Məzmuna keç

Bəhanədi bu

Vikimənbə saytından
Bəhanədi bu
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Dedim: Dilbər, getmə, bir də danışaq,
Dedi: Sözüm yoxdu, bəhanədi bu!
Dedim: Bir nəzər qıl aşıq halma
Dedi: Əcəb dəli-divanədi bu!

Dedim: Ey vay, halım yaman olubdu,
Dedi: Qəmdən belin kaman olubdu,
Dedim: Vallah, sinəm meydan olubdu,
Dedi: Mən bilmənəm, xəzanədi bu!

Dedim: Qoy gözümə qıvrım tellərin,
Dedi: Lazım deyil, vəhşi güllərin,
Dedim: Sən bizimsən, biz də ellərin,
Dedi: Aldanmaym, biganədi bu!

Dedim: Sənə aşiq olan can budu,
Dedi: Sənin eşqin axar bu sudu,
Dedim: Cavan ömrüm çürüyüb budu,
Dedi: Əbəs sözdü, əfsanədi bu!

Dedim: Qurbaniyəm yarın adma,
Dedi: Elə sənsən düşən yadına,
Dedim: Mən ha yandım eşqin oduna,
Dedi: Şama yanan pərvanədi bu!