Məzmuna keç

Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında

Vikimənbə saytından
Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında (2008)
Müəllif: İlham Əliyev
Mənbə:Bayraqla bağlı Azərbaycan qanunu nə deyir?

Bakı şəhəri, 25 aprel 2008-ci il

Maddə 1. Xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarına hörmət göstərilməsi ilə bağlı vəzifələr

Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarına hörmətlə yanaşmalıdırlar.

Maddə 2. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırıldığı yerlər

2.0. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq aşağıdakı yerlərdə qaldırıla bilər:

2.0.1. xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binaları üzərində, habelə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinin iqamətgahları üzərində;

2.0.2. xarici dövlətin və ya beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri zamanı protokol qaydalarına uyğun müəyyən edilmiş yerlərdə;

2.0.3. xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmilər Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanlarında dayanarkən həmin gəmilərdə;

2.0.4. Azərbaycan Respublikasında keçirilən beynəlxalq səviyyəli tədbirlərdə.

Maddə 3. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının yerləşdirildiyi yerlər

3.0. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq aşağıdakı yerlərdə yerləşdirilə bilər:

3.0.1. xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin iş otaqlarında;

3.0.2. Azərbaycan Respublikasına səfər edən xarici dövlətin dövlət və ya hökumət başçısının, dövlət nümayəndə heyəti rəhbərinin, beynəlxalq təşkilatın nümayəndə heyəti rəhbərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin nəqliyyat vasitələri üzərində.

Maddə 4. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsinə dair məhdudiyyətlər

Bu Qanunda, habelə beynəlxalq hüquq normalarında və diplomatik protokol qaydalarında nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının Azərbaycan Respublikasında qaldırılması və ya yerləşdirilməsi qadağandır.

Maddə 5. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb edilirlər.

Maddə 6. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.