Məzmuna keç

Bölüşər sevinc-kədərin insan

Vikimənbə saytından
Bölüşər sevinc-kədərin insan! (1994)
Müəllif: RAUF CAVAD

Bölüşər sevinc-kədərin insan!
Anlar öz qismət-qədərin insan!

Yer üzü yaranıb altı günə,
Sonra açıb göz səhərin insan.

Bəzəyib yer aləmin Yaradan,
Qansa görər hər təhərin insan.

Gülür güllər sevənin üzünə,
Gərək tanıya Dilbərin insan!

Bürünüb sirlər ağ-qara rəngə,
Açar sirrin yer-göylərin insan.

Hər şey nizam üslübda qurulub,
Düşünər kim?! Müdrik dərin insan!

Pozulmaz, yozulmaz ki, düz qanun,
Həqqin gözüdür bəşərin insan.

Paylaşar hər bir kəslə nemətin,
Şəfqət Əlidir məhşərin insan!

Aləmin Sahibi nəzər eylər,
Gəl diqqət elə nəzərin, insan!

Rauf görər, yaxşı pisi seçər,
O gün görər əməllərin insan!