Bəşirin Molla Rəhimi vurması
| Bəşirin Molla Rəhimi vurması Müəllif: Aşıq Ələsgər |
| Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Mənim əzizlərim, sizə haradan xəbər verim, Göyçənin Ağkilsə kəndindən.
Ağkilsə kəndində kimdən, Aşıq Ələsgərdən.
Aşıq Ələsgərin ana tərəfdən qohumları çox idi. Onun anası Göyçənin Zərzibil
kəndindən idi. Adı da Pərizad idi. Onlar doqquz bacı olublar. Indinin özündə də
Göyçədən başqa, Gəncə, Qarabağ, İrəvan tərəflərdə bu bacıların törəmələrinə çox
rast gələrsən.
Aşıq Ələsgərin Ağkilsədəki xalasının Rəhim adlı çox yaraşıqlı, qanacaqlımərifətli
bir oğlu varıydı. O vaxt uşağı oxutmaq çətin idi.
Atası gördü ki, Rəhim çox sərrast uşaqdı, varına-yoxuna baxmadı, onu
mollaxanaya qoydu. Uşaq vaxtından tez Quranı çıxdı. Bir kitab qoymadı; əlinə
keçənlərin hamısını oxudu. İrandan gəlmiş mollaların, müctəhidlərin yanında bir
neçə il də oxudu, bir molla kimi xalq içində ad qazandı. Qazı ona ölü götürməyə,
kəbin kəsməyə icazə verdi. İndi ona "Rəhim yox, Molla Rəhim" deyirdilər.
Molla Rəhim xasiyyətcə bir qədər tünd idi. Heç sözgötürən deyildi.
Bir deyənə beş cavab qaytarmasaydı, ürəyi soyumazdı.
Molla Rəhim bir gün kənddə birisi ilə sözə gəldi, vuruşdular. Molla Rəhim onu
öldürdü.
Qohumlar Molla Rəhimin xətrini çox istəyirdi. Nə qədər çalışdılar, Molla
Rəhimin işi yüngül keçmədi. Ölüm işi olduğuna görə, ona 25 illik Sibir sürgünü
kəsdilər. Molla Rəhim qolubağlı getdi.
O vaxtı Sibirə göndərilənlərdən tək-tək adam qayıdırdı. Kimə ki Sibir kəsib
apardılar, elə bil ki, bir daş bir quyuya düşdü. Çoxunun səsi-bəsi kəsilərdi. Sibirdən
qayıdanlar yüzdə bir adamdan xəbər gətirərdilər ki, filankəsi gördüm…
Qohumlar, istəyənlər 4–5 il gözlədilər, onu gördüm deyən olmadı…
25 il tamam oldu, vaxtdan iki il də keçdi, Molla Rəhim gəlmədi.
Qohum-qardaş onun tələf olduğunu yəqin elədilər və ümidlərini tamam
üzdülər.
Molla Rəhimdən söz düşəndə çoxları onun öldüyünü güman eləsə də, Aşıq
Ələsgər deyirdi: "Molla Rəhim sağdı. Onun polad kimi sağlam bədəni var; Sibirin
əzab-əziyyətlərinə davam gətirər. Atalar deyib: öydə birim ölüncə, çöldə beşim
olsun. Öldü xəbəri çıxanlardan çoxu gəlib. Allaha pənah!"
Molla Rəhim tutulandan sonra evdə onun qoyduğu çox şeyləri yerindən
tərpətmişdilər. O, içində qara neft olan bir şüşə qabı iplə evin dirəyindən asmışdı.
Gündə onu neçə dəfə görsəydilər, Molla Rəhimi yada salıb kökslərini ötürərdilər…
Molla Rəhimin getdiyi 28-ci ilə ayaq qoymuşdu. Bir cün evdə nahar elədikləri
zaman bir şıqqıltı onları səksəndirdi. Gördülər ki, dirəkdən asılmış şüşənin ipi
çürüdüyü üçün düşüb qırılıb. Bunu hərə bir cür yozdu: kimi dedi, Molla Rəhim
indiyə qədər sağıydısa da, indi öldü; kimi dedi: Molla Rəhim azad oldu, şüşənin
qırılmağı tilsimin sınmağıdı…
Çoxları şüşənin qırılmağını xeyirliyə yozdu.
Bir müddət keçdi, şüşə söz-söhbəti də kəsildi.
Mənim əzizlərim, bunlar burda qalmaqda olsun, indi sizə Molla Rəhimdən
deyim. Molla Rəhim tutulandan sonra çox müsibətlər gördü. Onu həftələrlə, aylarla
piyada apardılar. Yoruldu, əldən düşdü, ayaqları qabar oldu. Xülasə, uzun
müddətdən sonra Sibirə çatdı. Burda dustaqlara çox ağır işlər gördürürdülər.
Ayazda çoxlarının əl-ayağını soyuq apardı. Neçələri tab gətirmədi, xəstələndi,
öldü. Molla Rəhim bu əzab-əziyyətə dözdü. İki il keçəndən sonra orada evləndi,
vəziyyəti yaxşılaşdı.
Göyçə, qohum-qardaşları Molla Rəhimin heç yadından çıxmırdı. O elə bir
yerdəydi ki, orada poçt-filan yox idi. Molla Rəhim illəri sanayırdı. 25 il düzələndə
onun azadlıq kağızını verdilər. Molla Rəhim gəlmək fikrinə düşəndə, oradakı
qohumları onu buraxmaq istəmədilər.
Elə oldu ki, arvadı xəstələndi, vəfat elədi. Bundan sonra qayınatası, qayınanası
onu qalmağa məcbur eləmədilər. Molla Rəhimin Mikayıl adlı 25 yaşında bir oğlu
da var idi. Molla Rəhim oğlunu da götürdü, uzun müddət yol gəldi, nəhayət, gəlib
Göyçəyə yetişdi.
Bir gün camaat gördü ki, Zod yolu ilə bir atlı elə gəlir, elə gəlir ki, toz dumana
qarışıb. Atlı o gəlişə Aşıq Ələsgərin qapısına yetişdi. Aşıq Ələsgəri görən kimi
dedi:
– Aşıq Ələsgər, muştuluğumu ver, Molla Rəhim gəldi!
Sevindiyindən Aşıq Ələsgərin ağlı az qaldı, başından çıxa. Bilmədi ki, nə
eləsin. Muştuluqçudan soruşdu:
– Hardadı?
– Qəfərgildədi.
Qəfər Aşıq Ələsgərlə, Molla Rəhimlə doğmaca xaloğlu idi. O, Yarpızlıqda
olurdu. Muştuluğa gələn də o kənddən idi. Üst-başından bilmirdi ki, kasıbdı. Qəfər
özü onu göndərmişdi ki, yoxsulluğun daşın atsın.
Camaat, qohum-qonşu muştuluqçu gəldiyini eşitdi, Aşıq Ələsgərin evinə
toplaşdı. Kimin qolundan nə qopurdusa, muştuluqçuya xələt verdi. Aşıq Ələsgər
sandığın ağzını açdı, əli az tutar az, çox tutar çox, qızıl verdi.
Aşıq Ələsgər, onun qohumları, kəndin bir çox adamları atlarını mindilər,
muştuluqçu ilə birlikdə Yarpızlıya – Molla Rəhimin qabağına getdilər.
Qəfər qurban kəsib, yaxşı bir qonaqlıq təşkil eləmişdi. Yemək-içməkdən sonra
Molla Rəhimi də gətirib Ağkilsəyə gəldilər.
Molla Rəhimin yanında sarıyağız, pəhləvan kimi bir cavan oğlan var idi. Bu,
onun oğlu Mikayıl idi.
Kəndə çatan kimi qurban kəsdilər. Camaat Molla Rəhimin görüşünə gəldi.
Gecənin bir vaxtına qədər yedilər, içdilər, çaldılar, oxudular, danışdılar,
gülüşdülər…
Camaat durub evlərinə gedəndən sonra Molla Rəhim burada qalan cavanları
tanımağa çalışdı. Bəzilərini tanıdı, bəzilərini tanımadı. Onun gördüyü uşaqlar bu
28 ildə böyüyüb, doğrudan da, tanınmaz olmuşdular.
O gedəndən sonra neçələri dünyaya gəlmişdi. Tanımadıqlarını birbir soruşurdu
ki, bu kimdi? Sıra Bəşirə çatanda, Aşıq Ələsgər dedi:
– Bəşirdi – böyük oğlumdu.
Molla Rəhim Bəşirin üzünə diqqətlə baxdı, "Həə" dedi. Aşıq Ələsgər başa
düşdü ki, bu "həə"də bir şey var. Amma işin üstünü vurmadı.
Molla Rəhim tanımadığı o biri cavanların da kimliyini öyrəndi.
Gecə yatdılar. Sabah hamınızın üzünə xeyirliklə açılsın, sabah açılanda
cavanların hərəsi bir işin dalınca getdi. Aşıq Ələsgər, Molla Rəhim, Məşədi Sallah,
Xəlil gəlmişdən-getmişdən söhbət eləyirdilər. Amma axşamdan bəri Aşıq Ələsgəri
bir fikir narahat eləyirdi. Daha səbir edə bilmədi, üzünü Molla Rəhimə tutub dedi:
– Xaloğlu, dünən Bəşirə baxanda niyə "hə" elədin?
– Aşıq Ələsgər, nə bilim, elədim da.
Aşıq Ələsgər gördü ki, Molla Rəhim sözlü adama oxşayır, əl çəkmədi:
– Xaloğlu, sənin bizdən gizlin nə sirrin ola bilər?!
Molla Rəhim dedi:
– Aşıq Ələsgər, mənim sizdən gizli heç bir sirrim, heç bir sözüm ola bilməz.
Burada elə bir deyiləsi söz də yoxdur.
Gördülər ki, Molla Rəhim dilini sürüyür. Qəlbindəkini demək istəmir. Aşıq
Ələsgər dedi:
– Xaloğlu, əgər deyiləsi söz deyilsə, demə.
Bundan sonra heç kəs dillənmədi; hamı fikirləşdi ki, görəsən, nə sözdür ki,
Molla Rəhim demək istəmir?
Molla Rəhim gördü ki, hamı narahatdı, deməsə olmayacaq; gülümsünüb
dilləndi:
– Aşıq Ələsgər, mən Sibirə getdiyim vaxtdan iyirmi il keçmişdi.
Oraya bir baxıcı gəldi. Dedilər ki, hər şeyi bilir. Mən də taleyimə baxdırdım.
Fikrində tutdum ki, öz yerimə salamat gedib çıxacağammı? baxıcı dedi:
qorxma, sən burada nə qədər çətinliyə düşsən də, ölüm yoxdu. Öz torpağına sağsalamat
gedəcəksən. Sənin əcəlin öz qohumlarından ya Həşim, ya da Bəşir adlı bir
oğlanın əlindədi. Dünən sən Bəşiri mana tanıdanda, həmin baxıcının sözü yadıma
düşdü. Düzü ki, ona görə "hə" elədim.
Hərə bir yandan Molla Rəhimi yasaladılar ki, heç elə bir şey ola bilməz. Baxıcı
yalançının biri imiş, ağlına gələni danışmış…
Bu söz elə burada da qaldı; nə Bəşirin, nə də başqalarının qulağına çatmadı.
Amma baxıcının belə deməsi, Bəşirin də dəlisovluğu Aşıq Ələsgəri fikrə salmışdı.
Hər dəfə Bəşir tüfəngi əlinə alanda deyirdi:
– Oğul, qadan alım, ehtiyatlı ol. Tüfəng əlində açılıb adama dəyər!
Bəşir də belə cavab qaytarırdı:
– Mən uşağam ki, əlimdə açılıb adama dəyə?!
Bir müddət keçdi.
Novruz bayramına iki gün varıydı. Hamı hazırlıq görürdü. Küsülülər barışırdı,
ürəyi istəyənlər bir-birini qonaq çağırırdı, gecələr tonqal yandırırdılar, gündüzlər
kəndin cavanları yumurta döyüşdürürdülər, nişana qoyub, güllə atırdılar… Bir
şadlıq varıydı ki, gəl görəsən.
Aşıq Ələsgərin dayısı Kalvayı Bayram Aşıq Ələsgəri, Məşədi Salahı, Xəlili,
Məhəmmədi, bir də Molla Rəhimlə oğlu Mikayılı Zərzibil kəndinə qonaq
çağırmışdı. Sabah tezdən Kalvayı Bayram özü gəldi, çay-çörəkdən sonra bu
adamları da götürdü, Zərzibilə yola düşdülər.
Zərzibilnən Ağkilsənin arası iki kilometr ancaq olar. Bu adamlar birbirinin
dalınca qarın üstündəki cığıra cərgələnib, piyada gedirdilər.
Ağkilsə kəndində tüfəngi olanlar o günü nişana qoyub güllə atdılar.
Bəşir təzə bir şişlikli berdanqa tüfəng almışdı. Nə qədər güllə atan var idisə
Bəşirdən yaxşı vuran olmurdu.
Mərdimazarın biri dedi ki, görəsən, bu tüfəngin gülləsi Zərzibilə çatarmı?
Burdakıların bəzisi dedi, çatar, bəzisi dedi, çatmaz. Bir qonaqlıqdan mərc gəldilər.
Aşıq Ələsgərgil az qalmışdılar ki, Zərzibilə çatalar. Dedilər ki, o gedən
adamların başının üstündən bir güllə atın, əgər güllə Zərzibilə addasa, o adamlar
vıyıltısını eşidəcəklər. Onlar Zərzibildən qayıdanda xəbər alarıq.
Bəşir ağılsız-ağılsız tüfəngi çevirdi adamlara tərəf. Bir qədər hündür, bir qədər
də yana tutdu. Istədi ki, tətiyi çəkə, yeznəsi Abdulla (Bəstinin əri) "əyə, atma," –
deyib, qolundan dartdı. Bəşirin tətiyi çəkməyi ilə Abdullanın onun qolundan
tutmağı bir oldu. Güllə atıldı.
Bəşirin Abdullaya bərk acığı tutdu ki, niyə qoluma dəydin!
Gördülər ki, Zərzibilə gedən adamlar toplaşdılar. Bəşir özünü döydü ki, yəqin
güllə Dədəmə dəydi.
Bəşirgil buradan o adamlara tərəf yüyürdülər. Zərzibilə gedən adamlardan da
biri ayrıldı, Ağkilsəyə tərəf yüyürdü. Yolun yarısında qabaqlaşdılar. Gördülər ki,
Xəlildi.
Bəşir soruşdu:
– Güllə Dədəmə dəydi?
– Yox, Molla Rəhimə dəydi.
Bəşir bu fikrə düşmüşdü ki, əgər güllə Aşıq Ələsgərə dəyibsə, özünü öldürsün.
Bəşir oradan qayıtdı, qalan adamlar Molla Rəhimin harayına getdilər.
Bəşir atını mindi, tüfəngini də çiyninə saldı, aradan çıxdı.
Molla Rəhimi Ağkilsəyə qaytardılar. Aşıq Ələsgər Hacı Nağını gətirməyə adam
göndərdi.
Hacı Nağı Göyçənin Qanna kəndindən idi. Çox bilən həkim idi. Ortasından
güllə keçmiş olan çox yaralıları sağaltmışdı.
Hacı Nağı gəldi, Molla Rəhimə baxdı, başını buladı. Hansı xəstə sağalası
olmasa, hacı Nağı ona baxanda, başını bulayardı. Aşıq Ələsgərin ümidi üzüldü.
Amma yenə həkimə yalvardı:
– Hacı, qadan alım, gör neyləyirsən!
Hacı Nağı astadan Aşıq Ələsgərin qulağına dedi:
– Aşıq Ələsgər, sağalası deyil; güllə haram iliyi qırıb.
Hacı Nağı çox qalmadı. O gedəndən sonra hamı Molla Rəhimdən əlini
üzmüşdü. Molla Rəhim özü də öləcəyini başa düşmüşdü. Tez-tez huşunu itirirdi.
Üzünü qardaşı İsmayıla və oğlu Mikayıla tutub dedi:
– Qiyamətin günü yanıma üzü qara gələsiniz, əgər mənim qanımı Bəşirlə dava
eləsəniz! Mən qanımı Bəşirə hala eləyirəm. Bəşiri tapın gətirin; gözümün
qabağında barışın!
Dedilər ki, Bəşir hökumətin qorxusundan atını minib, Kəlbəcər tərəfə aşıb.
Molla Rəhim dedi:
– Aşıq Ələsgərin əlindən öpün, onunla barışın!
İsmayıl da, Mikayıl da Aşıq Ələsgərin əlindən öpdü.
Aşıq Ələsgər özünü saxlaya bilmədi; bir gözü oldu, min yaşı, hönkür- hönkür
ağladı. Buradakı adamların hamısı ağlaşıb, bir-birinə qarışdı.
Molla Rəhimi də ağlamaq tutdu, dedi:
– Xaloğlu, elə bilmə ki, mən ölümümdən ötrü ağlayıram; sənin ağlamağın məni
ağlatdı. Kaş mən ölüb, Sibirdə qalaydım, amma sənin belə ağlar gününü görməyə
idim! Bəşirin Molla Rəhimi güllə ilə vurması xəbəri bütün kəndlərə yayıldı.
Hökumət adamları da bunu eşitdi, həmin günün səhərisi Ağkilsəyə gəldilər, silist
aparmağa başladılar.
Üzdə özünü dost kimi göstərən, amma əslində Bəşiri istəməyənlərdən bir neçəsi
şahid keçdi ki, gülləni Bəşir atdı, özü də qəsdən atdı. Əgər Bəşir atmayıbsa, niyə
qaçıbdır?! Odur ki, o biri şahidlər Bəşiri nə qədər müdafiə edib, "Bəşirin günahı
yoxdur; Molla Rəhimə naməlum bir adamın atdığı yaylım gülləsi dəyib," – desələr
də, polisləri inandıra bilmədilər. Bəşirin günahkar olması təsdiqləndi. Amma onu
da deyim ki, polis işçilərindən Aşıq Ələsgərə xəlvətcə deyəni də oldu ki, əgər bu
adamlar sözlərini dəyişsələr, Bəşirin işi yüngül keçər, bəlkə də, təqsirkar
sayılmaz…
Bir gün də keçdi. Novruz bayramı Ağkilsə kəndində əvvəlki illərdə olduğu
kimi qarşılanmadı. Qohumların hamısı qəm-qüssə içində idi. Molla Rəhimin
vəziyyəti çox ağırlaşmışdı. Tez-tez huşunu itirirdi.
Birdən özünü doğruldub, yastığa dirsəklənmişdi, üzünü Aşıq Ələsgərə tutdu:
– Xaloğlu, sənin sazın-sözün dünyaya səs saldı. Amma mənim bəxtim qoymadı
ki, sənin çalıb-oxumağına doyunca qulaq asam. Fikrimdən keçirdi ki, bu günlərdə
bir söhbət eləyərsən. İndi də belə.
Molla Rəhim belə deyəndə onun yanına yığılanların hamısı ağlaşdı.
Aşıq Ələsgər gözünün yaşını sildi, son nəfəsində saz-söz isətyən xalası oğluna
və onun ətrafına toplaşıb ağlaşanlara dərdini sazsız dedi:
Ələstü bürəbbüm, qalu bəladan
Mərdin mövlasına nökər olmuşam.
Sürtmüşəm üzümü xaki-payına,
Elm tapıb, sinədəftər olmuşam.
On bir aydı, mənim üzüm gülmədi,
Qəza dəhri məndən heç üzülmədi,
Yaxşı dostlar yaman gündə gəlmədi,
Dost sarıdan çox mükəddər olmuşam.
Vaxt yatanda, qohum-qardaş yad olu,
Məğrurluq eylərəm namurad olu.
Bayram günü islam olan şad olu,
Mən qəmgin olmaqla kafər olmuşam.
Ələsgərəm, düşdü qəza qəhrinə,
Fələk top bağladı ömrüm şəhrinə,
Eynim yaşı dönüb Ceyhun nəhrinə,
Ağlamaqdan zarü müztər olmuşam.
Aşıq Ələsgər "Sızıldatma kərəmi" havası üstündə astadan ağlayaağlaya
oxuyurdu. Hər bənddən sonra ağlaşanların səsi ucalırdı.
Aşıq Ələsgərin əvvəlki xoş günləri, gözəl dövranları, sazlı-sözlü məclisləri…
gözünün qabağına gəlirdi. Gördü ki, yox, bu müsibət yerə-göyə sığışası deyil.
Əvvəlki günlər hara, indiki hara?! Gözünün yaşını sildi, görək bu dərdini
ordakılara necə bildirdi:
Çarx dolandı, baxtım tapdı tənəzzül,
İqbalın şikara döndü, nə döndü!
"Can" deyən dostların, şux gözəllərin
Ovsunalmaz mara döndü, nə döndü!
Fərhad gördü, sevdi Şirin camalın,
Şirin dost əlindən şirin cam alın.
Şirincə dövlətin, şirincə malın
Axırı zəhrimara döndü, nə döndü!
Dad sənin əlindən çarxı-kəsmədar,
Günüm qara keçdi, işim ahu-zar.
Hay verrəm, qıy vurram, eyləmir şikar,
Tərlan baxtım sara döndü, nə döndü!
Molla Rəhim ağır-ağır nəfəs alırdı. Arada bir gözünü açıb, Aşıq Ələsgərin
üzünə baxırdı. Dillənməyə halı yox idi.
Görək, Aşıq Ələsgər sözünə necə davam elədi:
Qəza qədərinə fəhm eylə, bir gül,
Tərəqqidən təvvəllüdü tənəzzül.
Müşriki göndərdi hakimi adil,
Şümr sitəmkara döndü, nə döndü!
Bu dərd qaldı Ələsgərin canında,
Haqq-nahaqq seçilər haqq divanında.
Gövhər zibil oldu nadan yanında,
Dünya mana tara döndü, nə döndü!
Molla Rəhim yenə gözünü açdı. Camaatın ağlaşdığını görəndə, nəfəsi kəsiləkəsilə
dedi:
– Ağlaşmayın! Bü gün bayram günüdür. Mən Sibirdə olanda, gecəgündüz
əllərimi göyə qaldırıb yalvarırdım ki, ey məni yaradan, burada mən öz cəzamı
çəkirəm. Elə et ki, mən öləndə vətənimdə məni torpağa qoysunlar. Allaha çox
şükür eləyirəm ki, mənim diləyimi tutdu. Öz elimin-günümün içində dünyadan
gedirəm. Belə ölüm toy-bayramdı ki, bayram gününə də düşübdür.
Molla Rəhim yenə huşunu itirdi. Bir qədərdən sonra gözünü açıb, üzünü Aşıq
Ələsgərə tutdu:
– Xaloğlu, baxıcının dediyi düz çıxdı. Mənim də alnıma belə yazılıbmış.
Molla Rəhim belə deyəndən sonra gözlərini yumdu, sakitləşdi.
Aşıq Ələsgər onun nəbzini tutdu və "xaloğlu", – deyib hönkürdü.
"Xaloğlu" deməklə xaloğlu hardaydı; gördü ki, canını tapşırıb.
Qohum-qardaş, yığılanların hamısı vay-şivən qopardılar…
Molla camaatı sakitləşdirdi. Quran oxumağa başladı. Oxuyub qurtarandan
sonra üzünü Aşıq Ələsgərə tutub dedi:
– Aşıq Ələsgər, bizə bir məsələ aydın olmadı.
– Hansı məsələ?
– Molla Rəhimin dediyi "baxıcı" məsələsi.
Molla Rəhim gələndə Aşıq Ələsgərgilə söylədiklərini, onun əcəlinin Bəşir adlı
bir oğlanın əlində olduğunu Aşıq Ələsgər də buradakı adamlara söylədi. Hamı
heyrət elədi…
Molla Rəhimi yuyub kəfənlədilər, bayıra çıxarıb, namazına durdular.
Molla Quran oxudu. Cənazəni yerdən qaldırmaq istəyəndə, Aşıq Ələsgər dedi:
– Bir az dayanın. Bu kişi dünyasını dəyişdi, canını qurtardı. İndən belə zülmə
qalan, canı odlara qalanan mənəm. Deyiləsi sözüm var.
Camaat Aşıq Ələsgərə diqqət elədi. Aşıq Ələsgər başladı:
Nagah badi-sərsər əsdi üzümə,
Ömür bostanımın tağı kəsildi.
Öz əlimdən xəta dəydi gözümə,
Bədəndən qolumun sağı kəsildi.
Qəza tutdu, qədər məni budadı,
Ağlatdı dostları, güldürdü yadı,
Zəhrimara döndü ağzımın dadı,
Əlimdə şərbətin ağı kəsildi.
Könlüm yasdan çıxmır, qəlbim qaradan,
Bu dərdi möhnətdən, bu macəradan.
Dövlət getdi, hörmət qalxdı aradan,
Qapımızdan dost ayağı kəsildi.
Aşıq Ələsgər gördü ki, ona hər yandan zülm oldu; Həm nər kimi xalası oğlu
öldü, həm də Bəşir evdən didərgin düşdü. Ya qismət, onu da hökumət tutub başına
nə iş gətirə?! Görək, bu barədə nə dedi:
Müqərrərdi, qaçmaq olmaz ölümdən,
Fələyin qılıncı dəydi belimdən,
Bir tülək tərlanım getdi əlimdən,
Ürəyimin bəndi, bağı kəsildi.
Çox qaçdım qəzadan, olmadı çara,
Bir vurmuşdu, bir də vurdu dübara,
Çinovniklər istədilər qurtara,
Dostlarım özümə yağı kəsildi.
Aşıq Ələsgərin deməli sözü çox idi. Dərdindən nə qədər danışssa, qurtarası
deyildi. Amma gördü ki, cənazəni yerdə çox saxlamaq yaxşı deyil, sözünü belə
tamamladı:
Yazıq Ələsgər, işin müşküldü, müşkül,
Dərdini deməyə yoxdu əhli-dil,
Döy başına, fəğan eylə müttəsil,
Daha deyib-gülmək çağı kəsildi.
Mənim əzizlərim, söz tamama yetişəndən sonra, cənazəni götürdülər. Molla
Rəhimi aparıb haqq evinə qoydular.
Aşıq Ələsgər Bəşiri qurtarmaq üçün xeyli əziyyət çəkdi. İsmayıl da, Mikayıl da
şikayətçi olmadılar. O biri şahidlər sözlərini dəyişdilər.
Bəşir həbs edilmədi.
Allah heç kimin işini çətinliyə salmasın!
Allah hamınızı qəzadan, bədbəxt hadisələrdən uzaq eləsin!