantik məkandakı siyasi və iqtisadi proseslərdə olduqca mühüm rol oynamasını təmin etmişdir. Bu, regiondakı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində özünü büruzə verməkdədir.

Azərbaycan Respublikasının təhlükəsizlik mühiti eyni zamanda hərbi münaqişələr, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya, insan alveri və narkotik vasitələrin qaçaqmalçılığı, kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğu ilə səciyyələnir ki, bu da, ölkəni bir sıra təhlükəsizlik problemləri ilə üzləşdirir.

Bu Konsepsiya Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsasını təşkil edir və dövlətin milli maraqlarının qorunması məqsədi ilə müvafiq dövlət strukturlarının üzərinə xüsusi vəzifələr qoyur və bu kontekstdə onların əlaqələndirilmiş fəaliyyətini zəruri edir.

Konsepsiya ölkənin daim dəyişən təhlükəsizlik mühitini, Azərbaycan Respublikasının milli maraqlarını və təhlükəsizlik siyasətinin əsas istiqamətlərini müəyyən edir.

Azərbaycan Respublikasının hökuməti bu Konsepsiyadan irəli gələn vəzifələri həyata keçirmək üçün müvafiq tədbirlər görəcəkdir. Dövlətin daxili və xarici siyasətinə uyğun olaraq ölkənin təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə şərait yaradılması məqsədi ilə Konsepsiya müntəzəm qaydada yeniləşdirilə bilər.

Konsepsiya, həmçinin hərbi doktrina, xarici siyasət strategiyası, müdafiə icmalı, iqtisadi konsepsiya, mədəniyyət, elm, təhsil, səhiyyə və nəqliyyat strategiyaları da daxil olmaqla, dövlət fəaliyyətinin müxtəlif sahələri ilə bağlı daha müfəssəl sənədlərin hazırlanması üçün əsasdır.

Təhlükəsizlik sahəsində hazırlanacaq digər konseptual sənədlər ümumi ictimai konsensusu əks etdirməli, real olmalı və bu Konsepsiya ilə birlikdə, ölkədə demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti, demokratik nəzarət altında olan güclü və effektiv təhlükəsizlik sektoru quruculuğuna, davamlı iqtisadi və sosial tərəqqiyə kömək etməlidir.