Azərbaycan ədəbiyyatı (F.Köçərli, II cild)/Fatimə xanım "Kəminə"

Vikimənbə saytından
Dərbənd şairləri Azərbaycan ədəbiyyatı. II cild. Fatimə xanım "Kəminə"
Müəllif: Firudin bəy Köçərli
Həsən bəy Rzaqulu bəy oğlu "Həsən Qara" və "Hadi"


Qarabağın üçüncü şaireyi-möhtərəməsi ismətməab Fatimə xanım "Kəminə" təxəllüsdür ki, səbiyyeyi-Mirzə Bəybaba vələdi-Əliyar bəydir[1].

[1] Mirzə Bəybaba Əliyar bəy oğlu Fəna (1787–1867)--XIX əsr Azərbaycan şairi.

Mirzə Fatimə xanım təvəllüd edibdir Şuşa qalasında 1257-ci[2] tarixdə. Təlim və tərbiyəsi dəxi Şuşa qalasında olubdur.

[2] 1841.

Mirzə Bəybaba Fənanın övladı xilqətdən sahibi-fəhmü kiyasət və əhli-zövqü fərasət olduğu cəhətə, Fatimə xanım dəxi əyyami-tüfuliyyətdən öz fitri kamalati-zehnü fərasətilə çoxlarını heyrətə gətirərdi və müasirləri içində özünə artıq şöhrət və hörmət kəsb etmişdi.

Mirzə Fatimə xanım türk və fars dilində yaxşı savad əxz edib, hər iki lisanda gözəl şerlər yazırdı. Təxminən dörd-beş yüz əfradi-şerü qəzəlləri vardır. Onlardan bəzisini təyəmmünən [buraya] daxil qıldıq.

Qəzəli-farsiyi-Kəminə:

Dər rəhe-eşqe-to, ey dust, çenan naşadəm,
Çon qobare-rəhe-to dade fələk bər badəm.

Morğe-bibalo pəri budəmo dər qeyde-qəza,
Dam qostərdo gerefto behiyəl səyyadəm.

Ahuyi budəmo rəm kərde bekuhe-ommid,
Heyrət arəm bekəmənde-to ke, çon oftadəm.

Ze ahe-sərde-dele-pordərd nətərsi səhləst,
Zatəşe qəhre-xoda tərso bekon azadəm.

Təlxkaməm bekonəd şure-to çon Şirini,
Kuhe-səbri bemoje bər konəm əz Fərhadəm.

Dər həme omr ço pərgar beğəm gərdidəm,
Vəh-vəh əz gərdeşe-çərxe-fələk estadəm.

Çon Kəmine nəkonəd ğeyre-to bər kəs elhaq,
Ey xoda, dəste-məra kir, ze pa oftadəm[3].

[3] Tərcüməsi:
Ey dost, sənin eşqin yolunda elə naşadam ki,
Fələk məni sənin yolunun tozu kimi yelə verdi.
Qəzanın qəfəsi içində qolsuz-qanadsız quş idim,
Ovçu tələ qurub məni hiylə ilə tutdu.
Bir ceyran idim, məni ümid dağında ram etdin,
Heyrət edirəm ki, mən sənin kəməndinə necə düşdüm.
Əgər mənim dərdli ürəyimin soyuq ahından qorxmursansa,
Allah qəzəbinin atəşindən qorxub məni azad elə.
Sənin şurun mənim ovqatımı təlx etmişdir, çünki sən

Şirinsən,
Fərhaddan fərqli olaraq mən səbr dağını kipriyimlə qazaram.
Pərgar kimi ömrüm boyu qəmlə dolandım,
Ey ustadım, aman bu çərxi-fələyin gərdişindən.
Kəminə səndən başqasına yalvarmadığından,
Ey allah, əlimdən tut, əldən-ayaqdan düşmüşəm.

Qəzəli-türki:

Düşər könlüm, əzizim, qanə sənsiz,
Gəlir şamü səhər əfğanə sənsiz.

Səninlə duzəxin narına yannam,
Behiştdə baxmazam qılmanə sənsiz.

Edən abad memari-vüsalın
Olubdur hicrdə viranə sənsiz.

Müsəddər bəzmi-vəslində olan dil
Neçün hicran çölündə yanə sənsiz?!

Gülüstani-vüsalə həsrət oldum,
Dönüb aləm mənə zindanə sənsiz.

Ənis olmuşdu dil ol şəmi-qəddə,
Yanar, billah, necə pərvanə sənsiz.

Nə sənsiz qəm əyağına əl urram,
Nə də nuş eylərəm peymanə sənsiz.

Olur bərhəm, pərişan qanə dönmüş,
Könül zülfə çəkəndə şanə sənsiz.

Dilimdə zikrsən, könlümdə fikrim,
İki aləm dəxi əfsanə sənsiz.

Kəminə, ey hərifi-bimürüvvət,
Ola, qorxum budur, divanə sənsiz.

  • * * * *


Cövri-rəqib, sərzənişi-əhli-ruzigar
Qoymaz qılam bu dərdi-dili yarə aşikar.

İşrətsərayi-könlümü, ey yari-tündxu,
Hər dəm cəfavü qəhr ilə gəl etmə tarmar.

Hicrində dürri-əşk, vüsalında nəqdi-can
Bilməm, hüzurü qeybətdə eylərəm nisar.

Gülşəndə gör nə şur ilə bülbül fəğan edir,
Guya ki, şax üzrə gülə həmdəm oldu xar.

Dil intizari-vəsldə pamali-fikr olub,
Tən atəşi-fərağdə çün muy biqərar.

Gər feyzi-cami-eşqi-həqiqətdə məstsən,
Əhsənt xoş məqamdəsən, olma huşyar.

Dövran ki, saqiyi-qəmə olmuş həvalə, gör,
Bu dövrdə Kəminə kimi kimdi kamgar.

  • * * * *

Ey dil, rəva deyil ki, mən əğyarə yalvarım,
Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.

Murü mələxü möminü asidi mütməin,
Lütfi-xuday qadiri-qəffarə yalvarım.

Rumü firəng, özbəkü hində nə ehtiyac,
Qeyr əz xuda gedim necə tatarə yalvarım.

Hər vəqt təngə düşsən, əlindən tutar Əli,
Müşkülgüşadı, Heydəri-Kərrarə yalvarım.

Hər dəm qılır cəfa mənə çün tən ilə rəqib,
Şahi-qəyurü qolsuz ələmdarə yalvarım.

Kani-vəfavü qeyrəti-Abbasi-namvər
Görməz rəva xəbisü xətakarə yalvarım.

Mənsur tək çəkibdi məni darə zülfi-yar,
Yad eyləyim "ənəlhəqini" darə yalvarım.

Bülbül sifət nəvayə gətirdin Kəminəni,
Sevdayi-gül başımda, necə xarə yalvarım?!

  • * * * *

Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,
Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.

Əgərçi guşeyi-qəmdə şikəstəxatirəm, lakin
Səri-kuyində dövr edən xəyali-biqərarımdır.

Kəməndi-eşqinə bağlı gedib könlüm, inanmazsan,
Yoluna göz dikən şahid dü çeşmi-əşkbarımdır.

Şikənci-zülfdən könlüm mütəvvəl arizu eylər
Səri-zülfün kimi bərhəm pərişan ruzigarımdır.

Sənin əğyar ilə könlün əgərçi şadü xurrəmdir,
Həmişə naləvü əfğan mənim də şüğlü karımdır.

Sənin gər var isə bu qaməti-mövzun, ruxi-gülgun,
Mənim də dövlətü cahım bu eşqi-paydarımdır.

Kəminə bivəfa görsə səni, vallahı incinməz,
Səni məndən iraq edən bu bəxti-kəcmədarımdır.

Mirzə Fatimə xanımın qəzəlləri biri-birindən gözəldir. Cümləsini buraya daxil etmək olmaz. Fatimə xanımın Mirzə Rəhim Fəna cənablarına ki, onun seyyidüş-şühəda İmam Hüseyn həzrətlərinə təkyə saxlamağı barəsində həcv təriqi ilə yazdığı şerə verdiyi cavab dəxi şayani-diqqət şerlər isə də, burada çap olunması münasib görülmədi. Amma Gəncə sakini "Fani" təxəllüs şair Kəminə kəlamını Fəna kəlamına üç beyt ilə belə tərcih veribdir:

Yazmış Kəminə şeri-Fənayə əcəb cavab,
Verməz cavab şer ilə bu növ hiç kəs.

Düşdü nəzər kəmali-Fənavü Kəminəyə,
Tərcihi-əql qoydu bu əşarə pişü pəs.

Şeri-Kəminə çün əsəli-şəhdi-xoşgüvar,
Durmuş Fəna kəlamı müqabildə çün məgəs.

Və Axund Molla Hüseyn Qazaxi "Sabit" təxəllüs ki, "Ağbaş" ləqəbi ilə məşhurdur, Kəminənin kəlamını Fənanın əşarına tərcih tutub, belə yazıbdır:

Söz yox Kəminə sözləri novqönçə bikrdir,
Öz gülbüni-vüsalına yox gərçi dəstrəs.

Hər sətri rast sərvə vurar tənə dur ki, dur,
Hər ləhnü hənəgi kəbki edər süxrə kəs ki, kəs.

Eyhami-rəmzi hüqqeyi-pünhanı tək nihan,
Çatmaz ona təsəvvüri-idraki-hiç kəs.

Şeri-Kəminə ləhceyi-Məryəmcə ruhə zad,
Şeri-Fəna məaniyə atdan gələn nəfəs.

Şeri-Kəminə Rəxşi-səbükseyri-mərifət,
Hər bir qədəmdə şeri-Fənadən salıbdı təs.

Şeri-Kəminə xatiri-əhbab tək əziz,
Şeri-Fəna vəsavəsi-şeytan kimi nəhəs.

Sabit, Fəna iş əhlidi, məğrur edər səni,
Qövğa günündə məst olu "köhlən" ləqəb fərəs.

Burada, bizim zənnimizə görə, hər iki şair Kəminənin kəlamını Fəna əşarına tərcih tutmaqda və Fənanı bir növ təhqir və xəcil etməkdə mübaliğə ediblər, zira Mirzə Rəhim Fəna cənabları ziyadə müəddəb və sahibi-mərifət bir vücud olduğundan bir kəsin qəlbinə toxunmaz. Onun Kəminəyə tutduğu bir para iradlar haqq deyilsə də, elə bir böyük xəta da deyil ki, şairə ondan artıq töhmət gəlsin. Şair ancaq zərifanə şairənin gözəlliyini, əhli-hal və sahibi-dil olmasını və batindən ona meylü rəğbət bağlamasını izhar edibdir. Qareini-giramı şəkkdən çıxarmaq üçün Fənanın inşa etdiyi kəlamın axır beytlərindən bir neçəsini burada zikr etməyi lazım gördük:

Huriyü şəni-Şişə olub cəm bəzminə,
Guya pəridi, Şişə ara yoxdu bir nəfəs.

Şəkkər ləbin nabat, vəcahətdə çox əziz,
Olmaz cahanda hüsnünə manənd hiç kəs.

Müddətdi könlümün sənə gizlin nikahı var,
Daim xəyal onunla edər nalə çün cərəs.

Dərd əhlisən, çifaydə həmdərdin olmadı,
Bidərdlər olurmu sənin ilə həmnəfəs?

Sahibdil olmağın var imiş cana möhnəti,
Sahibdil oldu gərçi Fəna, yoxdu dadrəs.

Fatimə xanım həqiqətdə çox gözəl və zərif bir can idi və zahiri gözəlliyinə müvafiq batini və mənəvi tərəfdən dəxi əxlaqi-həsənə sahibəsi olub, ziyadə xoşxülq, mülayimə və xoşrəftar bir nadireyi-zəmanə idi ki, onun vəfatı cümlə şüəravü ürəfayi-Qarabağa böyük bir yas oldu.

Fatimə xanım vəfat edibdir Şuşa qalasında 1316-cı[4] tarixdə, payız mövsümünün ibtidasında ki, tarixi-məsihiyyənin 1898-ci ilinə və sentyabrın əvvəlinə müvafiqdir.

[4]1318.