Bülbül (Molla Cümə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bülbül
Müəllif: Molla Cümə

Gedibdir zimistan, gəlibdir bahar,
Yatırsan bixəbər, gəlsənə, bülbül.
Necə dost dostundan olubdur kənar,
Qorxuram meyl etməz gül sənə, bülbül.

Bircə oxu görüm necə səsin var,
Qızılgül üstünə xoş həvəsin var,
Nə peşman durursan, yoxsa yasın var,
Məşəqqətmi gəlib il sənə, bülbül?

Adım Molla Cümə, Salahzadəyəm,
Üzüqara bəndə, kəmtər gədayəm,
Mən özüm də sən tək yardan cidayəm
Dərdimə dərd qoşma, gülsənə, bülbül.