Məzmuna keç

Azərbaycan dövri mətbuatının qısa icmalı

Vikimənbə saytından
Azərbaycan dövri mətbuatının qısa icmalı (1906)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


Otuz il bundan əvvəl Bakıda türk dilinin Azərbaycan ləhcəsində nəşr olunmağa başlayan "Əkinçi" birinci müsəlman qəzeti idi. Bu qəzetin banisi keçmiş müsəlman pedaqoqu və hazırda məşhur ictimai xadim olan Həsənbəy Məlikov idi. Qayğısız və heç şeyin fikrini çəkməyən, "xoş keçmişin" ənənələri əsasında tərbiyə alan, hər cür yeniliyə qarşı fanatik münasibət bəsləyən Zaqafqaziyada yaşayan azərbaycanlıların o zamankı geri vəziyyətini nəzərə alaraq, əlbəttə, "Əkinçi" qəzetinin böyük müvəffəqiyyət qazanacağını gözləmək olmazdı. Həqiqətən, qəzet ilk nömrələrindən soyuq və qeyri-səmimi qarşılandı. Cəmiyyətin bəzi təbəqələri isə qəzetə güclü düşmən müqaviməti göstərdi. Redaktorun işgüzar və məzmunlu məqalələri, istedadlı şair Hacı Seyid Əzim Şirvaninin müsəlmanları fəal və mənalı həyata səsləyən gözəl şerləri ucsuz-bucaqsız səhrada yüksələn fəryadı xatırladırdı, cavabsız qalan bir çağırış idi. Bundan əlavə, cənab Məlikov ehtiyatsızlıq edərək öz qəzetində vaxtsız olaraq dini şəbehlər (şaxsey-vaxsey) məsələsinə toxundu və bununla da şiəlik tərəfdarlarının qızğın hiddətinə səbəb oldu. Hər tərəfdən redaktorun üstünə məzəmmət və biabırçı həcvlər yazılmağa başlandı. Şuşa şairləri həcvlər yazan başqa şairləri bu cəhətdən xeyli geridə qoydular. Hadiyül-Müzəllin adlı birisi Qarabağdan redaksiyaya redaktorun adına biabırçı söyüşlər göndərdi. Cənab Məlikov bir qədər ixtisarla bu həcvi "Əkinçi"də dərc etdirərək ona diqqəti cəlb edən aşağıdakı qeydi verir: "Cənab Hadiyül-Müzəllin Qarabağinin aşağıda zikr olunan həcvini onların xahişinə müvafiq tamam çap elətməyə izn olmadı…. Amma o cənab və onu fitləyən əşxaslar məyus olmasınlar ki, belə kamallı söz pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın sərhəddində bir daş qoydurub, onun üstə zikr olan həcvi tamam qazdıram ki, gələcəkdə bizim evladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm".

Üç il ərzində qəzetdə dərc edilmiş mühüm materiallardan görünür ki, onun əsas məqsədi faydalı kənd təsərrüfatı biliklərini həm nəzəri, həm də əməli cəhətdən ölkənin əhalisi arasında yaymaqdan ibarət olmuşdur. Aqronomiya sahəsində yaxşı mütəxəssis olan və sadə xalqın dilini bilən Həsənbəy Məlikov qəzetin hər nüsxəsində kənd təsərrüfatının müxtəlif sahələrinə dair çox maraqlı və faydalı məqalələr dərc etdirirdi. O, eyni zamanda, elmi məlumatları asan bir şəkildə, sadə və anlaşıqlı bir dildə oxuculara çatdırmaqda yüksək məharət göstərirdi. Bizim fikrimizə görə, bu məqalələr indi də öz əhəmiyyətini itirməmişdir. Əgər onlar müəyyən bir sistem halına salınıb, Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, kəndlilərə fayda verə bilər.

Lakin "Əkinçi" öz oxucularını bu cür gözəl materiallarla təmin etməsinə və ümumiyyətlə, ayıq və mənalı istiqamətinə baxmayaraq o, uzun müddət davam edə bilmədi və əhatə olunduğu nadan, qaranlıq mühitlə ağır mübarizədə öz fəaliyyətini dayandırdı.

"Əkinçi"dən sonra Tiflisdə bir-birinin ardınca "Ziyayül- Qafqaz" və "Kəşkül" adlı iki Azərbaycan qəzeti nəşr edilməyə başladı. Bu qəzetlərin müəssisləri Ünsizadə qardaşları — Hacı Seyid əfəndi və Cəlal əfəndi idi. Onlar çox bacarıqlı və Şərq dillərini yaxşı bilən adamlar olsalar da, qəzet nəşr etmək kimi çətin və mürəkkəb işi aparmağa hələ qəti hazır deyildilər. Bunun nəticəsində tez bir zamanda "Ziyayül-Qafqaz"ın nəşri dayandırıldı və onun əvəzində Cəlal əfəndinin "Kəşkül"ü çıxmağa başladı. "Kəşkül" də "Ziyayül-Qafqaz" kimi hazırlıqsız adamların əlində idi və o, çox səliqəsiz və müəyyən istiqaməti olmadan nəşr edilirdi.

"Kəşkül"də, məsələn, M. F. Axundovun tərcümeyi-halı ilə bir sırada müxtəlif zarafatlar, lətifələr və ağla sığmayan gülməli məlumatlar dərc edilirdi. Bəzən qəzetin bir neçə nömrəsində dalbadal Dağıstan və Çeçen xarabalıqlarından redaksiyaya göndərilən ərəb dilində yazılmış uzun, heç bir ciddi əhəmiyyəti olmayan məqalələr çap olunurdu. Dini-əxlaqi məsələlərin müxtəlif sahələrindən bəhs edən və dil cəhətdən anlaşılmaz olan bu məqalələrin əksəriyyəti, yəqin ki, yalnız onların müəllifləri üçün çap edilirdi. Bu cür hikmətləri anlamağa hazır olmayan oxucuların əksəriyyətinə isə fikir verilmirdi. Öz-özlüyündən məlumdur ki, xalqın ehtiyac və tələblərini inkar edən və zamananın ruhuna cavab verməyən "Kəşkül" kimi mətbuat orqanı geniş yayıla bilməzdi və o, keçən əsrin 90-cı illərinə qədər güç-bəla ilə öz acınacaqlı fəaliyyətini davam etdirərək nəşrini dayandırdı.

"Kəşkül" qəzeti bağlandıqdan sonra Zaqafqaziya müsəlmanları on-on beş il öz ana dilində mətbuat orqanından məhrum qaldı. Bir neçə şəxsin Azərbaycan dilində qəzet çıxarmaq təşəbbüsü hökumət tərəfindən rədd edildi. Hökumət nə səbəbdən isə azərbaycanlılar arasında maarifin yayılması sahəsində məhsuldar işi ilə tanınan və səsli metod ilə savad təlimi üçün birinci dəfə Azərbaycan dilində dərslik tərtib edən Zaqafqaziya müəllimlər seminariyasının müsəlman şöbəsinin keçmiş inspektoru, əməkdar müəllim Çernyayevskinin də xahişini rədd etmişdi. Lakin Qafqazın başqa xalqlarından geridə qalan və mədəniyyəti zəif inkişaf etmiş azərbaycanlılar yaxşı bir mətbuat orqanına hamıdan çox ehtiyac hiss edirdilər. Beləliklə, əgər "Ziyayül-Qafqaz" ilə "Kəşkül"ü ictimai mətbuat orqanı deyil, müvəffəqiyyətsizliyə uğramış şəxsi ticarət müəssisəsi hesab etsək, onda məlum olur ki, Qafqaz müsəlmanları 25 il ərzində mətbuat vasitəsilə öz ehtiyac və tələblərini müzakirə etmək, məktəb işini yaxşılaşdırmaq və ümumiyyətlə, öz həyatlarını irəli aparmaq imkanından məhrum edilmişlər. Bu müddətdə rus təbəəliyində olan çoxmilyonlu müsəlman əhalisi üçün yalnız Bağçasarayda "Tərcüman" ("Perevodçik") adlı həftəlik bir qəzet nəşr olunmuşdur. Baş senzor və şərqşünas cənab Smirnovun ciddi nəzarəti ilə nəşr edilən və kiçik formatda rus dilinə tərcüməsi ilə birlikdə çıxan bu qəzet də Rusiya müsəlmanlarının bütün tələblərinə cavab vermək imkanına malik deyildi. Bundan əlavə, Krım tatarlarının dilində çıxan "Tərcüman", xüsusən, əvvəllər hamı tərəfindən başa düşülmədiyi üçün Zaqafqaziyada geniş yayıla bilmədi. Hazırda "Tərcüman" həftədə üç dəfə çıxır. Onun məzmunu xeyli yaxşılaşmış və dili Azərbaycan dilinə uyğunlaşdırılmışdır. Belə ki, indi qəzet az-çox savadı olan azərbaycanlılar tərəfindən asanlıqla oxunur. Ədalət tələb edir ki, "Tərcüman"ın redaktoru cənab Qaspirinskinin xidməti xüsusilə qeyd edilsin. Həyatının ağır şəraitdə keçməsinə baxmayaraq o, 25 il ərzində rus müsəlmanlarının maariflənməsi sahəsində qızğın enerji ilə işləmiş və indi də işləməkdədir.

1903-cü ildə bizim möhtərəm publisistimiz Məmmədağa Şahtaxtinski uzun əzab-əziyyətdən sonra Tiflisdə Azərbaycan dilində "Şərqi-Rus" adlı qəzet nəşr etməyə icazə alır. Bu qəzetin meydana gəlməsi nəinki yalnız Zaqafqaziyadakı azərbaycanlıları, hətta bütün Rusiya müsəlmanlarını sevindirdi. Hər tərəfdən redaksiyaya təbrik məktubları gəldi. 25 il əvvəl çox səylə "Əkinçi" qəzetinin redaktorunun adına deyilən mənasız və təhqiramiz həcvlər indi gənc "Şərqi-Rus" və onun redaktoru M. Şahtaxtinskinin adına yazılan tərifli himnlərlə əvəz edildi. "Allah bəndəsi" adlı birisi "Şərqi-Rus"un 17-ci nömrəsində ondan əvvəl çıxan Azərbaycan qəzetlərinin ötəri icmalını verib, müsəlmanları yeni qəzeti müdafiə etməyə çağırmışdı. O, azərbaycanlılar arasında nəşriyyat işinin çətinliyini, yeniliyini, nə yaxşı mətbəələrin, nə mürəttiblərin, nə də iş bilən əməkdaşların olmadığını nəzərə alaraq ilk vaxtlar "Şərqi-Rus" oxucularını qəzetə iltifatla baxmağa və əlbir olaraq onu möhkəmlətməyə çağırmışdı. Həqiqətən də, qəzetin işi ilk əvvəllər elə bil yaxşı getdi, onun yalnız Zaqafqaziyanın müxtəlif yerlərində deyil, bütün imperiyanın Kazan, Orenburq, Ufa, Peterburq, Moskva, Zakaspi vilayəti, Türküstan, Vladivostok və başqa yerlərində də abunəçiləri var idi.

Lakin yaxşı nəzəriyyəçi olan cənab Şahtaxtinski təcrübədə özünü doğrulda bilmədi. O, qəzet işində tam təcrübəsiz olduğunu göstərdi. Ən başlıcası isə, cənab Şahtaxtinski xalqının mənəvi inkişafını nəzərə almadığı üçün ciddi səhvə yol verdi və öz qəzeti vasitəsilə tərtib etdiyi yeni əlifbanı yaymağa çalışdı. O, bununla özünə və qəzetinə qarşı ümumi narazılıq oyatdı. Düzdür, bütün müsəlmanlar tərəfindən qəbul edilmiş ərəb əlifbası müsəlman dünyasında tərəqqiyə ciddi surətdə maneçilik törədir və əsaslı dəyişiklikliyə ehtiyacı vardır. Lakin bütün məsələ köhnə, əsrlərlə işlənən əlifbanı ləğv edib, onun əvəzinə daha əlverişli və daha mükəmməl əlifba təqdim etməkdədir. Cənab Şahtaxtinskinin əlifbası isə heç bir xüsusi məziyyəti ilə fərqlənmirdi və o, başdan ayağa yöndəmsiz və mürəkkəb hərflərdən ibarət idi. Hamı tərəfindən ən əlverişli hesab edilən ərəb rəqəm işarələri cənab Şahtaxtinskinin əlifbasında sait rolunu oynayırdı. Bu əlifbanın nöqsanları və yaramazlığı barədə mən elə o zaman, 1902-ci ildə Tiflis qəzetlərinin birində çox müfəssəl danışmışam. Cənab Qaspirinski də öz "Tərcüman"ında bu əlifbaya qarşı çıxmışdı. Göründüyü kimi, sonralar cənab Şahtaxtinski özü də əlifbasının tələb olunan vəzifələrə cavab vermədiyini anladı və yavaş-yavaş qəzetindən bu məsələni çıxartdı. Lakin o bu qənaətə çox gec, "Şərqi-Rus" öz əvvəlki nüfuzunu itirdikdən sonra gəldi.

Lakin bununla bərabər qəzetin bağlanmasına başqa səbəblər də olmuşdu. Məsələn, bizim fikrimizcə, gənc "Şərqi-Rus"a "Kaspi" qəzetinin o zamankı əməkdaşlarının hücumları və "Tərcüman"ın arasıkəsilməz iradları əsassız idi. Bizə məlum olduğu kimi, bütün bunların nəticəsində, cənab Şahtaxtinskiyə böyük pula, əməyə və mənəvi əzablara oturan "Şərqi-Rus", nəşrinin ikinci ilində öz fəaliyyətini dayandırmağa məcbur oldu.

Keçən 1905-ci ilin payızında, təxminən 17 oktyabr manifesti ərəfəsində Bakıda həftəlik "Həyat" qəzeti çıxmağa başladı. Deyəsən, "Həyat" ona qədər nəşr edilmiş Azərbaycan qəzetlərinin hamısından ən mötəbəri idi. Onu müsəlmanların ən yaxşı ədəbi qüvvələri — Əlibəy Hüseynzadə ilə Əhmədbəy Ağayev birlikdə redaktə edirdilər. Qəzetin böyük formatı, yaxşı kağızı, gözəl və aydın çapı, ən başlıcası isə əməli və dərin məzmunlu məqalələri oxuculara yaxşı təsir bağışlayırdı. Lakin qəzet 3–4 ay çıxdıqdan sonra Əhmədbəy Ağayev ondan ayrıldı və Bakıda öz "İrşad" qəzetini təsis etdi. Əhmədbəyin getməsi ilə "Həyat"da işlər zəifləməyə başladı. Qəzet yavaş-yavaş canlı və maraqlı orqandan darıxdırıcı və qeyri-həyati sxolastik gündəliyə çevrilməyə başladı, ən vacib məsələlərə isə diqqət yetirilmədi…. Qəzet dil cəhətdən də getdikcə yerli azərbaycanlılar üçün çətin və anlaşılmaz oldu. "Həyat"da əməkdaşlıq edən şəxslər öz yazılarında İstambulda təhsil almış qəzetin redaktoru Əlibəy Hüseynzadənin üslubuna səylə təqlid etməyə başladılar. Lakin bu təqlid çox gülünc nəticələr verdi. "Həyat" qəzetinin bağlanmasının səbəbləri haqqında biz öz mülahizələrimizi "Znaniye" qəzetinin 6-cı nömrəsində ayrıca danışmışıq.

Hazırda bütün Qafqazda Azərbaycan dilində yalnız bircə "İrşad" qəzeti nəşr edilir və o da maddi cəhətdən çox böyük ehtiyac və kəsir içindədir.

Kədərlə bu qəmli faktı qeyd etmək lazımdır ki, hələ xalq kütlələrində qəzet oxumaq ehtiyacı yaranmamış və onlarda ictimai məsələlərə qarşı bir laqeydlik və etinasızlıq hiss olunmaqdadır. Bizim yuxarıda göstərdiyimiz səbəblərdən başqa, bu axırıncı məsələ də, şübhəsiz, "Əkinçi", "Kəşkül", "Şərqi-Rus" və "Həyat" qəzetlərinin bağlanmasına mühüm təsir göstərmişdi.

"İrşad" qəzetinin fəaliyyətini davam etdirmək üçün onun redaktoru və naşiri Ağayev lazımi miqdarda abunəçi toplamaq üçün Qafqazı səyahət etmişdir. Bu yolla abunəçi toplamaq, əlbəttə, çox adama qəribə və qeyri-adi şey kimi görünəcәk, lakin başqa xalqlardan təhsil və mədəniyyətcə geridə qalmış müsəlmanlar arasında isə çap işinə yardım etmək üçün bu ən düzgün və bəlkə də, yeganə vasitədir. Yaxşı əməkdaşlar heyəti və Ağayev kimi təcrübəli publisistin rəhbərliyi altında nəşr edilən "İrşad" ən canlı, məzmunlu və gözəl mətbuat orqanıdır. Bu qəzet ictimai həyatın inkişafını açıq gözlə izləyir və onun səhifələrində Rusiya müsəlmanlarının həyatında az-çox əhəmiyyəti olan məsələlər diqqətlə və hərtərəfli müzakirə edilir. Odur ki, bütün vasitələrlə bu qəzetə yardım etmək mədəni müsəlmanların üzərinə düşür. Əgər bu qəzet də işin əvvəlində öz fəaliyyətini dayandırmağa məcbur olsa və qol-budaq atmadan solub məhv olsa, onda çətin ki, bundan sonra bir kimsə Azərbaycan dilində qəzet nəşr etməyə cəsarət edə….

Simaları hələ tam müəyyənləşməmiş gənc Azərbaycan jurnalları — "Dəbistan", "Rəhbər" və "Füyuzat" haqqında rəyi xüsusi məqaləmizdə verəcәyik.