Bükülmüş (Aşıq Valeh)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bükülmüş Müəllif: Aşıq Valeh |
Mənbə: "Aşıq Valeh (1729 - 1822)" (az.). shahbulaq.az. 11.02.2013. İstifadə tarixi: 2015-04-22. |
Bu yer gözəlinə nabələd oldum,
Söz dedim, qurumuş dilə bükülmüş.
Xətayını görcək eylədim xəta,
Dürrü-gövhər bir məndilə bükülmüş.
Səhər ikən mehman olduq bunlara,
Geyinib batıblar yaşıl, allara,
Qızıl bazubəndlər şümşad qollara,
Gümüş kəmər incə belə bükülmüş.
Qurban olum ala gözün məstinə,
Süzgün baxıb, girmə canım qəsdinə,
Əlim qoyum tər sinənin üstünə,
Darçına, mixəyə, hilə bükülmüş.
Nabələdəm ulusuna, soyuna,
Mina gərdəninə, uca boyuna,
Divanə Valehi sən al qoynuna,
Elə bil ki, bülbül gülə bükülmüş.